Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Bu cür deputatlar gəldikləri kimi də gedəcəklər”

“Bu cür deputatlar gəldikləri kimi də gedəcəklər”

“Deputat siyasətlə məşğul olmayacaqsa, o parlamentdə nə işi var? Amma düzünü deməyi də yaxşı haldır ki, yəni təyin ediblər, kiminsə adamıyam, lal, kor, kar olmağım üçün otuzdurublar parlamentdə”.
 

Bunu deputat Jalə Əhmədovanın özünü siyasətçi deputatlardan hesab etməməsi ilə bağlı açıqlamasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.


K.İsmayılova qeyd edib ki, J.Əhmədova kimi saxta yolla parlamentə təyin olunmuşlar siyasətdən başqa hər işlə məşğul olurlar:


“Siyasətdə olanlara da bayağı baxırlar, guya özləri çox ağıllıdılar. Amma xalq da ayılmalıdır ki, bu tayfa, qohumbazlıq, komanda quran köhnə “qurd”ları daş-qalaq edib qovmalıyıq. Bu parlament zatən saxta seçilənlərdən formalaşıb. Parlament seçkilərinə namizəd olarkən bu proseslərin daha yaxından şahidi oldum”.


Qeyd edək ki, Parlamentdə yeni olan Jalə Əhmədova bu günlərdə gülünc bir açıqlaması ilə gündəmin müzakirəsinə gəldi. Bu xanımın “deputat olsam da, siyasi məsələlərdən uzaqda dayanıram” izahatı nəinki həmkarlarında, nəinki siyasətçilərdə, ümumiyyətlə Azərbaycan ictimaiyyətində gülüş doğurub.


Könül xanımın fikrincə, ola bilsin ki, J.Əhmədova siyasət sözünün ümumiyyətlə açmasını anlamır və bəlkə də bu gün nə üçün Parlamentdə oturduğunu da doğru-düzgün bilmir:


“Bu xanım bilmirmi ki, təhsil siyasəti də var, mədəniyyət siyasəti də var, iqtisadi və digər siyasət var. Bəlkə elə bilir ki, siyasət elə iqtidar-müxalifət mübarizəsi deməkdir?! Deyir ki, “dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik”. Soruşmaq yaxşıdır ki, ay Jalə xanım, yaxşı, siyasətə qarışmırsansa bəs necə dəstəkləyirsən? Bəs bu deputat xanım görəsən ölkə başçısının çıxışlarını izləyirmi? Əgər siyasətdən yaxasını kənara çəkirsə, belə çıxır ki, heç Prezidentin çıxışlarını dinləmir. Dinləsə bilər ki, dövlət siyasəti deyib kənara çəkilmək düzgün deyil. Çünki siyasi kursu dəstəkləməyin özü siyasi anlayışın olmasıdır və Prezidentin yanında olmaqdır”.


K.İsmayılova onu da vurğulayıb ki, J.Əhmədova kimi təsadüfi deputatları Parlamentə seçdirənlər ifşa olunub hakimiyyətdən kənarlaşdırıldıqdan sonra bu cür deputatlar da gəldikləri kimi gedəcəklər:

 
“Necə deyərlər, təsadüfi deputatların limiti onları seçdirənlər hakimiyyətdən gedənədəkdir. Deputatın siyasi anlayışı yoxdursa, deməli Parlamentdə müzakirə edilən məsələlərdən kənarda qalacaq. Dağlıq Qarabağ məsələsindən tutmuş iqtisadi siyasətədək bütün müzakirələrə gözünü döyə-döyə qalacaq. Beləcə, bir də görəcək ki, 5 il gəlib keçdi. “deputat olsam da, siyasi məsələlərdən uzaqda dayanıram” deyən bir deputat Prezidentinin siyasi kursunu necə dəstəkləyə bilər?”(versus.az)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …