Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bayram xəracının Müzadil adlı kasıb qurbanı

Bayram xəracının Müzadil adlı kasıb qurbanı

Bu əziz gündə Şamaxıda baş verən faciəvi hadisə çoxlarına təsir etməyəcək, bilirəm. Ən çox da o üzdən ki, bu ölkədə qəzet, sayt oxuyan çox azdır və onlar bilməyəcəklər ki, Şamaxıda 23 yaşlı bir oğlan sırf nişanlısına bayram sovqatı göndərə bilmədiyi üçün intihar edib.

Bu hadisənin evində bayram süfrəsi açanlara, bir-biriilə bayramlaşmaq imkanı olan çoxllarına heç bir təsiri olmayacaq. Onların çoxu bir gəncin (əslində iki gəncin, eləcə də iki nəslin) faciəsini ürəklərinə yaxın buraxmayacaqlar. Hər kəs öz işinə-gücündə olacaq.

Təbiidir. Hər kəsin 150-200 (lap olsun 1-2 min) nəfərlik dost-tanış dairəsi var və adam onlardan birinin, şəxsən tanıdığı, ünsiyyətdə olduğu insanın başına faciəvi hadisə gələndə üzülür. Yerdə qalan insanların dərdi-kədəri, sıxıntısı, iztirabı bizlik deyil. Tanıdığımız yaponun ölümü bizi daha çox üzə bilər, nəinki tanımadığımız qonşunun faciəsi.

Bu işlər belədir. Şamaxıdakı gəncin faciəsinə də çoxumuz bu prizmadan baxacağıq.

Amma bu, durumun faciəviliyini azalttmır. Bir gənc kasıbçılıqdan, maddi sıxıntıdan ömrünün ən yaxşı vaxtında bir gənc xanımı gözüyaşlı qoyaraq həyata vida edib.
O gəncin doğulduğu il az qala hər günüylə yadımızdadır. Elə bil dünən idi. Təlatümlü illərdi. Ölkədə hərc-mərclik hökm sürürdü. Bundan da daha pisi o idi ki, kütləvi işsizlik vardı. İnsanlar aclıq çəkirdilər. İldə bir qiyam cəhdi olurdu. 1993-də olmuşdu, 94-də olmuşdu, 95-də də oldu.

O vaxt da maddi sıxıntı üzündən öz canına qıyanlar vardı. Amma o zaman 23 yaşlı gənclər özlərini öldürmürdülər, bu yola əsasən körpə uşaqlarının yanına əliboş dönə bilməyən ailə başçıları edirdi.

Müzadil adlı şamaxılı gənc məhz o ağır ildə doğulmuşdu. O gözünü kasıbçılıqda açmışdı. Bu günkü imkansızlıq ona tanış olmalıydı və heç də o ağır illərdəkindən pis ola bilməzdi.

Ancaq bir anlıq hissə qapılma, bir anlıq boşluq, zəiflik o gənci aramızdan ayırdı.

İndi onu qınayanlar da var və haqlıdırlar. Kasıbçılığa görə intiharı çıxış yolu hesab etsəydik, onda 23 il öncə 23 yaşı olanlardan bir təki də həyatda olmamalıydı.
Biz də o vaxt sıxılırdıq, qazancımız nəinki nişanlıya hədiyyə almağa, heç öz başımızı dolandırmağa bəs etmirdi, amma dözürdük və ümid edirdik ki, yaman günün ömrü az olacaq. Gerçəkdən də elə oldu. Sonrakı illər bir-birindən nisbətən yaxşı gəldi.

İstər-istəməz hərəyə bir qapı açıldı, kimisi yaşayış yerini dəyişdi, kimisi – işini, məşğuıiyyətini, bəziləri – özlərini, bir çoxları – yollarını. Axır ki, hər kəs özünə bir cür gün-güzəran qurdu, vəziyyətdən çıxdı.

Müzadil də çıxacaqdı. Bu gün gələcək xanımına bayram sovqatı göndərə bilməməsinin xəcaləti sonralar xoş bir xatirəyə, hətta məzəli hadisəyə çevriləcəkdi, hər Novruzda onu danışıb ailəlikcə gülüşəcəkdilər.

23 il öncə nişanlısına bir ədəd qızılgül bağışlamağa imkanı çatmayan o qədər adam sonrakı illərdə xanımlarına elə gözəl hədiyyələr ala bilmişdilər ki…
Həyat sovqat göndərib-göndərməməkdən niyə asılı olsun ki. Həyatın özü insanlara bir sovqatdır. Nişanlıya telefonla göndərilən xoş bir söz belə çox qiymətli maddi sovqatdan ötədir.

Hansısa filosofun (deyəsən, Tusinin) belə bir fikri var, deyir, alicənab insan o insandır ki, var-dövləti ilə lovğalanmaya, kasıblığına darılmaya.

Gərək Müzadil də kasıblığı üçün darılmayaydı. Darılmasa o, kəndirə əl atmaz, özünü dara çəkməzdi.

Bu kimi hadisələrdə heç bir bayramın günahı yoxdur. Bayramlara müxtəlif adətləri insanlar calaq edib. Onlardan biri də ilboyu ard-arda düzülən bayramlarda nişanlı oğlanların qız qapısına xonça, qurbanlıq heyvan aparmasıdır. Bu, son illərdə çıxıb və mədəni şəkildə xərac tələb etməkdir. Adı xərac deyil, bir hərf fərqlidir – xərc adlanir.

Məhz bu calaq, yaramaz adət bir gənci həyatdan qopardı… Nişanlısının qapısına qurban apara bilməyən oğlan özünü qurban etdi. Çox kədərlidir, çox…

Xalid KAZIMLI

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …