Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Babalı Paşinyanın boynunadır…” – Elmar Məmmədyarov

“Babalı Paşinyanın boynunadır…” – Elmar Məmmədyarov

“Bu barədə cavab vermək çətindir, çünki mən danışıqların içində deyiləm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Eks-nazir ilin sonuna qədər imzalanması planlaşdırılan sülh sazişi barəsində fikirlərini səsləndirib.

“Azərbaycana Brüssel, yoxsa Moskva variantı daha məqbuldur” sualına cavab olaraq E. Məmmədyarov deyib ki, Azərbaycan üçün fərq etmir hansı variantda sülh sazişi bağlanacaq:

“Amma mən birmənalı şəkildə düşünürəm ki, bu, Azərbaycanın maraqlarına uyğun olacaq. Ona görə də hansı layihənin mətninin üzərində işləyəcəklərsə, bu, əsas məsələ deyil. Əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın milli maraqlarına uyğun olsun.

Əgər fikir vermisinizsə, Praqada qəbul olunan bəyannamədə qeyd olunur ki, Aİ-nin mülki missiyası maksimum 2 aylıq müddətə Ermənistana göndəriləcək. Yəni onlar sərhədlərin delimitasiya və demarkasiyasına köməklik göstərəcəklər. 2 ay da elə-belə bir müddət deyil. Yəqin ki, bunun əsasında çalışacaqlar ki, nə qədər tez olsa, o qədər yaxşı olacaq”.

Müsahibimizin sözlərinə görə, Ermənistanın destruktiv siyasətinə gəldikdə isə əlbəttə ki, Ermənistanda “revanşistlər” adlanan qüvvələr qalacaq:

“Onlar bunu necə qəbul edəcəklər, bu, artıq başqa məsələdir. Yəni babalı Paşinyanın boynunadır. O bunu öz əhalisinə necə təqdim edəcək ki, belə bir saziş var və biz imzalamalıyıq və s. bu, onun öz işidir.

Mən dəfələrlə demişəm ki, sülh sazişi ilk növbədə, Ermənistanın milli maraqları üçün vacibdir. Çünki həm sərhədlərin təyin edilməsi, həm də yolların açılması Ermənistanın iqtisadiyyatına müəyyən dividentlər verər ki, onlar inkişaf edə bilsinlər. Ona görə də, əgər bu baxımdan, Paşinyan iqtidarı bu sazişi qəbul etsə, imzalasa və öz əhalisinə bunu təqdim etsə, ola bilər ki, ilin sonuna qədər sülh sazişi bağlanılsın”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …