Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyev açıq hədəf göstərdi

Cahangir Hacıyev açıq hədəf göstərdi

Beynəlxalq Bankın keçmiş sədri, hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Cahangir Hacıyevin vəkili Aqil Layıcov maraqlı açıqlamalar verib.

“ Azinforum.az ” azadliq.info-ya istinadən xəbər verir ki, vəkil bildirib ki, bankirə verilən ittihamlar mənimsəmə ilə bağlıdır, bu da kredit borcudur: “Verilən kreditlər layihələr üzrə xərclənib. Əlbəttə ki, Hacıyev ona verilən ittihamları qəbul etmir. Kredit verilibsə, qaytarılmayıbsa, onluq məsələ deyil.

Əslində, qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var. Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda ikən 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. İndi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb”.

Vəkil “kredit qalmaqalı”na görə Maliyyə Nazirliyini ittiham edib: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”.

Əslində Cahangir Hacıyevin bəyanatları məhkəmədə sürpriz açıqlamaların olacağını deməyə əsas verir. Belə olan halda C.Hacıyevin açıqlamasını necə dəyərləndirmək olar?

İqtisadçı Samir Əliyev bildirdi ki, Beynəlxalq Bankın Müşahidə Şurası funksiyasını Maliyyə Nazirliyi həyata keçirir. S.Əliyevin sözlərinə görə, Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

– Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o sıradan bankın İdarə Heyətindən hesabat almaq;

– Bankın qüvvədə olan qanunvericiliyi pozması faktını müəyyən etdikdə, bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və Idarə Heyətini
xəbərdar etmək, Mərkəzi Banka isə bank qanunvericiliyinin tələblərinin pozulması faktları barədə bildiriş göndərmək;

– Bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;

– Bank ilə Idarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək və s.

(Banklar haqqında AR Qanunu, maddə 25).

Hər bir bankın idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurasıdır (maddə 22).

Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir (maddə 22.5.).

Ona görə ekspert hesab edir ki, bu zaman sual yaranır: Bu vaxta qədər Beynəlxalq Bankın Müşahidə Şurası hara baxırdı?

S.Əliyev onu da bildirdi ki, Beynəlxalq Bankın idarə edilməsi ilə bağlı çoxlu problemlər ortada idi. Bankın düzgün idarə edilməməsi nəticəsində 3 milyard zərərin yarandığını deyən S.Əliyev vurğuladı ki, Beynəlxalq Bank kommersiya bankı deyildi və onun vəsaitləri dövlətə məxsus idi: “Cahangir Hacıyevin məsuliyyəti Maliyyə Nazirliyinin daşıdığını bəyan etməsi fikri ilə razı deyiləm. Bu məsələdə hər iki tərəfin məsuliyyəti var idi. Burada məsuliyyət Müşahidə Şurasına rəhbərlik edən Maliyyə Nazirliyinin və banka rəhbərlik edən Idarə Heyətinin üzərinə düşür. Müşahidə Şurasının kifayət qədər səlahiyyətləri var. Müşahidə Şurası vaxtaşırı bankın rəhbərliyindən maliyyə hesabatları tələb etməli idi. Müşahidəşurasının isə sədri maliyyə nazirinin müavini Azər Bayramov idi”.

Beynəlxalq Bankın probleminin iki-üç ay ərzində yığılmadığını deyən S.Əliyev vurğuladı ki, idarəetmə problemi neçə ildir mövcuddur. Deməli, Maliyyə Nazirliyi bu məsələyə vaxtında diqqət yetirməli, eyni zamanda Mərkəzi Bank da Beynəlxalq Bankla bağlı ciddi tədbirlər görməli idi.

Hüquqşünas Müzəffər Baxışovla isə məsələnin hüquqi tərəflərinə aydınlıq gətirdik. M.Baxışov bildirdi ki, BB-nin səhmlərinin böyük hissəsi dövlətə məxsus idi. Dövlətin paylarının idarə olunmasında isə Maliyyə Nazirliyinin iştirak etdiyini deyən M.Baxışov vurğuladı ki, BB ətrafında müəmmalar həddindən artıq çoxdur: “Birinci müəmma ondan ibarətdir ki, Azərbaycan hüquq dövləti olmadığından orada baş verənlərlə bağlı ciddi və dolğun informasiya əldə etmək çox çətindir. Vəkillərin verdikləri və mətbuatda yayılan informasiyadan belə nəticəyə gəlmək olar ki, Beynəlxalq Bankda Cahangir Hacıyev başda olmaqla mütəşəkkil cinayətkar dəstə meydana gəlib. Bu, təkzibolunmaz faktdır. Azərbaycan reallığında milyonlarla krediti heç bir təminat olmadan veriblər. Külli miqdarda kredit alan şəxslərin dairəsi belə deməyə əsas verir ki, bu kreditlər yüksək post tutan məmurların göstərişi ilə verilib. Amma Cahangir Hacıyevin heç bir günahının olmadığı barədə verilən məlumat ictimaiyyəti çaşdırmağa xidmət edir. Cahangir Hacıyev əslində dövlətin maliyyə sisteminə böyük zərbə vurub. Onun razılığı olmadan heç bir kredit götürənlə müqavilə bağlana bilməzdi. Bu bir daha təsdiqləyir ki, burada Samir Şərifovun, Cahangir Hacıyevin və istintaqa məlum olmayan digər şəxslərin bilavasitə məsuliyyəti var”.

Azərbaycan reallığında cinayətkarların hamısının müəyyən edilərək, məsuliyyətə cəlb olunacağına inanmayan M.Baxışov vurğuladı ki, kimlərin cinayət məsuliyyətinə cəlb olunmasına icazə veriləcəksə, onlar barəsində tədbir görüləcək: “Bu gün siyasi hakimiyyət Samir Şərifovun cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verməsə, dövlətin əmlakını dağıtmasından asılı olmayaraq onu məsuliyyətə cəlb etməyəcəklər. Cahangir Hacıyev də öz yaxın adamlarının adına kreditlər götürüb və onları xərcləyib. Deyilənə görə, o, götürdüyü kreditlərin 200 milyonunu artıq qaytarıb. Onun əməlləri ağır cinayətlər kateqoriyasına aiddir və hesab edirəm ki, düzgün olaraq onun barəsində həbs qətimkan tədbiri seçilib”.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın