Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bişkek protokolu Azərbaycana nə verdi? – ŞƏRH

Bişkek protokolu Azərbaycana nə verdi? – ŞƏRH

“Bişkek protokolu”nun imzalanmasından 24 il ötür. “Bişkek protokolu” Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsində  atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Qeyd edək ki, bu sənəd 1994-cü il mayın 12-də imzalanıb və bu razılaşmadan irəli gələrək cəbhədə atəşkəs elan olunub. 

Qeyd edək ki, sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdu. Həmin sənədi Azərbaycan Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurası katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalayıb, o isə bundan imtina edib. Daha sonra Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atıb. “Bişkek protokolu”nun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri “işğal olunmuş ərazilər” sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunub.

Maraqlıdır, Bişkek protokolu Azərbaycana nə verdi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Bişkek protokolu bizə heç nə vermədiyini deyib: “Çünki bu protokolun yalnız bir müddəası, atəşkəs rejimi həyata keçirildi. Amma nəzərdə tutulmuşdu ki, atəşkəs rejiminə əməl olunacaq və qısa müddətdə böyük saziş hazırlanacaq. Eyni zamanda Azərbaycan -Ermənistan sərhədində  beynəlxalq sülhməramlıları yerləşdiriləcək. Nə sülhməranlılar yerləşdirildi, nə də böyük saziş imzalandı. Bu atəşkəs beynəlxalq hüquqa uyğun olan rejim deyil. Rusiya bu sənədlə  Ermənistanı və Azərbaycanı  tabe etməyə çalışır. Qarabağ münaqişəsi Ermənistanı və Azərbaycanı idarə etmək üçün Rusiyanın əlində olan vasitədir”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə Bişkek protokolunda Azərbaycanın maraqlarının tam şəkildə təmin olunduğunu deyib: “Həm ərazi bütövlüyü, həm Dağlıq Qarabağdan separatçıların təmizlənməsi baxımından tam ideal bir sənəd idi. Amma bir məsələ var idi ki, sülhməramlı qismində Rusiya ordusu Dağlıq Qarabağa daxil olmalı idi. Yəni, bu əslində o demək idi ki, Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycana qaytarılması şərti anlayış olacaqdı. Əgər, Rusiya qoşunları Qarabağa yerləşdirilsəydi, Azərbaycanla Rusiyanın münasibətləri pisləşdiyi anda ruslar ermənilərə şərait yaradacaqdı ki, yenidən əraziləri öz nəzarətlərinə keçirsinlər.

Əslində bu protokoldan əvvəl də, sonra da hadisələr bu istiqamətdə gedirdi. Rusiyanın separatçılara dəstək verdiyini göstərən ən real nümunə Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələridir. Yəni, regionda baş verən bu 3 münaqişədə Rusiya yalnız separatçıların mövqeyini müdafiə etdi. Nəticədə Gürcüstanın ərazi bütövlüyünə 2 dəfə böyük zərbə də vurdu. Məhz həmin  sülhməramlılar faktoruna görə o zaman Azərbaycan rəhbərliyi Bişkek protokolundan imtina etdi. 

Əgər orada ayrı variant, məsələn, beynəlxalq sülhməramlıları yazılsaydı, düşünürəm ki, bəlkə də Azərbaycan bu sənədi qəbul edə bilərdi. Çünki belə demək mümkündürsə Bişkek protokoluna ATƏM-in (İndiki ATƏT- müəl.) Budapeşt sammiti oldu. Həmin sammitdə Azərbaycanın ortalığa qoyduğu və qəbul etdirdiyi prinsipial qərarlardan biri də sülhməramlıların say nisbətilə bağlı idi. 1994-cu ilin noyabrında qəbul olunan qərarda göstərilirdi ki, heç bir tərəf sülhməramlıların ümumi sayının üçdə birindən çox ola bilməz. Dağlıq Qarabağ münaqişəsi üçün minimum 4 dövlət sülhməramlı göndərməlidir. 

O, zaman Heydər Əliyev Rusiyanın sülhməramlı missiyasını monopoliyaya keçirməsinin qarşısını aldı. Tam səmimiyyətlə deyirəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsi Dnestryanı və Cənubi Osetiyadan fərqli olaraq həll olunmağa daha yaxındır”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …