Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bu banklara etibar etməyin

Bu banklara etibar etməyin

Moderator.az tanınmış hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənovun banklar haqqında növbəti yazısını təqdim edir.

“Kredit” sözünün mənası “etibar”dır. Buna görə də siz bankdan kredit istəyəndə, o, girov və zamin tələb edir. Yəni krediti sizə elə-belə vermir, çünki sizə etibar etmir.

Siz də bankda pul saxlayanda (fərqi yoxdur necə: əmanət kimi, bank hesabında, maaş və ya təqaüd və ya digər növ kartda, başqasına pul köçürəndə və s.), ona kredit vermiş olursunuz. Bunun müqabilində bank sizə girov və ya zamin təqdim edirmi? Xeyr! Uzaqbaşı əmanət üzrə deyir ki, pulunuzu Əmanətlərin Sığortalanması Fondu sığortalayıb. Lakin məlumdur ki, həmin Fondun dövlətə heç bir aidiyyəti yoxdur və biri-iki bank müflis olsa, Fondun özündən əsər-əlamət qalmayacaq. Həm də bu Fonddakı pulun harada və necə idarə olunması da müəmmalıdır. Qısası, əslində bu təminat heç qara qəpiyə də dəyməz.

Bəs onda siz nəyə əsasən banka etibar edərək pulunuzu ona verirsiniz? Bank etibarlı olduğunu sizə necə sübut etməlidir? Sivil dünyada bank şəffaf olması ilə etibar qazanır. Yəni vaxtaşırı fəaliyyəti və maliyyə göstəriciləri barədə qanunun da nəzərdə tutduğundan çox məlumatı ictimaiyyətə açıqlayır. Həmin məlumat təbii ki, bank nəzarəti orqanı (mərkəzi bank) yoxlayır, buna görə də vətəndaş əmin olur ki, bankın məlumatı doğrudur.
Bəs bizdə vəziyyət necədir? Qanunvericilik tələb edir ki, banklar rübdə bir dəfə maliyyə hesabatlarını saytlarında dərc etsin. Edirlərmi? Böyük əksəriyyəti bunu tam və ya qismən etmir. Faktiki olaraq bu banklar maliyyə göstəricilərini müştərilərindən gizlədir, onları aldadır. Girovsuz-zaminsiz kredit verməyən bu banklar əhalinin pulunu qanunsuz cəlb edir, Mərkəzi Bank da buna cinayətkarcasına göz yumur. Nəticədə həmin banklardakı müştəri vəsaitləri böyük təhlükə altında olmuş olur.
Bu təhlükəni aradan qaldırmaq üçün III rübün nəticələri üzrə həmin təhlükəli bankların siyahısını təqdim edirəm. Onların reklamına və şirin dilinə aldanmayın. Yaxşı bank özü haqda heç olmasa qanunvericiliyin tələb etdiyi məlumatı açıqlamalıdır. Bunu etmirsə, deməli, vəziyyəti çox pisdir və ya pisləşməyə başlayıb. Əksər hallarda bankların sahiblərini belə tanımırsız. Tanımadığınız və sizdən məlumat gizlədən şəxsə pulunuzu necə etibar edirsiniz axı?!

27 bank rüblük hesabatını ümumiyyətlə dərc etmir: Nikoyl Bank (bu bankın Rusiyadakı “ana”sı müflislik həddindədir, buna görə də Rusiya ilə əlaqəsini belə gizlədir, çünki vəziyyəti çox ağırdır), AGBank, Amrahbank, AtaBank, Atrabank, Bank Avrasiya, Bank BTB, Bank Respublika, Bank Standard, Caspian Development Bank, DekaBank, Dəmirbank, Gəncəbank, Günaybank, XalqBank, KredoBank, Muğanbank, Naxçıvanbank, Pakistan Milli Bankı Bakı filialı, ParaBank, Rabitəbank, YapiKrediBank, United Credit Bank, Zaminbank, Ziraat Bank (bu bankın heç saytı da hələ yoxdur), Bank of Azerbaijan və Bank Technique (son iki bank elə gündədir ki, heç indi də əhalinin əmanətlərini qaytarmır).

Rüblük hesabatını yalnız qismən açıqlayan 2 bank var: Unibank və KapitalBank. Bu bankların hesabatlarından, məsələn, onların mənfəətlə və ya zərərlə işləməsi aydın olmur. Vəziyyəti yaxşı olan bank bu məlumatı niyə gizlətsin ki? Deməli, vəziyyət pis olmasa da, ən azı pisləşməyə başlayıb. Bu baxımdan sözügedən 2 bankın yuxarıdakı 27 bankdan elə də böyük fərqi yoxdur (varsa, buyursunlar hesabatlarını tam açıqlasınlar).
Hesabatı açıqlayan 2 bank da zərərlə işləyir: VTB (10 mln-dan çox zərər, məcmu kapitalı isə kapitalı 40 mln, yəni qanunla tələb olunandan 10 mln azdır!) və Bank Melli İran Bakı filialı (1 mln manata yaxın zərər, amma kapitalı 50 mln-dan çoxdur).

Beləliklə, qətiyyən etibara layiq olmayan 30 bank var: 27+Unibank və KapitalBank+VTB. Bank Melli İran Bakı filialı isə zərərlə işləsə belə, normativlərə riayət edir və hesabatını gizlətmir heç olmasa.
Ən etibarsız banklara gəldikdə isə əlbəttə, bu Rusiyaya məxsus və ya Rusiya ilə sıx bağlı olan iki bankdır: VTB və Nikoyl. Rusiya çox ağır maliyyə durumundadır. Bu baxımdan sözügedən iki banka əmanət etdiyiniz pulu onlar Rusiyadakı müştərilərinə kredit kimi versə, həmin pullar geri qayıtmaya bilər.

Hesabatı tam yerləşdirmiş və bölüşdürülməmiş mənfəətlə işləyən bankların sayı isə 10-dur: Accessbank – 67 mln-dan çox, Bank of Baku – 44 mln-dan çox, Expressbank – 18 mln-dan çox, ASB – 12 mln-dan çox, AFB – 7 mln-dan çox, PaşaBank – 3 mln-dan çox, Bank Silk Way – 3 mln-dan çox, NBC Bank – 3 mln-dan çox Turanbank – 1 mln-a yaxın, Qafqaz İnkişaf Bankı – 253 min. Bu banklar daha çox etibara layiqdir. Əvvəla, maliyyə göstəricilərini gizlətmirlər. Digər tərəfdən isə mənfəətlə işləyirlər, yəni yalnız əhalidən cəlb etdikləri pulla deyil, həm də öz vəsaitləri ilə də işləyir və risk edirlər. Lakin yenə də nəzərə almaq lazımdır ki, son dövrdə Mərkəzi Bank bankların maraqlarına uyğun olaraq nəzarət və hesabatlıq tələblərini xeyli yumşaldıb, fakitiki olaraq bankları başlı-başına buraxıb. Buna görə də bankların açıqladığı hesabat belə onların əslində hansı vəziyyətdə olmasına əminlik yaratmır.

Bununla belə, ən etibarlı 2 dövlət bankıdır: Azərbaycan Beynəlxalq Bankı və AzərTürkBank. Çünki dövlət onların cəlb etdiyi əmanətlərə görə əhali qarşısında tam məsuliyyət daşıyır. Düzdür, bu banklar da hesabatlarını açıqlamır (yeri gəlmişkən, AzərTürkbankın rəhbəri Mərkəzi Bankın bank nəzarəti üzrə baş direktoru, “Bank Mamed”in kürəkəni Rəşad Orucovun qardaşıdır: bu baxımdan Mərkəzi Bankın bu halda qanunsuzluğa göz yumması tam anlaşılandır). Lakin bunun əhəmiyyəti azdır, çünki əmanətçilərin dövlət kimi təminatçısı var.
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın