Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bəzi partiyaların qeydiyyatı ləğv oluna bilər

Bəzi partiyaların qeydiyyatı ləğv oluna bilər

Razi Nurullayev: “Mövcudluğu olmayan partiyalar ləğv olunmalıdır”

Azərbaycanda bəzi siyasi partiyaların ləğvi yaxın zamanlarda gündəmə gələcək. Kağız üzərində mövcud olan, maliyyə hesabatları verməyən, qeydiyyata alınmayan qurumların saxlanılmasının əhəmiyyətsiz olduğu hər zaman dilə gətirilir. Maraqlıdır ki, bu partiyalar içərisində rəhbərləri prezidentliyə iddiasını irəli sürənlər də var. Bu sırada yeni AXCP və AĞ Partiyanı qeyd edə bilərik. Hər iki partiyanın hələ də qurultay sənədləri təsdiq olunmayıb.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, rəhbərlik etdiyi partiya rəsmi dövlət qeydiyyatından keçmiş tamhüquqlu siyasi partiyadır: “1993-cü ildə partiyamız ”Vahid Azərbaycan Partiyası” kimi qeydiyyatdan keçib. Biz, sadəcə olaraq, son qurultayda partiyanın adını dəyişməklə bağlı qərar vermişik. Bu o demək deyil ki, AĞ Partiyanın qeydiyyatı yoxdur. Sadəcə olaraq, indi reyestrdə ad dəyişikliyindən söhbət gedir. Biz AĞ Partiya olaraq, MSK-ya özümüzün maliyyə hesabatımızı da təqdim etmişik. Bu barədə MSK-nın rəsmi internet səhifəsində də qeyd var. Ümumiyyətlə, siyasi partiyaların qeydiyyat məsələsinin hakimiyyət tərəfindən gündəmə gətirilməsinin tərəfdarı deyiləm. XXI əsrdə hansısa dövlətdə siyasi partiyaların ləğvindən söhbətin getməsi və belə müzakirələrin aparılması heç kimə başucalığı gətirməz. Əgər hansısa siyasi partiya fəaliyyətsizdirsə, demək ki, xalq ona səs verməyəcək və avtomatik olaraq o partiya siyasi səhnəni təbii yolla tərk etməyə məcbur olacaq. Düşünürəm ki, bu məsələləri inzibati yolla deyil, təbii siyasi proseslərlə tənzimləmək lazımdır. Hakimiyyət qeydiyyat məsələlərini daha da yüngülləşdirməlidir. Bizim indiki əsas işimiz seçkilərə hazırlıqdır”.

VİP sədri Əli Əliyev partiyasının seçkilərdə iştirakla bağlı hər hansı bir problemlə üzləşməyəcəyini bildirdi: “Azərbaycan iqtidarının daxildə yürütdüyü siyasətdən çıxış edərək, bu halları istisna etmirəm. Yəni bəzi siyasi partiyalar ləğv oluna da bilər. Çünki hakimiyyət nüfuz çevrəsini genişləndirmək üçün bir sıra partiyaları sıradan çıxarmaq xəttini uzun müddətdir davam etdirir. Biz artıq üçüncü il olacaq ki, həm vergi orqanlarına, həm də MSK-ya maliyyə hesabatları veririk. Bütün siyasi partiyalar bunu etməlidirlər. Biz qanunlar çərçivəsində fəaliyyət göstərdiyimiz üçün bunları edirik. Partiyaların nizamnamələrindən irəli gələn işlərə də nəzarət gücləndirilib. Ədliyyə Nazirliyi partiyaların nizamnamə ilə keçirdikləri qurultayları nəzarətdə saxlayır. Hələ ki hakimiyyət qanun çərçivəsində bunları edir. Öz tərəfimizdən deyirəm ki, bu il mayın 28-də dördüncü qurultayımızı keçirdik. Ədliyyə Nazirliyi tərəfindən heç bir problem yaradılmadı, əksinə, sənədlərin tərtibatında yardım göstərilib. Qurultay sənədlərimiz də təsdiq olunub. Bu baxımdan, düşünmürəm ki, qarşıdan gələn seçkilərdə hər hansı bir maneələrlə üzləşək”.

Yeni AXCP-nin sədri Razi Nurullayev bu cür məsələlərin gündəmə gətirilməsinin siyasi partiyalara təzyiq etmək üçün də ola biləcəyini istisna etmir: “Burada bəzi siyasətçilər mən də daxil olmaqla, siyasi çalarlar görürük. Digər tərəfdən, biz partiyaları iki hissəyə bölməliyik, fəaliyyəti olan və neçə illərdir kağız üzərində mövcudluğunu saxlayan partiyalar. Elə partiyalar var ki, fəaliyyətləri zəifdir. Amma elələri də var ki, ümumiyyətlə, fəaliyyət göstərmirlər. Mən də razıyam ki, statistika xatirinə partiyaların saxlanılması düzgün deyil. Mövcudluğu olmayan partiyalar, ümumiyyətlə, ləğv olunmalıdır. Aktiv fəaliyyətdə olan siyasi partiyalar üçün Azərbaycanda siyasi şərait yoxdur. Bunlar yaradılmalıdır. Bir neçə ildən sonra bu partiyaların fəaliyyətləri təftiş oluna bilər. Bizim partiyanın qeydiyyatı hələ də havadan asılı qalıb. Hüquqi cəhətdən ola bilsin ki, partiyanın namizədi kimi iştirak edə bilməyək. Amma qanunvericiliyimizdə digər vasitələrlə iştirak etmək imkanlarımız var. Bir neçə siyasi partiya ilə bloklaşma ola bilər və bu halda həmin blokun namizədi olmaq mümkündür”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …