Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Burda cəbhə xətti yoxdur” – Məlahət İbrahimqızı

“Burda cəbhə xətti yoxdur” – Məlahət İbrahimqızı

“Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir. Bütün dövlətlər virusla mübarizə aparır”.

Bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib. 

O bildirib ki, yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir: “Bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar. Hazırda Azərbaycanda karantin rejiminin uzanması zəncirvari yoluxmanı qırmaq üçün tətbiq edilir. 

Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. İnsanlar karantin rejiminin tələblərinə ciddi əməl etsələr, biz yoluxmanın aşağı düşməsini müşahidə edəcəyik. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Çünki insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq”.

Deputat vurğulayıb ki, bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır, məsuliyyət, nizam-intizam göstərir: “Bununla yanaşı, hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Buna görə də vətəndaşları məsuliyyətli olmağa, qoyulan tələblərə riayət etməyə çağırıram. 

Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Çox təəssüf ki, bu müharibədə düşmən hər birimizin yanındadır. Burda cəbhə xətti yoxdur. Burda hər bir vətəndaş ön cəbhədə, cəbhə xəttindədir. Hər birimizin ailəsi, övladları, yaşlı valideynləri, yaxınları var. Onlar hər gün risk altındadır. Bu riski yaradan da yenə özümüzük, sadə insanlardır. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır”.

M. İbrahimqızı xatırladıb ki, hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirilib, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirilib və bir çox mühüm məsələlər həll edilib: “İlk gündən ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görüldü. Paralel olaraq, cəmiyyətlə kommunikasiya, əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində ardıcıl və intensiv iş aparıldı. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Amma bununla belə Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Ona görə də hər birimiz bu gün birlik nümayiş etdirməli və bu bəladan birgə xilas olmalıyıq”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …