Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyevin şirkətinin maaşsız işçiləri yenidən ayağa qalxır – Rəsmi açıqlama

Cahangir Hacıyevin şirkətinin maaşsız işçiləri yenidən ayağa qalxır – Rəsmi açıqlama

“Azərinşaatservis” MMC-nin 6 aydır maaşlarını ala bilməyən əməkdaşları yenidən öz haqlarını tələb etmək üçün etiraz aksiyası keçirməyi planlayırlar. 
Musavat.com xəbər verir ki, işçilər bildiriblər ki, şirkətin rəsmiləri tərəfindən bu gün üçün (17 noyabr) onlara  əmək haqlarının verilməsi söz verilib. İşçilərin sözlərinə görə, əgər onlar bu gün də əmək haqqı ala bilməsələr, daha böyük formada aksiya keçirəcəklər.
Onu da qeyd edək ki, “Azərinşaatservis”in əməkdaşları maaşlarını almaq məqsədi ilə bu gün quruma aid Müşfiqabad qəsəbəsində yerləşən obyektdə toplaşıb, oradan isə “Azəryolservis” ASC-nin baş ofisinə yollanıblar. Onlar həmçinin bildirirlər  ki, işlədikləri müddətdə şirkətlə bağladıqları müqavilədə qeyd olunan iş saatından çox çalışıblar. Lakin əlavə saatlar bir yana, heç təyin olunan maaşlarını da ala bilmirlər. Maaşlarını ala bilməyənlərin əksəriyyəti rayon sakinləridir. Məlumata görə, şirkətin təkcə Lənkəran-Masallı layihəsində 250 işçi çalışıb.
Xatırladaq ki, “Azərinşaatservis” MMC maaşlarını ala bilməyən işçiləri bu ilin 29 oktyabr tarixində öncə “Azəryolservis”in sonra isə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplanaraq, öz haqlarını tələb etmişdilər. Nazirlikdən onlara bildirilmişdi ki, problemləri araşdırılacaq və müvafiq addımlar atılacaq.
Məsələ ilə bağlı musavat.com-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də danışıb. O, bildirib ki, təmsil etdiyi qurumun müəyyən layihələrində “Azərinşaatservis” MMC iştirak edib:
“Onların bizdən nə istədikləri anlaşılan deyil. Biz pul ödəyən təşkilat deyilik. Sadəcə olaraq, sifariş verib, layihələri həyata keçiririk. Tender keçirilir və müəyyən şirkətlər var ki, qalib gəldikləri zaman  həmin layihələri həyata keçirirlər. Layihələrə uyğun olaraq bizə sertifikatlar təqdim olunur. Həmin sertifikatları da aidiyyatı üzrə göndəririk. Misal üçün, layihə beynəlxalq maliyyə qurumları üzrə maliyyələşə bilər. Bu zaman biz xarici banklara göndəririk. Həmin bank da nəzərdə tutulan ödənişi şirkətin hesabına keçirir. Onların layihələrində Muğanlı-Yevlax hissəsi var idi. Bu layihədə müəyyən miqdarda ödəniş qalmışdı. Bunun da səbəbi podratçı şirkətin bank zəmanətlərinin bitməsi idi. İşin planına uyğun olaraq, bank zəmanətləri və sertifikatlar xarici banka göndərilməli idi. Zəmanətlər də olmadığı üçün bu ləngimişdi. Bizim rəhbərlik də “Azərinşaat”ın işçilərinin bəzilərini qəbul etdi. Onların öz şirkətlərinin daxili problemi ucbatında maaş verilməsi geciksə də, bizim rəhbərlik işçilərlə görüşüb, humanist addım atıb, bildirdi ki, bizim üzərimizə nə düşürsə köməklik edəcəyik. Bir daha qeyd edirəm ki, maliyyə işinə bizim qurum baxmır. Biz sadəcə olaraq, görülən işləri təsdiq edirik”.
Qeyd edək ki, adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirilir. Elə “Beynəlxalq Bank olayı”ndan sonra “Azərinşaatservis”də vəziyyətin gərginləşdiyi söylənilir. Məlumata görə, qurum üç ay öncə xeyli sayda əməkdaşını işdən çıxarıb.
Xatırladaq ki, “Azərinşaat” MMC respublikada birinci dərəcəli yolların tikintisi ilə məşğuldur.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın