Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyevin xanımı Azərbaycana təhvil verilməyəcək –Səbəblər

Cahangir Hacıyevin xanımı Azərbaycana təhvil verilməyəcək –Səbəblər

İlham İsmayıl: “Pulları verən bank ittiham olunmalıdır, Zamirə Hacıyeva yox”

Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin oktyabrın 3-də keçirilən növbəti məhkəmə prosesində onun vəkili Aqil Layıcov sensasion açıqlama verib. Vəkil bildirib ki, C.Hacıyevin Böyük Britaniyada yaşayan həyat yoldaşı Zamirə Hacıyevanın ölkəyə gətirilməsi üçün xüsusi əməliyyat qrupu Londona göndərilib.
A.Layıcovun sözlərindən aydın olub ki, əməliyyat qrupu Zamirə Hacıyevanı Londondan alıb gətirə bilməyib.
Qeyd edək ki, C.Hacıyevin arvadı Beynəlxalq Bankdan 18 milyon manat vəsaitin mənimsənilməsində ittiham olunur. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Nərimanov Rayon Məhkəməsi çıxarıb. Qərara əsasən Z.Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Z.Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb.
Lakin məhkəmənin qərarında şübhəlinin barəsində beynəlxalq axtarış elan olunduğu bildirilsə də, Z.Hacıyevanın adı indiyədək İnterpolun axtarış sisteminə daxil edilməyib.
Z.Hacıyeva barədə bu xəbər meydana çıxandan sonra onun ölkəyə gətirilməsinin mümkün olub-olmayacağı maraq doğurur. İddialar var ki, bankirin həyat yoldaşı Azərbaycanda mənimsədiyi külli-miqdarda pulları çirkli London banklarına yerləşdirib. O, Azərbaycana gətiriləcəyi təqdirdə, həmin pulların taleyinin necə olacağı da müəmmalıdır.
Sabiq MTN polkovniki, politoloq İlham İsmayıl bildirdi ki, Z.Hacıyevanın Azərbaycana gətirilməsi üçün əməliyyat qrupu çoxdan göndərilib: “Azərbaycanla Birləşmiş Krallıq arasında hüquqi yardımlaşma barədə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur. Eyni zamanda, Zamirə Hacıyevaya qarşı irəli sürülmüş ittiham Avropada birmənalı qarşılanmır. Bank bu şəxsə vəsait verib və o da onun əsasında Londondadır. Bankdan pulları necə götürüb, bu, Londonu maraqlandırmır. Böyük Britaniya o şəxsi Azərbaycana verəsi deyil. Londonun Cinayət Məcəlləsində iki şəxs arasında hətta milyonluq, milyardlıq məsələlər cinayət sayılmır. Bir şəxsin aldadılması, dələduzluq etməsi onlar üçün  cinayət deyil. Çox güman ki, əməliyyat qrupu deyilsə də, iki nəfər Azərbaycandan gedib. Ümumiyyətlə, əməliyyat qrupunun buradan getməsi pis qarşılana bilərdi. Çünki o şəxs dövlət canisi deyil, terror hadisəsi törətməyib. Bu sözlərimlə Zamirə Hacıyevaya haqq qazandırmıram. Demək istəyirəm ki, Zamirə Hacıyevanın ittiham edilməsi London üçün hətta gülməli gələ bilər. Nəinki Böyük Britaniya, digər Avropa ölkələrinin də qanunları imkan vermir ki, bu ittihamlar üzrə kimsə ölkədən təhvil verilsin”.
Image result for İlham İsmayıl
 
İ.İsmayıl bankirin arvadının gətirilməsi üçün olan yollardan da danışdı: “Böyük Britaniya digər Avropa ölkələrindən tamam fərqlidir. Bu yaxınlarda belə bir məqalə var idi ki, hətta İslam Kərimovun qızı Gülnarənin müxtəlif qanunsuz yollarla London banklarına köçürdüyü pullar geri qaytarılası deyil. Çünki xüsusi qanunlar var. İndiyə qədər kimsənin əmlakı qaytarılmayıb. Zamirə Hacıyevanın milyardlarla pulları olsa belə, yenə də geri qaytarılası deyil. Bank bu şəxsə pul verib. Onu necə, nə üçün veriblər, artıq bunlar Londonluq deyil. Bank ittiham olunmalıdır, Zamirə Hacıyeva yox. Əgər o şəxs adam öldürsəydi, danışıqlar aparıb, bəlkə də onu geri almaq olardı. Amma bu maddə ilə onun geri qaytarılması heç cür mümkün deyil. Londonu çirkli pulların yuyulmasında ”ana vətən” adlandırmaq da düzgün deyil. Sadəcə özlərinin qanunları var və buna uyğun da hərəkət edilir. Yəni qanunlarında hər hansı bir əmlakın, yaxud pulun geri qaytarılması məsələsi yoxdur. Zamirə Hacıyeva məsələsində onlar deyəcəklər ki, bu problem bizim deyil, sizlərin problemidir. İngiltərəni çiçəkləndirən amillərdən biri də, müsəlman ölkələrindən pulların banklarına köçürülməsi və yatırılan investisiyalardır”.(musavat.com)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın