Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bakı-Tehran münasibətləri yeni mərhələdə – Ruhaninin Azərbaycan səfərində tarixi nəticələr

Bakı-Tehran münasibətləri yeni mərhələdə – Ruhaninin Azərbaycan səfərində tarixi nəticələr

İran liderinin ölkəmizə ziyarəti bəzi “i”lərin üzərinə nöqtə qoydu; Tehran ərazi bütövlüyümüzə sadiq olduğunu bəyanladı; işğalçı ölkə üçün başqa bir bəd müjdə: Ermənistan ətrafında iqtisadi-nəqliyyat blokadası güclənir

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana iki günlük səfəri başa çatdı. İran liderinin budəfəki ziyarəti əvvəlkilərdən yaxşı mənada yetərincə fərqləndi. Bakıda imzalanan tarixi sənədlər və keçirilən görüşlər, ilk dəfə baş tutan biznes-forum, prezidentlər səviyyəsində verilən bəyanatlar iki qonşu dövlət arasında əlaqələrin dinamik, qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafda olduğuna şübhə yeri saxlamadı. İqtisadi əlaqələr isə bir qayda olaraq sağlam siyasi münasibətlərin mühüm alt bazası hesab edilir, qarşılıqlı iqtisadi bağlar həm də siyasi bağlara vəsilə olur.

Ruhaninin Azərbaycan budəfəki səfərini ən əvvəl bu rakursdan qiymətləndirmək lazım gəlir. “Yeni Müsavat” xatırladır ki, Həsən Ruhani Bakıya Türkmənistandan gəlib. Bu da səbəbsiz deyildi. Səfər həm də yeni bir formatda – Bakı-Tehran-Aşqabad üçlü formatda qarşılıqlı əlaqələrin inkişafı üçün möhkəm təməl yaratmaq niyyəti güdürdü. Bundan ötrü üç ölkənin iqtisadi-ticari, insani və başqa potensialı, müştərək əməkdaşlıq üçün sahələr kifayət qədərdir. Bu üç dövlətin böyük neft-qaz ölkəsi və qonşu olmasının, bir-biri üçün əlverişli bazar olmasının özü elə açılmamış ciddi potensial deməkdir və Ruhaninin səfərindən sonra yəqin ki, onun tədricən işə düşməsinin yeni-yeni təzahürlərinin şahidi olacağıq.

İran prezidentinin Bakı səfəri bu xüsusda mühüm stimul və bənzərsiz bir təkan ola bilər və olacaq da (səfər barədə daha detallı ayrıca yazıda tanış ola bilərsiniz). Öncəliklə bunu qeyd edək ki, Bakıda imzalanan sənədlər və qəbul edilən ortaq qərarlar baxımından səfər əslində ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi xarakterizə edilə bilər.

*****

Tehran-Bakı əlaqələrinin yeni və daha yüksək fazaya keçməsi Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan üçün məxsusi önəm daşıyır. Doğrudur, bu dinamikada qonşu İran da maraqlıdır – ələlxüsus son vaxtlar ABŞ-dan əsməyə başlayan güclü anti-İran ruzigarları fonunda. Azərbaycan üçün isə təcavüzkar Ermənistanın təklənməsi və blokadasının güclənməsi baxımından böyük önəm daşıyır. Bu proses davam edir. Təsadüfi deyil ki, Ruhaninin budəfəki Bakı səfəri işğalçı ölkədə daha böyük təlaş doğurub.    

  

Başqa yandan, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni köklərə malik iki qonşu ölkə olaraq İran və Azərbaycanın münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsi sayıla bilər. Bu, həmçinin iki dövlətin bir-biri üçün artan siyasi əhəmiyyəti və bağlılığı deməkdir. Bu kontekstdə Həsən Ruhaninin Bakıda bəyan elədiyi “Azərbaycanın təhlükəsizliyi və suverenliyi bizim təhlükəsizliyimiz və suverenliyimizdir” sözləri dünya ilə yanaşı, Ermənistana da yaxşı bir mesajdır.

Bütövlükdə son dörd il ərzində İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Bu dəfə diqqəti xüsusi çəkən həmçinin, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında imzalanan Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş oldu. Bunlar tarixi əhəmiyyət daşıyan sənədlərdir. Niyə?

xəzər dənizi ilə bağlı ile ilgili görsel sonucu

Əvvəla, Xəzərlə bağlı razılaşma dənizin yekun hüquqi statusu ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir mövcud olan ziddiyyətlərin, nəhayət, əməkdaşlıqla əvəz olunmasını təmin edə bilər.

İkincisi, “İpək Dəmir yolu”nun mühüm seqmenti sayıla Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsi haqqında saziş, müvafiq tikinti işlərinə başlanması haqda qərar çox böyük iqtisadi hadisədir. Çünki bununla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluq aradan qalxmış olacaq. İran və Azərbaycan dəmir yolu sistemləri həmişəlik bir-birinə birləşməklə iki ölkəni və iki xalqı bir-birinə daha sıx bağlayacaq. Habelə qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində inşa olunacaq və bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Bu yerdə yada salaq ki, sözügedən marşruta Hindistan, Pakistan, Çin, Əfqanıstan kimi ölkələr də qoşulmaq niyyətlərini bəyan edib.

*****

Ruhaninin Bakı səfəri çərçivəsində İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlərin olduqca xoş məram, qarşılıqlı etimad və ehtiram, müştərək mənafe və mehriban qonşuluq münasibətləri sayəsində gerçəkləşdiyi də məxsusi qeyd olunmalıdır.

Nəhayət, Azərbaycan üçün bu da çox önəmlidir ki, İran dövlət başçısı Bakıda ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sayğısını, sərhədlərin zorla dəyişdirilməsinin əleyhinə olduğunu birmənalı ortaya qoydu. Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyinin yanında olduğunu göstərə bildi. “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir”, “Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”. Həsən Ruhaninin bu sözlərini hər şeydən öncə ikinci erməni dövləti xülyası ilə yaşayan mənfur qonşularımıza “daşı ətəklərindən tökmək üçün” yaxşı bir ismarış saymaq olar…

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …