Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakıya “İsgəndər” raketi atmaq əmrini kim verib?

Bakıya “İsgəndər” raketi atmaq əmrini kim verib?

“44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri Bakıya ən azı 1 ədəd ”İsgəndər-SS-26″ ballistik raket atıb”.

Bu barədə tanınmış amerikalı siyasi icmalçı Maykl Doran Azərbaycan Diplomatik Akademiyasının jurnalında dərc olunan məqaləsində yazıb.

O xatırladıb ki, Ermənistanın strateji silah arsenalına Moskvanın nəzarət etdiyini xatırladıb. Yəni, ermənilər “İsgəndər-SS-26″i müstəqil şəkildə istifadə edə bilməzdilər. ”Ola bilsin rus komandanlıq iyerarxiyasında çox yüksək səviyyəli biri, bəlkə də elə Putinin özü hücuma “dobro” verib. Böyük ehtimalla, həmin şəxs hətta bunu etməyi ermənilərə əmr edib. Çox etibarlı mənbələrdən bizə məlumdur ki, raket atışı və ya atışları 8 və ya 9 noyabr 2020-ci ildə baş verib. Məlumdur ki, hərbi əməliyyatların dayandırılması haqqında bəyanat Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 2020-ci il noyabrın 9-da axşam saatlarında imzalanıb və 10 noyabr 2020-ci il tarixindən qüvvəyə minib. Yəni atış və ya atışlar müharibənin son saatlarında, Putin atəşkəsə vasitəçilik etdiyi vaxt baş verib. Bu, belə demək mümkünsə, Putinin danışıqlara “əsas töhfəsi” idi”.

Müəllifin fikrincə, döyüş meydanındakı vəziyyətin qısa təsviri onun motivlərini ortaya qoyur: “Azərbaycan ordusu təzəcə cəsarətli və uğurlu qəfil hücuma keçərək erməniləri Xankəndinə baxan strateji əhəmiyyətli Şuşa şəhərindən çıxarmışdı. Əməliyyat Azərbaycan hərbçilərinə ən qısa zamanda bütün erməni qüvvələrini Qarabağdan sıxışdırıb çıxarmağa imkan verirdi. Yəni azərbaycanlılar tam qələbəyə cəmi bir addım qalmışdılar. Məhz bu zaman Bakıya atəş açmaq əmri verildi. Əliyev, şübhəsiz ki, hər şeyi düzgün anladı və raket atışını Putinin təxminən belə bir mesajı kimi qəbul etdi: Ermənistan qoşunlarının Qarabağdan tamamilə çıxarılması Moskva üçün qırmızı xətdir, təcili atəşkəsdən imtina Rusiya tərəfindən böyük eskalasiyaya səbəb olar və bu eskalasiya paytaxt Bakıda Azərbaycanın mülki obyektlərinə, ölkənin neft-qaz infrastrukturuna hücumlarla nəticələnə bilər. Bu, hətta 2014-cü ildə Ukraynadakı kimi Qarabağdakı atəş xəttində qəfildən ”balaca yaşıl adamların” (rus hərbçilərin – red.) görünməsinə səbəb ola bilər”.

Dorana görə, məhz bu eskalasiya təhdidi “azərbaycanpərəst Putin” yarlığının yanlışlığını ortaya qoyur. Rusiya prezidenti, onun qeyd etdiyi kimi, şübhəsiz ki, Paşinyanı cəzalandırmaqdan həzz alırdı, lakin “Ermənistan baş nazirinə sillə vurmaq” onun strateji məqsədi deyildi. “Putinin Azərbaycana bir o qədər də sevgisi yox idi. Onun yeganə məqsədi Rusiyanın Bakı ilə İrəvan arasında ”tarazlayıcı” statusunu saxlamaq idi. O, azərbaycanlıların qalib gəlməsinə imkan vermədi, çünki onların tam qələbəsi təkcə münaqişəyə deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı “imperiya” roluna tam və əbədilik son qoyardı”, – amerikalı siyasi icmalçı vurğulayıb…

AĞ Partiya başqanı Tural Abbaslı bu açıqlamada yer alan fikirlərin hər kəsə məlum olduğunu söylədi: “Burada müxtəlif variantlar var. Heç kəsə sirr deyil ki, üçtərəfli bəyanat imzalanan gün Bakı ətrafında yüksək bir səs eşidildi. Bu partlayış səsi idi. Bu səsin Rusiya və ya Ermənistan tərəfindən atıldığı ehtimal olundu. Azərbaycan hökuməti bunun üzərinə çox getmədi. Çünki ümumi razılıq əldə olunmuşdu. Bu raket atışını müxtəlif cür qiymətləndirmək olar. Burada Rusiyanın Azərbaycana mesajı ola bilərdi ki, atəşkəsə getməsəniz, proseslərə qoşula, paytaxtınıza raket zərbələri endirə bilərik. Bunu bir təxribat kimi də qiymətləndirmək olar. Eyni zamanda, Putinin danışıqlar apardığı vaxt Rusiya və Ermənistan ordusu daxilində atəşkəsi istəməyənlərin cəhdi də ola bilərdi. İstənilən halda Rusiyanın burada maraqlı olduğu, Kremlin icazəsi olmadan həmin raketlərin atmağın mümkünsüz olduğu hər kəsə aydındır. Bunun üçün də hər zaman qeyd etmişik ki, şimal qonşumuzdan ehtiyatımızı saxlamalıyıq. Öz maraqları naminə hər şey edə biləcək bir ölkə olduğunu heç zaman unumamalıyıq. Biz hər zaman qeyd edirdik ki, Qarabağda Azərbaycan qalib gələndən sonra Rusiyanın burada qalmasının heç bir önəmi qalmayacaq. Onun üçün də Kremlin marağında deyildi ki, birmənalı şəkildə tərəflərdən birinin qələbəsi olsun. Bunun üçün də xəyallara heç zaman qapılmamalıyıq ki, Rusiya dostumuzdur filan. Kremlin bu münaqişədə oynadığı rolu da unutmamalıyıq”.

YAP-çı deputat Ceyhun Məmmədov Azərbaycan tərəfin əlində faktların olduğunu söylədi: “Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı ən müxtəlif silahlardan istifadə etdi. Şuşada ”İsgəndər M” raketlərinin qalığı tapıldı. Zaman-zaman Ermənistan bu tipli addımlarını atıb. İndi hər halda ekspert öz fikrini bildirir. Ən azından biz o faktı bilirik ki, Ermənistan Şuşa istiqamətində bu silahdan istifadə edib. Digər istiqamətlərdə də bu imkanları var və bu istisna olunmur”.

Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli məsələyə geniş şərh verdi: “Maykl Doran ciddi analitikdir və məqaləsində toxunduğu məqamların əhəmiyyətli hissəsi reallığı əks etdirir. Amma bu reallıqları ortaya çıxarmaq üçün nə məxfi məlumatlara, nə də dərin analitik təhlilə ehtiyac yoxdur. Maykl Doranın yazdıqlarını Azərbaycanda müəyyən siyasi təcrübəsi olan və proseslərə emosional rakursdan yanaşmayan hər kəs bilir. 2020-ci ilin noyabr ayında Azərbaycanda və sosial şəbəkələrin Azərbaycan seqmentində yayımlanan, paylaşılan analitik materiallarla kiçik bir araşdırma aparın və dediklərimin həqiqət olduğunu görəcəksiniz.

Maykl Doranın “yaşıl adamcıqlar”la bağlı təxminlərinə gəldikdə isə, bu barədə müharibədən bir ay öncə yazmışdım. 2020-ci il avqustun 29-da yazdığım “Yaşıl adamcığaz”lar üçün yaşıl işıq” adlı yazımda Ermənistanda “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinə, hərbi könüllü dəstələrin yaradılması üçün hüquqi bazanın hazırlanmasına diqqət çəkmişdim. Həmin yazıdan kiçik bir iqtibası təqdim etməyin yerinə düşəcəyi qənaətindəyəm: “Ukraynanın Donbas və Luqansk vilayətlərində separatçı hərəkatlara hərbi dəstəyin verilməsi prosesində də ”könüllü hərbi dəstələr”dən istifadə olunmuşdu və hələ də istifadə olunmaqdadır. Ola bilsin ki, Paşinyan hakimiyyəti bu qanun layihəsi vasitəsi ilə, gələcəkdə “yaşıl”, yaxud hər hansı yeni bir rəngdə olan “adamcığazlar”ın bu və ya digər əməliyyatlara cəlb edilməsi üçün hüquqi baza hazırlayır”. Və indi də bu qənaətdəyəm ki, “yaşıl adamcıqlar” döyüş əməliyyatlarının həyata keçirildiyi ərazilərdə noyabrdan daha öncə “zühur” etməliydilər. Və bəlkə də bununla bağlı faktlar olub. Çünki müharibənin gedişi ilə bağlı araşdırma aparan xarici hərbi mütəxəssislərin rəyi də ondan ibarətdir ki, Ermənistan tərəfindən hazırda rəsmi şəkildə etiraf olunanlardan dəfələrlə çox itki verilib. Hətta Ermənistanın hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı əlçatan olan görüntülər də belə düşünməyə əsas verir.

Bununla bağlı bir fakta da diqqət çəkim. Müharibənin gedişində, oktyabr ayının 31-də yazdığım “Ermənistan ordusunda yaralıların sayı nə qədərdir?” adlı yazıda Ermənistanın rəsmi statistik göstəricilərinə və bu ölkənin rəsmilərinin açıqlamalarına istinad edərək, ağır yaralıların sayı ilə bağlı təxmini bir rəqəm əldə etmişdim. Sitat: “Son statistik göstəricilərə görə, Ermənistan əhalisinin sayı 2 986 100 nəfərdir. Dünya Bankının açıqladığı son hesabatda bildirilir ki, Ermənistan xəstəxanalarında əhalinin hər 1000 nəfərinə düşən çarpayı sayı 4,2 təşkil edir. Bu isə o deməkdir ki, hazırda Ermənistan xəstəxanalarında ən azı 12 min 542 yer var. Bu yerlərdən 2760-nın COVİD-19 xəstələrinə ayrıldığını nəzərə alsaq, yerdə 9 min 782 çarpayı qalır. Qeyd edim ki, Ermənistan SN-in digər açıqlamalarında, xəstəxanalarda COVİD-19 xəstələriylə yanaşı, yalnız ağır vəziyyətdə olan xəstələr üçün yer ayrıldığı bildirilir. Onların da sayı, 1000-1500 nəfərdən çox deyil. Bu rəqəmləri nəzərə alsaq, Ermənistan xəstəxanalarında müalicə alan yaralıların sayının 8 min nəfərdən çox olduğu aydın olur. Xatırladım ki, xəstəxanalar əsasən vəziyyəti ağır olan yaralıları qəbul edirlər. Bununla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərində – Dağlıq Qarabağ xəstəxanalarındakı çarpayı sayının da yaralılarla bağlı yekun rəqəmin əldə edilməsi üçün nəzərə alınmasını vacib hesab edirəm. Bununla bağlı, dəqiq statistik rəqəmləri əldə etmək mümkün olmasa da, hər halda səhra xəstəxanalarını da nəzərə alsaq, təxmini rəqəmi əldə etmək olar. Təxminən 1500 çarpayı. Bu isə Ermənistan ordusundakı ağır yaralıların sayının 10 min nəfərə yaxın olduğunu deməyə əsas verir. Amma real rəqəmin bundan daha çox olduğu qənaətindəyəm”. Bu sıraya Ermənistandakı morqlardan, kütləvi məzarlıqlardan əldə olunan görüntüləri, həmçinin ölkədən kənara təyyarələrlə daşınan cəsədləri də nəzərə alsaq, Ermənistan tərəfinin itkilərinin sayının 11-12 min nəfərdən az olmadığını düşünürəm. Ermənistan rəsmi şəkildə 3809 nəfər hərbçisinin öldüyünü, 199 nəfərin isə itkin düşdüyünü bildirir. Azərbaycandan səslənən ehtimallara görə, Ermənistan tərəfindən döyüşən hərbçilər arasına ölənlərin sayı 7-8 min nəfərdir. Qeyd edim ki, müharibədə ölən ölkə vətəndaşları ilə bağlı, hətta Ermənistan rəhbərliyi istəsə də belə, bir neçə min nəfərlik fərqlə yanlış məlumat verə bilməz. Ölü sayının gizlədilməsi, yaxud az göstərilməsi əsasən Azərbaycan ərazilərində yaşayan və döyüş əməliyyatlarında iştirak edən etnik ermənilərlə bağlı ola bilər. Onların sayının ifrat dərəcədə az göstərilməsi mümkün deyil. Digər tərəfdən, Ermənistana Avropadan, həmçinin yaxın Şərqdən gələn muzdluların arasında ölənlərin də sayının, müəyyən istisnalar olmaqla, gizlədilməsinin mümkün olmadığını düşünürəm. Və yenə də o ehtimalın üzərində dayanıram ki, əməliyyatlarda “yaşıl adamcıqlar” iştirak ediblər, lakin böyük itkilərə məruz qaldıqları və Azərbaycan ordusunun qarşısında dayana, həmçinin hava hücumundan müdafiə oluna bilmədikləri üçün “geri çəkiliblər”. Bu səbəbdən də, “İsgəndər” raketləri işə düşüb. Təbii ki, bütün bunlar ehtimallardır. Amma mənim üçün həqiqətdən heç də uzaq olmayan ehtimallardır. Maykl Doranın bir sıra məsələlərdə neytrallığını qoruyub saxlaya bilmədiyini düşünürəm. Xüsusilə də “Putinin azərbaycanlıların qalib gəlməsinə imkan verməməsi” iddiası ilə bağlı… Düşünürəm ki, Mayk Doran Rusiyanın müharibənin ilk günündən prosesə daha sərt və açıq müdaxilə edəcəyi təqdirdə, əməliyyatların daha tez dayandırıla biləcəyi ehtimalını dilə gətirmək istəməyib. Rusiyanın hərbi əməliyyatların əhəmiyyətli hissəsində neytrallığının təmin edilməsi, Azərbaycan Prezidentinin zəfərimiz qədər əhəmiyyəti olan diplomatik uğurudur. Digər tərəfdən, bizim məqsədimiz öz torpaqlarımızı işğaldan azad etmək olub və bu gün də hesab edirəm ki, əldə etdiyimiz nəticə mümkün olanın ən yuxarı həddidir. Hazırda problemli görünən bəzi məqamlar isə, zaman keçdikcə öz həllini tapacaq”. “Yeni Müsavat”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …