Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” – Mehriban Əliyeva

“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” – Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə – ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb. Bildirib ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, – deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğulayıb, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayıb.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik edib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …