Ana səhifə / Siyasət / Cahandar Bayoğlu: “Bu açıqlama Azərbaycan Respublikasında kifayət qədər incəliyinə qədər araşdırılmalıdır”

Cahandar Bayoğlu: “Bu açıqlama Azərbaycan Respublikasında kifayət qədər incəliyinə qədər araşdırılmalıdır”

İranın keçmiş xarici işlər naziri, dini liderin müşaviri Əli Əkbər Vilayəti geniş məqalə yayımlayıb. Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb.

Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayəti Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb. “Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb.

Vilayətinin bu məqaləsi Azərbaycanla gərginliyi azaltmaq üçün ortaya atılan hiylə ola bilərmi?

Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran adlanan fars faşizminin, Tehranda oturan axundun, Xamneyinin keçmiş xarici işlər naziri, indiki müşaviri Əli Əkbər Vilayətinin bu məqaləsi olduqca təhlükəlidir və Azərbaycana qarşı ideoloji siyasətin güclənəcəyindən xəbər verir: “ Vilayəti burda bildirir ki, bizim siyasi və ideoloji ortaq keçmişimiz var. Bu ortaq keçmişdə biz bir yerdə olmuşuq. O təsadüfən Şah Xətainin, Səfəviliyin  adlarını hallandırmır. Bizim bir siyasi coğrafiyada olmağımızı hədəfləyir. Bildirir ki, Azərbaycan Respublikası daxil bir arada olmuşuq. Və bizi də birləşdirən dinimiz olub. Din birliyi  vurğusunu təsadüfən seçməyib. Əli Əkbər Vilayəti bu açıqlamasında  Azərbaycan Respublikasının İranla bir arada olmasını hədəflədiyinə işarə edərək bildirmək istəyib ki, biz ideoloji – siyasi cəhətdən bir arada olmağı bacaracağıqsa, bunu hərbi yolla həll etməyə nə gərək var? Birinci şərt gerçəkləşərsə, hərbi siyasətə əl atmaq doğru deyil mesajını vermiş olur. Vilayəti uzun illər Səfəvilikdən əsası qoyulmuş

 “Vilayəti Fəqiq” institutunun gerçəkləşməsini, bütün Səfəvi dövlətində olan ərazilərdə varlığını ortaya qoyaraq, Azərbaycan Respublikasını yeni bir təhdid siyasətinin gerçəkləşəcəyindən xəbər verən açıqlama verib. Vilayəti Xamneyinin dəftərxanasında olan, siyasəti dərindən bilən bir məmurdur. Deyərdim ki, Vilayəti Xamneyinin ən yaxın, onun düşüncələrinin icrasında çox fəal olan dövlət məmuru olaraq, bu gün yeni siyasi mübarizədə olduqlarından xəbər verən bir açıqlama verib. Bu açıqlama Azərbaycan Respublikasında kifayət qədər incəliyinə qədər araşdırılmalıdır. Əli Əkbər Vilayəti  “azərbaycanlı” və “iranlı” sözlərinin eyni olduğunu dilə gətirməklə, bizə qarşı  yeni bir ideoloji dalğanın mövcudluğunu demək istəyir. Bu ideoloji dalğanın içərisində Azərbaycan Respublikası daxilindəki fars-faşist, İranyönlü qüvvələrin fəallaşacağının düyməsi basılacaqdır. İranda olan Azərbaycan türklərindən Azərbaycana qarşı ideoloji siyasətdə fəal istifadə ediləcəkdir. Azərbaycan böyük  İran ideologiyasına qarşı böyük Azərbaycan fəlsəfəsi ilə meydana çıxmalıdır. Vilayəti deyir ki, hər bir azərbaycanlı iranlıdırsa, hər bir iranlı da azərbaycanlıdır. Bu düşüncə bizə yeni bir mübarizədə həm də əsas vermişdi ki, biz  Xamneyi cənablarına öz mübarizəmizlə cavab verərək və  İranın həqiqətən  Azərbaycan olduğunu isbatlayaq. İranda yaşayan bütün türklərin haqq və hüquqları tanınmalıdır. İranda bizi dinimiz islam birləşdirirsə, millətimizin də hüquqları qorunmalıdır. Azərbaycan türklərinin İran adlanan coğrafiyada, tamamilə haqlarını  tanınmaqla, Azərbaycan Respublikası ilə dostluq etmək mümkün olacaq. İran adlanan indiki rejim Azərbaycanla dost olmaq istəyirsə,  hökmən 60 milyona yaxın türkün hüquqlarının qorunması ilə bağlı mövqe qoyulmalıdır. Rəsmi dövlət dili türk dili elan edilməlidir. Azərbaycan türklərinin bütün milli haqlarının qarşısında duran maneələr aradan qaldırılmalıdır. Təhsil dili olaraq türk dili bütün İran coğrafiyasında öyrədilməlidir. Dini birlikdən danişan bu insanlar milli ayrıseçkiliyə son qoymalıdırlar. Belə bir qərar verərlərsə, Azərbaycan Respublikası Xamneyinin siyasi iradəsi ilə yazılmış bu məqaləyə müsbət cavab verə bilər. Əks halda, bu məqalə panirançılıq, panfaşizm hesab olunacaq. Dünənə kimi Araz çayının sahillərinə qədər olan siyasi coğrafiyada bir İran var idisə, bu məqalə ilə onlar Dərbəndə qədər bir coğrafiyanı İran kimi görüb, panirançılıq siyasətinin aparıcıları olduqlarını ortaya qoymuş olurlar. Buna qarşı da Azərbaycan Respublikası, dünya türklüyü birləşməlidir. Panfaşizmin bütün siyasi oyunlarına qarşı dirəniş hərəkatında birlikdə olmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …