Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Başlayıblar məni tənqid, təhqir etməyə ki, “özün yetim-yesir olasan””

“Başlayıblar məni tənqid, təhqir etməyə ki, “özün yetim-yesir olasan””

“Mən çıxışımda deyəndə ki, supermarketlərdə insanları aldadırlar, dövlət qurumları özlərini layiqli aparmırlar bunu lağ-lağı mövzusuna çevirirlər. Lakin deputatlar hər zaman xalqın sözünü deməyə çalışırlar”.

Bu sözləri Yenisabah.az-a deputat Rüfət Quliyev deyib.

Parlamentin son plenar iclasında supermarketlərlə bağlı çıxışından sonra gündəmi dəyişən millət vəkili sosial şəbəkələrdə haqqında yazılanlara münasibət bildirib:

“Bizdə onlarla deputat çıxış edib deyir ki, inflyasiyanın qarşısını almaq lazımdır. Biz də bu cəmiyyətin içində yaşayırıq. Mən çıxış edib dedim ki, supermarketlərdə insanları incidirlər, artıq pul almağa çalışırlar. 

“Yetim-yesir” sözünü işlədəndə dedim ki, bunu ironiya ilə sarkazmla deyirəm. Fikrimin məğzi kənarda qaldı, başladılar ki, “bu niyə “bakkuş” dedi?”. “Bakkuş” indi satılmır, 30 il bundan qabaq İrandan gəlirdi və ən ucuz şirniyyat idi. Mən bunu deməyə çalışırdım. Çıxış etdiyim vaxt orada İqtisadiyyat Nazirliyinin işçisi oturmuşdu, ona üzümü tutub fikirlərimi dedim. Dedim ki, bu məsələ ilə məşğul olun, rəhbərliyə bunu məruzə edin, yoxlama aparın”.

Deputat süni qiymət artımı edən market işçilərini sərt şəkildə qınayıb:

“İnsanlar ən ucuz şirniyyatı – “Bakkuş”u almaq istəyir, amma onun da puluna gözünüzü dikirsiniz. Market sahibləri belə şeyə göz dikməz, amma həmin sahəni idarə edənlər görün nəyə göz dikirlər. İnsanların cibində 10-15 manat pul var, gedib nə isə almaq istəyir, ona da göz dikirlər. 

Mən çıxışımda dediklərimi bu mənada demişdim. Məsələ qalıb kənarda, başlayıblar məni tənqid, təhqir etməyə ki, “özün yetim-yesir olasan” və s. Bu nə deməkdir? Mən o boyda cürət edib çıxış etdim, bir çox insanla üz-üzə gəldim. Elə adamlar oldu ki, gəlib dedi ki, “Ay Rüfət müəllim, siz niyə filankəsləri tənqid edirsiniz, axı onlar da çalışırlar”. Amma cəsarətlə cavab verdim ki, necə çalışırlar ki, yüzlərlə insan onlardan şikayət edir?! Belə şey olarmı? 

Bu qədər fırıldaqçılıqla, müxtəlif üsullarla insanların cibinə girmək hesab edirəm ki, Allahsızlıqdır. Mən də çalışıram ki, çıxışlarımda bu məsələləri deyim ki, qoy gedib rəhbərliyə çatsın, onlar da bilsinlər. Kasıb insanların cibinə girmək biabırçılıqdır. 

Çoxu da deyir ki, mən Allaha inanıram, gündə 5 dəfə namaz qılıram. Allah qəbul etsin, qıl, bəs niyə cibgirliklə məşğul olursan?! Bu cibgirlikdir, bunun başqa adı yoxdur! Piştaxtadan kassaya qədər məgər gömrük postumu var? Niyə qiymət qalxmalıdır? Deməli, belə şəxslər cəzalandırılmalıdır. Mənim gözümün qabağında o qədər belə hadisələr yaşanıb ki… 

Kassada başqa insanların başına gəlib. Vicdanıma and olsun ki, həmin vaxt müdaxilə edirəm, görürəm kassada dava-dalaş var, müştəri də geriyə çəkilir. Yaxınlaşıb demişəm ki, mən millət vəkiliyəm, sadə vətəndaşı sıxışdırırsan, indi gəl mənə cavab ver! Necə olur ki, kassada qiymət dəyişir? Sonra sizi işdən çıxaranda başlayırsınız ağlamağa, diz çökməyə ki, məni çörəyimdən etməyin. Axı siz balalarınıza bu cür, çirkli çörək aparırsınız. Belə şey etmək olmaz. Özü də kasıbın cibinə girirlər, varlıya 10 minlik malı, 10 min 500 manata satsanız varlı onu heç hiss etməyəcək. (Bunu da ironiya ilə deyirəm) Kasıbla nə işiniz var?”

R.Quliyev qeyd edib ki, onun çıxışı heç də nəticəsiz qalmayıb. Artıq cənub zonasındakı supermarketlərdə ciddi yoxlamalara başlanıb:

“Bu çıxışımdan sonra mənə məktublar gəlməyə başlayıb. Az əvvəl aldığım məktubda deyilir ki, artıq cənub zonasında supermarketlərdə ciddi yoxlamalar başlanılıb. Tapşırıq verilib ki, deputat qiymətlərlə bağlı narazılıq edib, məsələ yoxlanılsın. Vay o gündən ki, piştaxtadakı qiymətlə kassadakı fərqli olsun… Demək ki, ictimai qınaq öz sözünü deməyi bacarır. Çalışmalıyıq ki, bu cür nöqsanları dilə gətirək, ictimailəşdirək ki, tezliklə həll olunsun”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …