Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakıda böyük köç anonsu: köhnə binalar söküləcək

Bakıda böyük köç anonsu: köhnə binalar söküləcək

Paytaxtın bütün doqquz mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb

Bakıda ötən əsrin 60-cı illərində tikilən “xruşşovka”lar 25 il üçün nəzərdə tutulsa da, artıq ikinci 25 illiyini başa vurub. Beton konstruksiyalardan tikilən bu binaların yarım əsrdən çoxdur ki, istismar edilməsi artıq təhlükənin nə dərəcədə ciddi olmasından  xəbər verir. 
Mütəxəssislər həyəcan təbili çalır. Adi halda bu binalar hələ bir neçə il istismara yarasa da, hər hansı fövqəladə hal, zəlzələ və sair baş verərsə, kiçik bir təkana belə davam gətirə bilməz. Bakının demək olar ki, əksər rayonlarında mövcud olan bu tipli köhnə binalarda müşahidə aparsaq, bəzilərində çatlar yarandığının və qəzalı vəziyyətdə olduğunun şahidi olarıq. Onu da qeyd edək ki, paytaxtda binaların təxminən 10-15 faizi məhz “xruşşovka” tipli binalardır. Qəzalı vəziyyətdə olan binalara fransız və Minsk layihəli binaları da aid edə bilərik.
 
Hökumət də durumun fərqindədir. Fevralin 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə də bildirib ki, Bakının bütün doqquz mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb: “Həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur”.
Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı da “Yeni Müsavat”a açıqlamasında, “xruşşovka”ların istismar müddətini başa vurduğunu və təhlükə mənbəyinə çevrildiyini bildirdi: ““Xruşşov” layihəli çoxmənzilli binaların tikintisi əsasən ötən əsrin 60-cı illərində həyata keçirilib. Bu binalarda  daha çox beton faner konstruksiyalardan istifadə olunub. Burada istismar dövrü çox əhəmiyyətli məsələdir. Bəziləri düşünür ki, bu binalar 15-20 il üçün nəzərdə tutulub. Lakin bu da səhv  yanaşmadır. Heç bir çoxmənzilli bina belə qısa müddət üçün nəzərdə tutula bilməzdi. Amma həmin binaların da yaşı artıq 50-ni ötüb və o tikililərin bəzilərində möhkəmlətmə, bərkitmə işləri aparılmasına baxmayaraq, bu binalar həm istismar dövrünü başa vurub, həm də mövcud  beynəlxalq standartları nəzərə alsaq, yaşayış minimumu tələblərinə cavab vermir.
Lakin Bakıda “Xruşşov layihəli” binalardan daha köhnə binalar var. Bunlara fransız və Minsk layihəli tikililəri misal çəkə bilərik. Hazırda bazarda müəyyən qədər normal qəbul olunan və alqı-satqıya cəlb olunan “Stalin layihəli” tikililərin də adını çəkmək olar”.
Bu binaların təhlükəsizlik tələblərinə cavab verməsi məsələsinə gəlincə, Ramil Osmanlı bildirdi ki, beton konstruksiya ilə inşa olunmuş bir bina artıq 50 illik tarixi əhatə edirsə, onun istismar müddəti başa çatmış və ya başa çatmaqda olan kimi qəbul oluna bilər: “Burada həmin tikililərin yaşayış minimumu tələblərinə cavab verməməsi də aktualdır. Bu baxımdan hesab edirəm ki, fransız, Minsk və ”Xruşşov layihəli” tikililərin yeni və müasir standartlara cavab verən mənzillərlə əvəz olunmasına ehtiyac var.
Paytaxtın müxtəlif ərazilərində belə tikililər var. Yasamal rayonunda, Nəsimi rayonunun mikrorayonlar hissəsində var, “8-ci kilometr” adı ilə tanıdığımız ərazidə, “Qara Qarayev” metro stansiyası yaxınlığında kifayət qədər bu cür tikililər var. Həmin dövrlərdə şəhərsalma ilə bağlı aparılmış tədbirlər çərçivəsində şəhərin bütün ərazilərində, yaşayışın çox olduğu yerləri əhatə edib. Bu ərazilərin hamısında köhnə binalar mövcuddur”.
Binaların müəyyən müddətə çökmə ehtimalının olmasına münasibət bildirən ekspert vurğuladı ki, hər hansı bir fövqəladə hal baş verdiyi təqdirdə həmin binaların çökməsi istisna deyil: “Bu tikililərin yeni binalarla əvəzlənməsi həm şəhərsalma baxımından, paytaxtın nəqliyyat infrastrukturunun bərpası baxımından , həm də sakinlərin daha yaxşı mənzillərdə yaşaması baxımından önəmlidir. Xarici təcrübədə şəhərsalma proqramları vaxtaşırı nəzərdən keçirilir. Məsələn, Bakı şəhərində sonuncu şəhərsalma proqramı – Bakı şəhərinin baş planı ötən əsrin 70-ci illərinin sonunda qəbul olunub, ondan sonra həmin sənəd yenilənməyib. Ancaq xarici ölkələrdə həmin sənədlər müvafiq dövrlər ərzində, hər 20-25 ildən bir yenilənir. Həmin baş planlarda tikililərin istismar müddəti qeyd olunur. Heç bir bina ömürlük tikilmir. Şəhərlərin baş planına uyğun olaraq araşdırma aparılır və qəzalı binalar ləğv olunur. Bu ölkələrdə insan faktoru daha öncədir. Bu baxımdan Avropa ölkələrində şəhərsalma ilə bağlı tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir və o müddət heç vaxt pozula bilməz. Əgər bina 50 il üçün nəzərdə tutulubsa, onu 55-60 il istismar etməyə yol verilməz”.
Ramil Osmanlı yeni tikililərin müasir standartlar əsasında tikilməsinin də vacibliyini vurğuladı: “Bakının yeni müfəssəl planı hazırlansa da, hələ ki Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu qərardan çox şey asılı olacaq. İndi Bakı şəhərində 2003-cü ildən başlayaraq, yeni tikililərin tikilməsinə başlanıldı və onlarda Avropa standartlarına əməl olunmağa başlandı. Əvvəlki beton konstruksiyalardan imtina olundu, binalar künclərdən armaturla bərkidilməyə başladı. Əgər əvvəllər yalnız binalar künc hissələrdən bir-birinə bərkidilirdisə, indi  orta hissələrdən də armaturla bərkidilir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın