Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Bu, məcburiyyətdən doğan yaxınlaşmadır” – Şərh

“Bu, məcburiyyətdən doğan yaxınlaşmadır” – Şərh

Oktyabrın 4-də Türkiyə Prezidenti Ərdoğan İrana səfər edərək bu ölkənin prezidenti Həsən Ruhani və ali dini rəhbəri Əli Xamneyi ilə görüşüb. Müzakirələr əsasən, İraqın şimalında keçirilən kürd referendumu və onun doğuracağı səbəb və nəticələrlə bağlı olub. Ali dini liderin ofisindən yayılan məlumatda qeyd edilib ki, Əli Xamneyi bu referendumu xəyanət və bölgə üçün ciddi təhlükə kimi qiymətləndirib.

Ərdoğanın İran səfərini Teleqraf.com-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, Ankara-Tehran yaxınlaşması müşahidə edilsə də, buna strateji yaxınlaşma kimi baxmaq doğru olmaz. Onun sözlərinə görə, bu yaxınlaşma daha çox regionda hadisələrin inkişafında yaranan vəziyyətlə bağlı ortaq maraqlardan gedir:

“Regionda yaranan mövcud hərbi-siyasi vəziyyət Türkiyə və İranı, eləcə də rəsmi Bağdadı yaxınlaşmağa məcbur edir. Konkret səbəb isə ABŞ və İsrailin dəstəyi ilə regionda yeni bir dövlətin qurulması məsələsidir. Bu yeni dövlətin qurulması təkcə Türkiyə və İranın milli təhlükəsizlik maraqlarına toxunmur, eyni zamanda Suriya və İraqın maraqlarına da toxunur. Odur ki, yaranan vəziyyət İran və Türkiyəni özləri istəməsə belə yaxınlaşmağa məcbur edir. Deyərdim ki, bu məcburiyyətdən doğan və operativ taktiki baxımdan olan yaxınlaşmadır”.

S.Əkbər deyib ki, İran və Türkiyənin yaxınlaşmasının əsas nəticələri kimi İraqda birgə koordinasiyalı hərəkət ola bilər: “İkincisi, Suriyada olan əməkdaşlıq daha da dərinləşə bilər. Üçüncüsü, bütün bunların fonunda ikitərəfli münasibətlərdə, xüsusilə, siyasi, iqtisadi və ticarət sahəsində yaxınlaşma müşahidə ediləcək”.

Sülhəddin Əkbər əlavə edib ki, ilkin mərhələdə Ankara və Tehranın regionda İraq mərkəzi hakimiyyətinə, onun silahlı qüvvələrnə dəstəyi ön planda olacaq:

“Türkiyə və İran silahlı qüvvələri onlara dəstək verəcək. Konkret yanaşmalara gəldikdə isə Şimali İraq Kürd Muxtariyyətinin nəzarətində olan sərhəd qapılarının ələ keçirilməsində koordinasiyalı fəaliyyəti gözləmək olar. Mənə elə gəlir ki, İraq-İran sərhəddində yerləşən sərhəd qapıları Bağdad və Tehranın birgə əməliyyatı nəticəsində, Türkiyə ilə sərhəddə yerləşən burxılış məntəqələri isə İraq və Türkiyə hərbi qüvvələrinin birgə əməliyyatı ilə nəzarət altına alınacaq. İkincisi istiqamət isə İbrahimxəlil və ya Ovacıq qapısından Mosul, Kərkük, Telafər və Bağdad istiqamətində olan dəhlizin açılması üçün Türkiyə, İran, İraq hökuməti və “Haşdi-Şabi” birgə hərəkət edəcək. Ən azından koordinasiyalı fəaliyyət olacaq. Həmçinin Suriya-İraq sərhəddində olan qapıların nəzarətə keçirilməsi baş verə bilər. Söhbət Suriyanın şimalındakı kürd bölgəsini İraqın şimalındakı kürd bölgəsinə bağlayan sərhəd qapısından gedir. Sonuncu istiqamət isə Şimali İraq Regional Muxtariyyətinin formal hüquqi sərhədlərindən kənarda olan və peşmərgənin ələ keçirdiyi ərazilərin geri qaytarılması üçün birgə hərəkət etməkdən ibarət ola bilər”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …