Bu şəhər, ümumilikdə, Finlandiya Rusiyanın tarixində həmişə önəmli rol oynayan ünvanlardan olub.

Uzaq keçmişdə Rusiya imperiyasının müstəmləkəsi, yaxın tarixdə isə Avropanın əsas siyasi mərkəzlərindən olan ölkə, hətta bolşeviklərin belə siyasi bioqrafiyasında dərin iz buraxmışdı.

Yəqin ki, Peterburqa gəlmək ərəfəsində Leninin Finlandiya ilə sərhəddəki Razliv gölü ətrafında gizlənməsi, Leninin Romanovlar imperiyasından təkcə Finlandiyanın müstəqilliyini tanıması, indinin özündə belə xarici ölkələrdən, özü də qeyri-sosialist keçmişli ölkələrdən yalnız Finlandıyada Leninin heykəlinin qalması və s. detallar orta yaşlı və ahıl oxucuların yaxşı yadındadır.

Hətta o dövrlərdə V.Leninlə bağlı məşhur lətifə də vardı. “Lenin Razlivdə” adlı tabloda gözəl tala və onun mərkəzində də bir çadır çəkilibdir. Çadırdan çölə dörd ayaq çıxıbdır. Bələdçi deyir ki, bunlar N.Krupskayanın və F.Dzerjinskinin ayaqlarıdır. Turistlərdən biri qayıdıb soruşur ki, bəs Lenin haradadır? Bələdçi deyir: “Razlivdə!”.

Nə isə, qayıdaq mətləb üstünə. Amma bəri başdan deyək ki, ümid edirik, daha bir Helsinki görüşü Rusiya liderləri üçün heç də düşərli və ya uğurlu olmayacaqdır. Əksinə o, Rusiyaya münasibətdə yaxın gələcəkdə işə düşəcək daha bir senarinin simptomlarını büruzə verəcək.

Açığı, bunu daha qətiyyətlə deyərdik, əgər ABŞ prezidenti D.Tramp olmasaydı. Bir neçə gün bundan əvvəl D.Tramp Brüsseldəki NATO sammitində nələrlə yadda qalmadı? Əvvəl bütün Blok üzvlərini müdafiə xərclərini artırmamağa görə “danladı”, daha sonra Almaniyanı “Rusiyanın nəzarəti altında olan bir ölkə” adlandırdı, axırda isə deyilənə görə, Alyans üzvlərini ABŞ-ı NATO-dan çıxaracağı ilə hədələyib iclas zalını tərk etdi.

Amma sonradan bununla bağlı kiçik də olsa, “üzrxahqlıq” elədi, hətta öz statusunda yazdı ki, onun Konqresin razılığı olmadan belə ABŞ-ı NATO-dan çıxarmaq hüququ var, amma o, bunu etməyə tələsmir.

Açığı, biz D.Trampı ciddi bir siyasətçi kimi qəbul etmirik. Lakin məsələ (bəlkə də dərd-bəla) bundadır ki, bu qeyri-ciddi adam ABŞ kimi ciddi ölkəyə rəhbərlik edir. Bunu da onunla izah edirik ki, demokratiya da görürsən, bizim ustalar demişkən, yüz ildə bir dəfə “sboy” verir…

ABŞ-da da bu dəfə belə oldu, ümid edirik ki, amerikalılar növbəti seçki zamanı səhvlərini düzəldərlər.
Lakin D.Trampın A.Merkelə iradı tamam əsasısız da deyil. Hətta buna bizim tərəflərdə “dəlidən doğru xəbər” də deyirlər.

Birincisi, hörmətli Merkel xanım Gürcüstanın NATO-ya üzv olmasını əngəlləyən ən əsas siyasi fiqurdur və bir çox amerikalı siyasət və diplomatiya adamları da bunu onunla V.Putin arasındakı sövdələşmənin nəticəsi kimi yozurlar. Biz bilmirik bu nə qədər əsaslıdır, ancaq onu bilirik ki, NATO-da Gürcüstanın işinə mane olan Almaniya, Ukraynaya badalaq vuran isə Macarıstandır.

İkincisi, Merkellə Putin arasındakı “qaz razılaşması” ABŞ-ı yaman hiddətləndiribdir. D.Tramp deyib ki, biz Avropanın təhlükəsizilyi üçün milyardlarla dollar xərcləyirik, bunlar isə milyardları Rusiyaya ötürürlər…

Burada bir məqamı qeyd edək ki, Trampın Almaniya ilə Rusiya arasındakı “qaz razılaşması”nı hədəfə alması bizim maraqlarımıza cavab verir. Düzdür, Azərbaycan qazı hələ Avropaya çatmayıb. Həm də bizim Avropaya ötürəcəyimiz həcmlər Rusiyanın ötürdüyü ilə heç müqayisəyə də gələ bilməz. Bununla belə, bizim də potensial imkanlarımız var.

Söhbət Mərkəzi Asiya ölkələrinin də bu xəttə qoşulmasından gedir. Rusiya belə bir trans-Xəzər layihəsini illərdir ki, əngəlləyir. Amma hazırda ABŞ Xəzərə doğru irəliləmək əzmindədir – Qazaxıstanla ciddi danışıqlar aparılır və Astana öz dəniz limanlarını amerikalıların istifadəsinə verməyi planlaşdırır. ABŞ buradan hərbi logistika məqsədilə istifadə etmək istəyir.

Əlbəttə ki, hələ ciddi hüquqi araşdırmalar aparılmalıdır. Amma düşünürük ki, son günlərdə Azərbaycanda baş verən acı hadisələrin də bir izi bura aparır. ABŞ-ın Xəzərə yaxınlaşmasının və ümumiyyətlə, regionda möhkəmlənməsinin Rusiyadan başqa daha kimi, hansı ölkəni qıcıqlandıra biləcəyini tapmaq elə də çətin bir məsələ deyildir. Ona görə də bircə cümlə ilə kifayətlənəcəyik: böyük qaz savaşı Xəzərin sahillərinə də çatdı, İran Azərbaycana qarşı əsl hibrid müharibəsinə başladı…

Ona görə də ABŞ-Rusiya dialoqunu izləməyə dəyər. Heç şübhəsiz ki, dialoqun bir predmeti də bizim regiondakı dövlətlərdən biri olacaq və bu konteksdə də müəyyən müzakirələr aparılacaqdır.

Hər halda, maraqlı çox şey olacaq. Bütün hallarda, söhbət, dünyanın iki böyük gücündən gedir və bizim də onları artıq jurnalistika səviyyəsində deyil, institut və strateji mərkəzlər səviyyəsində öyrənməyimizin vaxtıdır…

Hüseynbala Səlimov