Elə bu səbəbdən mart ayında prezident H.Ruhaninin Bakıya səfər edəcəyi haqda xəbərlər, istər-istəməz həmin vektorlardan birini – İranı yenidən gündəmə gətirdi. Əslində bu mövzuda da nikbin notlar daha çoxdur, nəinki narahatlıq üçün əsas yaradan məqamlar.

Çünki Azərbaycan-İran əlaqələri indi yüksək səviyyədədir və ən azı, Bakının Şimal-Cənub dəhlizi səmtindəki işləri bu əlaqələrin durumu ilə bağlı narahatlıq keçirməməyə əsas verir.

Amma İran mövzusu bizə başqa bir aspektdən maraqlı göründü. Qarabağ müstəvisində hələ Bakıda, Moskvada və Ermənistandakı seçkilər ucbatından siyasi-diplomatik pauza hökm sürsə də, demək olar ki, əksər təhlilçilər prosesin seçkilərdən sonra intensivləşəcəyini yazır və təsadüfi deyil ki, hamı siyasətçilərin, diplomatların və hərbçilərin çıxış və bəyanatlarında buna işarə ola biləcək məqamları arayır.

Artıq ötən yazılarda da qeyd etdiyimiz kimi, belə bir məqam bu yaxınlarda oldu. KTMT-nın birləşmiş qərargahının rəisi maraqlı bəyanatla çıxış etdi. Bildirdi ki, Dağlıq Qarabağda müharibə başlayarsa, KTMT separatçılara hərbi dəstək verməyəcək.

Bir daha deyək ki, bəyanat İrəvanda “bomba” effekti yaratdı. Daim Rusiyaya güvənən və əksər hallarda da bunun qarşılığını görən ermənilər yorulmadan eyni sualı verirdi: əcəba, general Sidorov bununla öz mövqeyini ifadə edir, yoxsa bu, Kremlin də mövqeyidir?

Nə gizlədək, sualın cavabı bizimçün də qaranlıqdır – bilmirik ki, həmin bəyanat bir rusiyalı hərbi məmurun mövqeyi idi, yoxsa ki, bunu Kremlin bizə işarəsi kimi qəbul etmək lazımdır?

Üstəlik, bu məsələ bizimçün çox önəmlidi. Ona görə ki, neçə vaxtdır böyük dövlətlər, Minsk Qrupunun həmsədrləri, beynəlxalq institutların və təsisatların təmsilçiləri Qarabağdakı indiki status-kvonun məqbul olmadığını deyir və onun dəyişməsinin vacib olduğunu bildirirlər. Gəl ki, bunu necə etməli? Axı uşağa da aydındır ki, bununçün Ermənsitana təzyiq edilməlidir və bunun da bir yolu, üsulu hərb yoludur. Amma yox, söhbət bu əsnaya çatanda dərhal qayıdırlar ki, bəs, yox, danışıqlar davam etməlidi, çünki ən pis danışıqlar yenə də müharibədən yaxşıdır…

Beləcə, məsələ illərdir dalana dirənib. Yalnız bu günlərdə rusiyalı generalın ümidverici bəyanatını eşitdik. Amma burada da xeyli suallar və aydınlaşdırılası məqam var. Məsələn, hələ ötən il payızda Rusiyanın başqa təmsilçisi – nazir S.Lavrov demişdi ki, Azərbaycan Qarabağda baş verən prosesləri özünün daxili işi saymamalıdır. Elə o vaxt da aydın deyildi ki, bununla S.Lavrovun dililə erməni əcdadları danışır, yoxsa elə bu da Kremlin mövqeyidir?

İndi də bu sualın düyününə düşmüşük. Güman, səbrsiz oxucu dərhal bilmək istəyir ki, doğrudanmı heç ümid yoxdur? Doğrudanmı heç halda rus generalının qeyd etdiyimiz bəyanatını Rusiyanın razılığı kimi qəbul etmək mümkün deyil?

Nə cavab vermək olar? Prinsipcə, mümkündür. İndi regionda və dünyada maraqlı proseslər gedir. Rusiyanın İraq kürdlərinin referendumuna münasibəti və Türkiyənin son aylarda Afrində apardığı əməliyyatlar, eləcə də katalon separatistlərinin aqibəti ümidçün böyük əsaslar verir.

Üstəlik, çox şey regional geosiyasi arxitekturadan asılıdır. Elə İranı da bu aspektdən yada saldıq.

Hazırda Azərbaycanın bu son illərdə ərsəyə gətirdiyi iki regional üçbucağın (Bakı-Tiflis-Ankara və Bakı-Tehran-Moskva) birləşməsindən yeni alyansın konturları görünür. Bəli, söhbət Bakı-Ankara-Tehran-Moskva dördbucağından gedir. Xüsusən də qeyd etmək lazım gəlir ki, bunun alt müstəvisində, Tehran-Ankara-Moskva üçbucağı çərçivəsində də ciddi yaxınlaşma sezilir. Hətta bu günlərdə Rusiya prezidenti Türkiyə və İranla əməkdaşlığa xüsusilə önəm verdiklərini qeyd etdi.

Ona görə də bu vəziyyət Dağlıq Qarabağ hərbi-siyasi teatrında da kardinal dəyişikliklərin ola biləcəyi ümidini yaradır. Yetər ki, burada Ankara və Tehran həmrəylik göstərib Moskvaya təzyiq etsinlər.

Ankara sarıdan narahatlığımız yoxdur, Türkiyə daim yanımızdadır. İran da müəyyən ümidlər üçün əsas verir. İki ölkə arasında əvvəldə qeyd etdiyimiz yaxınlaşma, iqtisadi-ticari əlaqələrin durmadan genişlənməsi sabaha ümidlə baxmağa sövq edir.

Həm də İranın indiyədək Dağlıq Qarbağla bağlı bəyan etdiyi mövqe, onun da Ermənistanı təcavüzkar dövlət kimi tanıması ümidləri bir az da artırır. Yetər ki, özümüz də bu səmtdə fəallığımızı artıraq. O halda bir də gördün ki, elə doğrudan-doğruya Moskva-İrəvan geosiyasi birliyi artıq çat verib, çünki Moskva da bölgədəki siyasətini bütünlüklə Ermənistanın maraqlarına tabe edə bilməz.

Bir daha deyirik ki, biz İranla daha intensiv işləməliyik. Bir çox ictimaiyyət və siyasət fəallarımız diqqətlərini daha çox Türkiyə səmtinə yönəldib. Bu da vacibdi, amma Türkiyəylə problemimiz yoxdur, Ankara bizi tamam dəstəkləyir və hər an yanımızdadır. Amma İranla bağlı azca problem var.

İran istiqamətindəki işimizdə cənublu soydaşlarımızın da dəstəyindən faydalana bilərik. Onlar da öz hökumətlərilə bu səmtdə dialoqlar qura və bizə yardımçı ola bilərlər.

Burada bir maraqlı detala toxunmaq istərdik. Bu günlərdə Kremlin ideoloqlarından biri, politoloq A.Duqin Qarabağ problemilə bağlı daha bir açıqlama ilə çıxış etdi. Bu açıqlamada toxunulası məqamlar olduqca çoxdur. Amma onlardan birinin üzərində dayanmaq istərdik.

A.Duqin deyir: “Türkiyə azərbaycanlılarla milli birlik zəminində bağlıdır, İran daha çox tarixi köklər, hind-Avropa ümumiliyi zəminində Ermənistana yaxındır, üstəlik, İranın Cənubi Azərbaycan kimi problemi var”…

Göründüyü kimi, Duqin bölgənin geosiyasi və etno-mədəni arxitekturasını özlərinə sərf edəcək şəkildə təqdim etmək istəyir. Amma burada bir neçə nüans var.

Birincisi, azərbaycanalıların etno-mədəni xüsusiyyətlərinin formalaşmasında İran amili türk amilindən heç də az rol oynamayıb.

İkincisi, düzdür, azərbaycanlıların əksəriyyəti etnik türklərdir, amma onlar din baxımından şiə müsəlmanlardırlar.

Üçüncüsü, İranda yaşayan on milyonlarla cənublu soydaşlarımıza bölücü faktor kimi də baxmaq olar, birləşdirici faktor kimi də. Biz şəxsən daha çox ikinci yanaşmanın – birləşdirici amilin tərəfindəyik. Elə ötən ilin dekabr hadisələri zamanı da cənublu soydaşlarımız bir daha sübut etdilər ki, İranın ərazi bütövlüyü və sabitıiyi onlarçün digər milli-etnik qruplardan heç də az önəm kəsb etmir. İndisə özünüz deyin: İranı Ermənistanla birləşdirən amillər çoxdur, yoxsa Azərbaycanla?

Ona görö də ümidliyik ki, İranın regional siyasət əqrəbi getdikcə bizə tərəf – Azərbaycana doğru dönəcək. Əslində qonşu dövlətdən elə bir qeyri-adi tələbimiz də yoxdur. Yetər ki, İran son on illər ərzində qonşuluğunda baş verən proseslərə ədalətlə yanaşsın. Bəli, yalnız ədalət – bundan artığına iddialı deyilik biz…

Hüseynbala Səlimov