Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Beynəlxalq birliyin” Ermənistanın arxasından çəkilməsi və N.Paşinyanın erməniləri təşvişə salan bəyanatı

“Beynəlxalq birliyin” Ermənistanın arxasından çəkilməsi və N.Paşinyanın erməniləri təşvişə salan bəyanatı

Qonşu dövlətin Baş naziri N.Paşinyan parlamentdə çıxışı zamanı həm Ermənistandakı, həm də Qarabağdakı ermənilərin kəskin narazılıqla qarşıladığı bəyanatla çıxış edib. Söyləyib ki: “beynəlxalq birlik Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı və Dağlıq Qarabağın statusu ilə bağlı plankanı endirməyi gözləyir. Əks halda bizə ümid etməyin-deyir: “Ona görə yox ki, istəmirik. Ona görə ki, kömək edə bilməyəcəyik!””
Ermənistan liderinin beynəlxalq birliyin bu tələbini qəbul etmək istəyini ermənilər hiddət və qəzəblə qarşılayıblar. Çünki, “plankanın endirilməsi”-dedikdə, ““müstəqillik xəyalları”ndan imtina olunmasının və Azərbaycan tərkibində yaşamağa hazırlaşmağın”-nəzərdə tutulduğunu anlayırlar.
Bəs, bu bəyanata biz necə yanaşmalıyıq? Ermənilərin təşviş keçirməsi, qorxması, bu fikirləri qəbul etməməsi səbəbindən sevinməliyikmi? Onların qəbul etmək istəmədikləri hər təklif mütləq bizim xeyrimizə olan kimi qiymətləndirilə bilərmi?
Birmənalı şəkildə yox.
Əslinə qalsa N.Paşinyanın 13 aprel 2022-ci il tarixli bəyanatı ermənilərdən çox bizi hiddətləndirməli və düşündürməlidir. Nədən?
Gəlin əvvəlcə Paşinyanın “beynəlxalq birlik”-deyəndə kimi nəzərdə tutduğunu müəyyənləşdirək. Aydındır ki, o ifadəni işlədərkən erməni lideri Cibutini, yaxud, Botsvananı nəzərdə tutmur. Söhbət regionda söz sahibi olan, yaxud, olmaq istəyən və şübhəsiz ki, Minsk qrupuna daxil olan -ABŞ, Fransa, Almaniya, Rusiya kimi ölkələrdən gedir.
Bəyanatdan məlum olur ki, bu ölkələr tələb edirlər ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və Qarabağın müstəqilliyi barədə arzularından imtina etsin”.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir dəfə MDB-yə daxil olarkən tanıyıb və hazırlanan “sülh sazişini” imzalamaqla ikinci dəfə də tanıyacağı heç kimdə şübhə doğurmur.
Bizi narahat edən ikinci məsələdir. Beynəlxalq birlik Qarabağla bağlı “plankanı” hara qədər endirmək istəyir və bu “endirmə əməliyyatını” necə təsəvvür edir?
Bu barədə bizə çox az şey məlumdur. Məlum olan odur ki, ötən ilin fevralında ABŞ Müdafiə nazirliyinin kollecində keçirilən müzakirələrdən sonra son dərəcə təhlükəli-“Azərbaycan üçün Deyton sazişi”-təklifi ortaya çıxmışdı.
Bu təqribən, 1998-ci ilin noyabrında təklif olunan “ümumi dövlət” variantının yenidən ortaya atılmasıdır və bizimçün qətiyyən qəbul olunmazdır.
Fransa rəsmiləri “status” barədə dəfələrlə danışsalar da, konkret olaraq nəyi nəzərdə tutduqlarını heç vaxt bəyan etməyiblər. Ancaq İkinci Qarabağ müharibəsinin gedişində parlamentin -“Qarabağın müstəqilliyinin tanınması”- təklifini qəbul edə bilməyən Fransanın ABŞ-la eyni mövqedən çıxış etməsi də heç kimdə şübhə doğurmur.
Bəs, Rusiya nə istəyir?
17 noyabr 2020-ci il tarixdə, yəni, müharibədən dərhal sonra V.Putin status barədə danışarkən-“bu məsələ gələcəkdə həll oluna bilər”-dedi və gələcəyi xeyli uzadaraq məsuliyyəti hətta “özündən sonrakıların” üstünə atdı. Həmin bəyanatdan sonra bir daha bu mövzuya qayıtmadı və bu səbəbdən Rusiyanın mövqeyini müəyyənləşdirmək çətindir.
Ancaq bir şey aydındır. Rusiyanın bu məsələdə tutduğu mövqe Paşinyanı ciddi şəkildə narahat edir. Ötən ilin noyabrında Soçi görüşü zamanı onun Rusiyanın vasitəçiliyi barədə Azərbaycan prezidentinin təklifinə qarşı çıxması və “vasitəçi Minsk qrupu olmalıdır”-deməsi də bu narahatçılıqla əlaqədardır.
“Qarabağ məsələsi”nin tamamilə gündəlikdən çıxarılmasında bizi ümidləndirən əsas amil Azərbaycan prezidentinin- “münaqişənin bitdiyi və heç bir statusun olmayacağı” barədə 10 noyabr 2020-ci il və “Qarabağ münaqişəsinə münasibətdə Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı yoxdur”- fikrinin səsləndirildiyi 22 iyul 2021-ci il tarixli bəyanatlarıdır.
Təbii ki, “Minsk qrupu”nun sıradan çıxmasından və Avropa İttifaqından fərqli olaraq Rusiyanın xüsusi nümayəndə təyin etməsindən sonra bu bəyanatlar bizim ümidlərimizi daha da artırır. Hiss olunur ki, Rusiya Avropa İttifaqını bu məsələyə yaxın buraxmaq istəmir və Türkiyə ilə birlikdə “sülh sazişi”nin imzalanmasına, “Qarabağ məsələsi”nin gündəlikdən çıxarılmasına nail olmaq istəyir.
Ermənilərin ümidlərinin azalması və havadarlarının mövqeyinin dəyişməsi də Azərbaycanın gücünün, nüfuzunun artmasının və “beynəlxalq birliyin” bununla hesablaşmasının nəticəsidir.
Ancaq arxayınlaşmaq olmaz. Ermənilər hələ də “status” ümidlərini, bu məsələdə “beynəlxalq birliyin” dəstəyini itirməyiblər və bu səbəbdən əsas mübarizə hələ qabaqdadır.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …