Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bu niyə hamının gözünə girir?!” – Deputat sərt danışdı

“Bu niyə hamının gözünə girir?!” – Deputat sərt danışdı

“Artıq bütün Azərbaycan ictimaiyyətinə, eyni zamanda dünya dövlətlərinə və bütün beynəlxalq qurumlara məlumdur ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati ərazi vahidi yoxdur. Qarabağ İqtisadi Rayonu var, habelə Azərbaycanın Qarabağ, Şirvan, Muğan bölgələri mövcuddur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, Milli Şura üzvləri Gültəkin Hacıbəyli ilə Nurəddin Məmmədlinin Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağın ermənilər yaşayan ərazisini “anklav” adlandırması məsələsinə münasibət bildirib:

“O fikir ki səslənir Qarabağ anklav olub və s. bu fikri Ermənistanda, Qarabağda və eyni zamanda xaricdə yaşayan erməni diasporu səsləndirir. Kimsə də bizdə bu fikri səsləndirirsə, getsin, onlarla özünü müqayisə etsin.

Nəyə görə Qarabağ anklav olmalıdır?! 23 apreldə biz böyük bir uğur qazandıq və bizə qarşı olan bütün təpkilərə baxmayaraq, sərhədimizdə nəzarət-buraxılış məntəqəmizi yaratdıq. Ardınca da gömrük xidməti və başqa qurumlarımız olacaq. Çünki bura Azərbaycan ərazisidir və əgər kimsə buna qarşı çıxırsa, deməli, o insan Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə çıxır”.

“Görürük ki, ABŞ səfirliyi buna etiraz edir. ABŞ başını çevirib Meksika sərhədində 6 metr hündürlükdə tikdiyi divara baxsın, o cümlədən 1 il ərzində sərhədi keçmək istəyən minə yaxın adamın öldürülməsindən danışsın.

Burada söhbət Azərbaycandan getmir, lakin hər bir müstəqil dövlətin arasında nəzarət-buraxılış məntəqələri var. Azərbaycan bunu edəndə niyə bu hamının gözünə girir və bunu qeyri-adi bir hal kimi qiymətləndirir? Bu cür düşüncəyə malik olanlardan soruşmaq lazımdır ki, mənə 2 dövlət göstər ki, aralarında sərhəd olmasın. Məgər İranla aramızda sərhəd-buraxılış məntəqəsi yoxdur? Var! Eləcə də Rusiya və Türkiyə ilə də var. Əgər belədirsə, nəyə görə Ermənistanla bizim aramızda bu olmasın? Yoxsa ermənilər “Qırmızı Kitab”a düşüblər və bunlar üçün heç bir qayda-qanun, beynəlxalq hüquq təsir etmir? Azərbaycan ərazisi kiminsə üçün karvansaradır?!”, – əlavə edib.

Millət vəkili hesab edir ki, bu, normal və hamımızın arzu etdiyi bir şeydir:

“Mən son 2 il ərzində deyirdim ki, mütləq sərhəddə nəzarət-buraxılış məntəqəmiz, gömrük postumuz olmalıdır. Eləcə də o yolda Yol Patrul Xidməti fəaliyyət göstərməlidir. Çünki bura Azərbaycan ərazisidir və bu ərazidə qayda-qanunu nə Rusiya hərbi kontingenti, nə də qeyriləri yaratmalıdır. Azərbaycan özünün müvafiq qurumları ilə bunu etməlidir və edir də. 23 apreldə bünövrəsini qoyduğumuz sərhəd-keçid məntəqəmiz bizim növbəti uğurumuzdur. Bu da separatçılara ciddi bir xəbərdarlıqdır ki, bundan nəticə çıxarsınlar”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …