Ana səhifə / Siyasət / “Boğaza yığılmışam” – Elnur Aslanov

“Boğaza yığılmışam” – Elnur Aslanov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov Latviyanın paytaxtı Riqada 1 milyon dollara mənzil alıb.

“Qafqazinfo” xəbər verir ki, yayılan informasiyalarda bildirilir ki, Elnur Aslanov Latviya vətəndaşlığı alaraq Azərbaycandan birdəfəlik köçüb getməyə hazırlaşır.

Məsələ ilə bağlı E.Aslanov açıqlama da verib: “Mənim Riqada mənzil almağım barədəki xəbər həqiqətə uyğun deyil. Bu, sadəcə uydurmadır. Xaricdə nə mənzilim, nə də digər daşınmaz əmlakım yoxdur”.

E.Aslanovun sözlərinə görə, onun cəmisi bir mənzili var, o da Bakıdadır: “Həmin mənzili də mənə prezident verib. Buna görə dövlət başçısına çox minnətdaram. Bütün şüurlu həyatım boyunca prezidentin əsgəri olmuşam. İndi də dövlətçilik naminə fəaliyyətimi davam etdirirəm. Mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. İlham Əliyevin partiyasının bir üzvü kimi də ölkəmizin inkişafı naminə əlimdən gələni edirəm. Azərbaycandan da heç yerə köçüb getməyə hazırlaşmıram”.

E.Aslanov virtualaz.org saytı müxbirinin “mətbuatda ittiham olunmağınıza bu vaxta qədər reaksiya vermirdiniz, bəs sizi son informasiya ilə bağlı açıqlama verməyə nə vadar etdi” sualına belə cavab verib: “Yalan və böhtanlardan boğaza yığılmışam. Nə qədər yalan danışmaq və yazmaq olar? Azərbaycan balaca ölkədir. Burada hamı bir-birini tanıyır. Hansısa məlumatı gizlətmək sadəcə mümkün deyil”.

E.Aslanov mətbuatda onun biznes fəaliyyəti barədə yayılan digər məlumatlara da münasibət bildirdi: “Bunlar doğru xəbərlər deyil. Yazırlar ki, guya supermarketlərim, başqa biznesim var. Bunu deyənlər doğrudan da belə olduğunu sübut etsələr, həmin biznesi onlara bağışlayaram”.

E.Aslanov sadə adamlar kimi yaşadığını, fəaliyyətini Rabitə Nazirliyində şöbə müdiri kimi davam etdirdiyini və elmi işlə məşğul olduğunu da söylədi: “Bu yaxınlarda Türkiyədə kitabım çıxıb. Həmin kitab bu yaxınlarda Rusiyada da təkrar nəşr olunacaq”.

Xatırladaq ki, E.Aslanov uzun illər ərzində Prezident Administrasiyasında (PA) işləyib. O, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi. Sonradan E.Aslanov nurçular sektası ilə sıx əlaqələrdə ittiham olunaraq PA-dakı vəzifəsindən azad edildi.Mətbuatda E.Aslanovun məmur ikən korrupsiyaya qurşanmasını sübut edən çoxsaylı araşdırma yazıları dərc olunub. Halbuki E.Aslanov PA-da işləyərkən 2 min manata yaxın maaş alıb.

İndiyə qədər öz gəlir bəyannaməsini açıqlamayan E.Aslanov keçmiş deputat Rəbiyyət Aslanovanın oğludur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın