Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bu gün Leyla və Arif Yunusların məhkəməsi başlayır

Bu gün Leyla və Arif Yunusların məhkəməsi başlayır

Qarşıdakı günlərdə bəzi siyasilərin apelyasiya şikayətlərinə baxılacaq…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi başlayır. Proses saat 10:00-da hakim Əfqan Hacıyevin sədrliyi ilə başlayacaq.

Bu barədə müsavat.com-a Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verdi: “İyulun 13-də hazırlıq iclası olacaq. Adətən ilkin baxış xarakteri daşıyır, müdafiə tərəfinin vəsatətləri olur. Dövlət ittihamçısı tərəfindən də müəyyən məsələlər qaldırıla bilər. Cinayət işinə işin mahiyyəti üzrə yanaşılmadı. Proses əslində qalsa, qanunvericiliyə uyğun olaraq açıq keçirilməlidir. Xəyanət maddəsinə hələ ki, baxılmayacaq. İndiyədək aparılan istintaqdan qane deyilik. Bununla bağlı məhkəmədə öz arqumentlərimizi deyəcəyik”.
Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Həbsindən bir həftə sonra həyat yoldaşı Arif Yunus saxlanılıb. Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Siyasi məhkəmələr bununla bitmir. İyunun 14-də Müsavat başqanının müavini Fərəc Kərimlinin Apelyasiya Məhkəməsi olacaq. F.Kərimli ötən il iyulun 23-də həbs edilib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İyunun 21-də Apelyasiya Məhkəməsində iki siyasi proses olacaq. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun şikayətinə baxılacaq. İntiqam Əliyevin qızı Nərmin Kamilsoy iyulun 6-da keçirilən məhkəmədə müdafiə tərəfinin bütün vəsatətlərinin rədd olunduğunu qeyd etdi:
 “Məhkəməyə gətirilərkən yenə də vəziyyəti pisləşmişdi. Dərmanlar atandan sonra özünə gəldi. Zalda şüşə arxası deyilən ”akvarium”a salmışdılar. Danışmağına icazə vermirdilər. Vəkilləri ilə danışığına belə mane olurdular. Hazırda atam kamerada istilərdən ciddi əziyyət çəkir. Sərinkeş belə yoxdur. Balaca nəfəslikdən hava alırlar. Qəzetlərin çatdırılmasında yenə ciddi problemlər var. Ümumiyyətlə, vəziyyəti yaxşı deyil”.
Xatırladaq ki, İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov azacıq da olsa, məhkəməyə ümidlərinin olduğunu söylədi: “Ayın 21-də birinci Apelyasiya Məhkəməsi olacaq. Məkəmə qabağı həmişə olduğu kimi, yenə azacıq da olsa, ümidlərimiz var. Hazırda səhhəti pis deyil. Əhval-ruhiyyəsi yüksəkdir”.
R.Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə o, 6 il yarım azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın