Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bundan sonra Qarabağın statusundan heç bir söhbət gedə bilməz” – Arzuxan Əlizadə

“Bundan sonra Qarabağın statusundan heç bir söhbət gedə bilməz” – Arzuxan Əlizadə

“10 noyabr üçtərəfli bəyanatından sonra tərəflər video formatda görüşə bilmişdi. Moskva görüşü bu bəyanatın imzalanmasından sonra baş tutan ilk canlı görüş idi. Bu görüşün Ermənistan baş naziri üçün maraqlı olmadığı görünürdü. Hətta bir neçə gün əvvəl nəticələrin onlar üçün xoş olmayacağını bildiyindən Nikol Paşinyan özünü xəstəliyə vurmuşdu, özünütəcrid rejiminə keçmişdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, bu hadisədən sonra Rusiya Prezidenti həkimlərlə birlikdə Ermənistana xüsusi təyyarə göndərmişdi:

“Faktiki olaraq Paşinyanı aşağılayacaq bir addım atıldı. Həkimlər ondan və onu müşayiət edəcək rəsmi şəxslərdən qan analizi götürərək yalanını üzə çıxardılar. Məlum oldu ki, adam xəstə deyil, sağlamdır və görüşdə iştirak edə bilər.

İkinci tərəfi ondan ibarətdir ki, Nikol Paşinyan bu görüşdə daha çox erməni cəmiyyətində itirdiyi nüfuzunu bərpa etmək üçün bir sıra addımlar atmaq niyyətində idi. O, Azərbaycan tərəfindən həbs olunan hərbi əsirlərin geri qaytarılması məsələsini həll etmək istəyirdi, amma buna nail olmadı. Çünki onun hərbi əsir kimi qələmə verdiyi şəxslər terrorçu qruplardır”.

A.Əlizadə qeyd edib ki, Paşinyan görüşdə xüsusilə kommunikasiyaların açılması məsələsində razılığa gələnə qədər həmin hərbi dəstələrin qaytarılmasını qabartmaq istəyirdi: “Eyni zamanda o, ATƏT-in Minsk qrupunun yenidən gündəmə gəlməsi ilə bağlı fikirlərini ifadə etdi. Baş nazir bununla faktiki olaraq öz publikasına oynasa da, Rusiya tərəfinə etibar etmədiyini nümayiş etdirmiş oldu. Həmçinin Qarabağın olmayan statusunu gələcəkdə müzakirəyə çıxarmaq haqqında bəzi fikirlər səsləndirdi. Əslində onun bu çıxışları erməni ictimaiyyətinə yönələn məsələ idi. Azərbaycan Prezidenti xalqa müraciətlərində dəfələrlə bildirib ki, bundan sonra Qarabağın statusundan heç bir söhbət gedə bilməz. Odur ki, Qarabağın statusu ilə bağlı ATƏT-in Mink qrupunun fəaliyyəti artıq qapanmış məsələ hesab olunur. Bu mövzuda Azərbaycanın mövqeyi dəyişməzdir.

Görüşdə 10 noyabr bəyanatının konkret olaraq bir bəndi ilə bağlı qərar verildi. 9-cu bəndin bölgədə kommunikasiyaların açılması məsələsi gündəmə gətirildi. Kommunikasiya xətlərinin açılması əslində çox önəmli hadisədir. Həm Naxçıvana, həm də Türkiyəyə dəmir yolunun çəkilməsi ilə bağlı məsələlərin başlanmasına qərar verildi. Məlumdur ki, açılacaq kommunikasiya xətləri Şərq və Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Bununla da Azərbaycan həm Naxçıvan və quru yol ilə əlaqəsini bərpa edəcək, həm də Türkiyə ilə əlaqələr genişlənəcək. Təbii ki, bununla da Azərbaycanın bölgədə geoiqtisadi əhəmiyyəti artacaq. Bu, şübhəsizdir.

Erməni tərəfi görüləcək işlərin qarşısını almaq istəyir. Bunun müqabilində Nikol Paşinyan xüsusilə son günlərdə Azərbaycan tərəfindən ələ keçirilmiş 62 terrorçunun azad olunması məsələsini qabardırdı. 4 saat davam edən görüşdə Azərbaycan Prezidenti prinsipiallıq nümayiş etdirdi və sona qədər öz istəyinə nail oldu. Həmin adamların geri qaytarılmaması ilə bağlı qərar əslində ermənilərə verilən çox ciddi mesajdır ki, bundan sonra anoloji addımlar atılmasın. Həmin ərazilərdə bir daha silahlı erməni birləşmələri tutularsa, onlar terrorçu kimi qəbul olunacaq və Azərbaycan qanunları ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunacaq. Azərbaycan tərəfinin konkret mövqeyi sayəsində bu məsələ üzərində dayanıldı.

Ümumilikdə bu görüş Azərbaycanın mövqeyinin möhkəmlənməsi istiqamətində atılmış növbəti addımdır”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …