Ana səhifə / Siyasət / “Biz də Meğriyə qayıtmaq istəyirik” – Musa Musayev

“Biz də Meğriyə qayıtmaq istəyirik” – Musa Musayev

“1929-cu ildə Ermənistanın ərazisinə birləşdirilən Meğri rayonunun azərbaycanlı sakinləri də yurd-yuvalarına dönmək istəyir”.

Bu barədə Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Naftalanın keçmiş icra başçısı Musa Musayev bildirib.

“Meğri Azərbaycanın ərazisi olub. 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. 1930-cu ildə rayon statusu olan Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Ərazisi 664 kv km, əhalisi 14 341 nəfər olub. Meğrinin əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edib. Rayonun Nüvədi, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı və Astazur  kəndlərinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Rayonun özündə də azərbaycanlılar ermənilərlə nisbətdə çoxluq təşkil edib. Qarabağda yaşayan ermənilər ora qayıtmaq istəyirsə, biz də öz yurd yuvamıza qayıtmaq istəyirik. Bununla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayacağıq”, – deyə Musa Musayev bildirib.

Keçmiş icra başçısı həmçinin qeyd edib ki, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiya olunmasına baxmayaraq Nüvədi əhalisi 1991-ci ilə qədər kəndi tərk etməyib: “1991-ci ilə qədər mübarizə apardıq. Həmin ildə isə tezliklə yurd-yuvamıza qayıtmaq ümidilə Zəngilanın Vejnəli kəndində məskunlaşdıq. 1993-cü ilin oktyabrında erməni işğalı nəticəsində oranı da tərk etmək məcburiyyətində qaldıq”.

Musa Musayev hesab edir ki, indi Meğriyə qayıdış kifayət qədər aktualdır. “Ermənilər bütün dünyaya car çəkirlər ki, guya öz torpaqlarından qovulurlar. Amma faktiki olaraq biz öz torpaqlarımızdan qovulmuşuq. Əgər dünya sülh və ədalətdən danışırsa, erməni əhalisinin yenidən Qarabağda dinc şəkildə yaşamasından danışırsa, o zaman bizim də öz dədə-baba torpaqlarımıza qayıdaraq yaşamağımıza imkan verilməlidir. Əks təqdirdə bu, ədalət yox,  ikilistandart olacaq”, – deyə keçmiş icra başçısı vurğulayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …