Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bizi Fazil Məmmədovun özbaşınalıqları qarşısında tək qoymayın – Bərdəli sahibkarlar prezidentə müraciət etdi

Bizi Fazil Məmmədovun özbaşınalıqları qarşısında tək qoymayın – Bərdəli sahibkarlar prezidentə müraciət etdi

DİA.AZ: – “Bu ilin mart ayının 1-də prezident İlham Əliyevin imzaladığı fərman sahibkarlar tərəfindən böyük sevinclə qarşılanıb”. Bu sözlər DİA.AZ-a bir qrup sahibkar adından daxil olan müraciətdə yer alıb.

Xatırladaq ki, 1 mart tarixində prezident İlham Əliyev ixracın təşviqi məqsədilə mühüm bir fərmana imza atdı. Həmin fərmanın mətnini təqdim edirik:

“Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
Görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmamışdır.
2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin.
2. Müəyyən edilsin ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;
3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir”.

Bu fərmanı təqdir edən bir qrup bərdəli sahibkar hazırda ixracla məşğul olduqlarını, amma buna rəğmən Vergilər Nazirliyi tərəfindən əsassız şəkildə cərimələrə məruz qaldıqlarını bildirirlər.

Sahibkarlar dia.az-a yazır: “Cənab prezident. Biz Sizə güvənirik, bizim Sizdən başqa kimsəmiz yoxdur ki, sözümüzü deyək. Çünki bəzi məmurlar işbaz kimi davranaraq öz şəxsi maraqları naminə ölkədə ixrac biznesini məhv etməyi sanki qəsd ediblər. Bu gün onlarla sahibkar var ki, Vergilər Nazirliyinin qanunsuz cərimələrindən əziyyət çəkir, həbs olunur, məhkəmələrdə süründürülür. Biz də onlardan biriyik. Artıq bununla bağlı müraciətlərimiz yayılıb. Sizə də ünvanlamışıq, cənab prezident.

Sizin 1 mart tarixində verdiyiniz fərman bizə böyük dəstək olsa da, yazıqlar olsun ki, Vergilər Nazirliyi bu fərmanın əhəmiyyətini şübhə altında qoyur.

Yenə də son ümid yerimiz Sizsiniz. Bizi Fazil Məmmədovun özbaşınalıqları qarşısında tək qoymayın”…

Dia.az bildirir ki, sahibkarlar adından məlum müraciəti aşağıdakı şəxslər imzalayıb:

Məmmədov Şahlar Məhəmməd oğlu – I qrup Qarabağ əlili
Əsədov Aqil Adil oğlu – I qrup Qarabağ əlili
Vəliyev Ramil Hüseyn oğlu – kənd təsərrüfatı ixracı ilə bağlı hal-hazırda həbsdədir
HÜseynov Nadir Əsgər oğlu – II qrup Qarabağ əlili, Əfqanıstan veteranı
Hidayətov Zöhrab Raqub oğlu
Bayramov Fərrux Teymir oğlu-II qrup Qarabağ əlili, Əfqanıstan veteranı- kənd təsərrüfatı ixracı ilə bağlı hal-hazırda həbsdədir
Abbasov Şəfai Hüseyn oğlu
Ağalarov Emin Cəmil oğlu– kənd təsərrüfatı ixracı ilə bağlı hal-hazırda rusiya ərazisinə keçdikdən sonra axtarışa verilib

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın