Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakı ilə Moskvanı “Dağlıq Qarabağ” məsələsində nə birləşdirir, nə ayırır?

Bakı ilə Moskvanı “Dağlıq Qarabağ” məsələsində nə birləşdirir, nə ayırır?

“ATƏT-in Minsk Qrupu çoxdan tarixin zibilliyinə tullanıbdır” – bu sözləri son vaxtlar çox tez-tez eşidirik. Əslində sıravi azərbaycanlılar, adi siyasi müşahidəçilər və təhlilçilər Minsk Qrupuna qiyməti on illər bundan əvvəl vermişdilər. Rəsmi Bakı isə bunu İkinci Qarabağ savaşından sonra etdi.

Amma bu sözlər Rusiya xarici işlər nazirliyinin sözçüçsü, çox hörmətli xanım Mariya Zaxarovanın dilində tamam fərqli məna kəsb edir. Bəli, ilk baxışda biz Rusiya kimi böyük dövlətin, Qarabağ probleminin nizamlanmasında bizimlə birgə yaxından iştirak edən bir ölkənin bizimlə həmfikir olmasından qürur duyuruq. Amma burada ciddi bir nüans var və o, da budur ki, burada məqsədlər fərqlidi- Moskva bunu bir məqsədlə deyir, biz isə tamam başqa məqsədlə…

Burada xüsusi girişsiz-filansız qeyd edək ki, belə bəyanatlarla Kreml əhli “Dağlıq Qarabağ” məsələsində özlərinin rəqiblərini kənarlaşdırır və bu müstəvidə öz hegemonluqlarını təsdiq etməyə çalışırlar.

Hətta son dövrləri götürsək, Rusiya Brüssel prosesini dondurmağa nail ola bildi. Demək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel böyük fəallıq göstərirdi və onun vasitəçiliyilə ciddi danışıqlar gedirdi.

Kreml əhli bundan bərk narahat idi və əslində Ermənistanın baş naziri Nikol Paşinyan öz məlum şərtini irəli sürməklə, Fransa Prezidentinin də danışıqlarda iştirak etməsini tələb etməklə Kremlə böyük xidmət göstərmiş oldu, ona görə ki, rəsmi İrəvan da tez bir zamanda sülh sazişinin imzalanmasında elə də maraqlı deyil. Onlar da hesab edirlər ki, vaxt onların da üzünə gülə bilər, bu səbəbdən də danışıqlar prosesini mümkün qədər uzatmağa çalışırlar.

İndi ortaqlıqda ABŞ ssenarisi qalıbdır. Vaşinqton çoxdan tərəflərə məsləhət görür ki, nə qədər ki, Moskvanın başı Ukrayna müharibəsinə qarışıbdı, dərhal sülh sazişini imzalasınlar. Belə xəbərlər yayıldı ki, ABŞ dövlət katibi E.Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşüb. Bu görüşlərin təfərrüatları bizə məlum deyil, amma güman edirik ki, Vaşinqton ssenarisinin ümumi fəlsəfəsini özlərində ehtiva edir. Çox təəssüf ki, Nikol Paşinyan tələsmir. Bəli, o, Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasının zəruriliyi haqqında bəyanatlar verir, amma bu qeyri-ardıcıl və eləcə də çox ziddiyyətli xarakter daşıyır. Məsələ bundadır ki, Paşinyan da hər şeydən əvvəl ermənidir və ürəyinin dərinliklərində o da revanşistdir.

Burada həm də o da var ki, ABŞ-ın və Fransanın dəstəyi Paşinyan cənablarında baş gicəllənməsi yaradıb. Amma o unutmamalıdır ki, ABŞ və Fransada erməni diasporaları bir neçə il bundan əvvəl də vardı. Bir neçə il bundan əvvəl də Paşinyan Qərbin dəstəyini qazanmağa cəhd edirdi, amma onu saya salmırdılar, Qərbin dövlət və hökumət başçıları onunla görüşlərdən qaçırdılar, çünki Nikol real sülh üçün zəmin yaratmır və ölkəsinin regional siyasətini dəyişməyə cəhd göstərmirdi. ABŞ və Avropa İkinci Qarabağ savaşından sonra belə hesab edirlər ki, real sülh üçün şərait yaranıb…

O ki qaldı Bakının Minsk Qrupuna münasibətinə, bir vaxtlar biz can atırdıq ki, prosesdə Rusiya hegemon olmasın, Qərb də “Dağlıq Qarabağ” məsələsinin nizamlanmasında iştirak etsin və burada bir növ balans yaransın. Bakı bir məsələyə xüsusi diqqət yetirirdi. Bu da bölgəyə gələcək sülhməramlıların tərkibinin beynəlxalq və çox millətli olması idi. Amma Qərb və onun timsalında Minsk Qrupu ümidlərimizi doğrultmadı. Fəqət, biz bir detalı unutmamalıyıq: Rusiyanın prosesdə hegemon olduğu dövrləri biz görmüşük. Bir vaxt Moskva Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaratmışdı, amma onun nə ilə nəticələndiyi ən azı həmin dövrü görmüş azərbaycanlıların yaxşı yadındadır…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …