Ana səhifə / Siyasət / Bəxtiyar Vahabzadənin oğlu Hikmət Hacızadəni ittiham etdi: “Axır vaxtlar eybəcər bir meyil yaranıb”

Bəxtiyar Vahabzadənin oğlu Hikmət Hacızadəni ittiham etdi: “Axır vaxtlar eybəcər bir meyil yaranıb”

Filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadə son günlər Xalq şairi Səməd Vurğun haqqında mediada yer alan fikirlərə, aparılan müzakirələrə öz münasibətini bildirib.
Səməd Vurğunu Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi adlandıran İ.Vahabzadə onu satqınlıqda ittiham edənlərə kəskin reaksiya verib: “Söz azadlığı, demokratiya deyə anlayışlar var. Çox təəssüf edirəm ki, çoxları bunu yanlış anlayır. Söz azadlığı sözün azadlığıdır, cəfəngiyyat azadlığı demək deyil. Demokratiya isə xuliqanlıqla səhv düşür. Halbuki, bunlar tamam ayrı-ayrı şeylərdir. Çoxları bundan istifadə edib bir neçə günlük gündəmdə qala bilmək üçün istədiyi fikri səsləndirir. Məsələn, son günlər dahi şairimiz Səməd Vurğun ətrafında səngiməyən söz-söhbətlər kimi… Səməd Vurğun nəhəng şairdir. Onun haqqında fikir söyləyən insan birinci düşünməlidir ki, biz kimin haqqında danışırıq, kimi tənqid edirik. Son zamanlar istər yaşlı nəsildə, istər cavanlar arasında Səməd Vurğun barədə çox müzakirə aparılır. Onu oxuyan da, oxumayan da, tanıyan da, tanımayan da tənqid edir. Mən bununla razı deyiləm. Mən bunu sadəcə İsfəndiyar Vahabzadə olaraq demirəm, filologiya elmləri doktoru, professor kimi deyirəm”.
Professor Vahabzadənin fikrincə, Səməd Vurğunu dövrlərə, illərə görə oxumaq və ya hansısa dövrə görə tənqid etmək doğru deyil: “Əvvəla, onu 1937-ci ildə sağ qalmasına görə tənqid edənlər həmin dövrdə olmayıblar, o dövrü bilmirlər, ya hardansa oxuyublar, ya da kimdənsə eşidiblər. Möcüzəni hamı eşidir, ancaq heç kim görmür. Bir filosof deyir ki, əgər biz həqiqət axtarışı ilə tarixi araşdırsaq, tarixdəki yalanları bir kənara qoysaq, yerdə qalan həqiqət olmayacaq, bir heç olacaq. Son zamanlar Vurğunu satqınlıqda günahlandırırlar. Bu sözü deyənlər ortaya dəqiq bir fakt qoysunlar. Yox, əgər heç bir faktları yoxdursa, onda sussunlar. Bir neçə günlük gündəm xatirinə ədəbiyyatımızda iz qoymuş imzaları tənqid etməyə gərək yoxdur. Bu, qıraqdan çox eybəcər görünür”.
Alim hesab edir ki, S.Vurğun öz əsərləri ilə yeni, gözəl poeziya dili, fərqli bədiyyət yaradıb: “Onun haqqında ancaq onun səviyyəsində olan biri danışa bilər. Atam Bəxtiyar Vahabzadə deyərdi ki:
Öz doğma xalqına vurğun deyildir,
Vurğunun şeirinə vurulmayanlar.
Səməd Vurğun bizim ədəbiyyatımızdır, tariximizdir, mədəniyyətimiz, milli, obrazlı düşüncəmizdir. “Baharın eşqiylə çıxır eyvana, Balası dalında qarışqalar da…” Bundan gözəl söz tablosuna nadir halda rast gəlinər!”
İ.Vahabzadə yalnız Səməd Vurğunla bağlı deyil, ümumən bir sıra klassiklərlə bağlı cəmiyyətdə mənfi rəy yaratmağa çalışan insanlara da cavab verib: “Ümumiyyətlə, bu, təkcə Səməd Vurğun məsələsi deyil. Klassik yazarlarımızın çoxusu bu gün tənqid olunur, özü də onların bir misrasını, cümləsini yaza bilməyənlər tərəfindən. Məsələn, Tolstoy Şekspiri, Marina Svetayeva Çexovu, Mirzə Fətəli Axundov Füzulini, Hüseyn Cavid Sabiri, Abdulla Sur Məhəmməd Hadini qəbul etmirdi. Onların bu mövqeyi başa düşüləndir. Çünki onlar təxminən eyni səviyyədə, yanaşı zirvələrdə olan insanlardır. Bəs indi danışanlar kimdirlər? Onların çoxunun cəsarəti sadəcə gülüncdür. Məsələn, Xalq yazıçısı Anarı haqsız tənqid edənlər var. Mən deyə bilərəm ki, Anar ədəbiyyatda mənim üçün kumirdir. O, nəinki Azərbaycan ədəbiyyatında, bütünlüklə dünya ədəbiyyatında ustad yazıçılarından biridir. Biz gərək fəxr edək ki, xalqımızın Anar kimi övladı, ədibi var. Anarın hələ qırx yaşı olanda bütün dünyaya səs salmışdı. Ancaq indi onu tənqid edənlərin bəziləri 50-ni də keçmələrinə baxmayaraq, ədəbiyyatda ciddi bir iş görə bilməyiblər”.
İ.Vahabzadə vurğulayıb ki, hazırda klassiklərimizə, tariximizə “dil uzadanların” ən birinci məqsədi ucuz yolla tanınmaq, gündəmə gəlməkdir”: “Səməd Vurğunu guya mənasız şeirlər yazmaqda tənqid edən adam onun “Tək məzar” şeirini oxusun. Kimin nə danışmasından asılı olmayaraq, bu böyük şair həmişə oxunacaq və seviləcək. Fiziki ölümündən 60 ildən çox zaman keçsə belə, hələ də imzası, şeirləri, mənəvi varlığı ilə kimlərisə narahat edirsə, bu da o deməkdir ki, Vurğun poeziyası, sənəti yaşayır. Təəssüf ki, axır vaxtlar eybəcər bir meyil yaranıb. Bir-iki yazı yazıb uğur qazana bilməyən insan o saat başlayır Səməd Vurğunu, Rəsul Rzanı, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Anarı tənqid etməyə ki, bəs onlar bizə yazıb-yaratmaq imkan vermirlər. Bunlar, xüsusən bugünlərdə Səməd Vurğunun əleyhinə deyilənlər gülünc, mənasız ittihamlardır, cılız düşüncələrdir”.
İ.Vahabzadə özü haqqında səslənən söz-söhbətlərə də toxunub:
“Mənim haqqımda da deyirdilər, elə indi də deyirlər ki, guya həyatda nəyə nail olmuşamsa, atam Bəxtiyar Vahabzadəyə görə əldə etmişəm. Axı mən elm sahəsində çox yüksək nəticəni – filologiya elmləri doktoru, professor adını, diplomatiyada isə illərlə ölkəmizi müxtəlif ölkələrdə təmsil etmək şansını qazanmışam. Öz üzərimdə çalışaraq, zəhmət çəkərək bunlara nail olmuşam. Atam mənim əvəzimdən gedib Əfqanıstanda döyüşməyib, yaralanmayıb ki. Özüm o yolu keçmişəm. Bunu mənim haqqımda deyənlər isə heç gedib Qarabağda da döyüşməyiblər. Müharibə iştirakçısı olduğuma görə mənə ikiotaqlı ev vermişdilər. Həmin vaxt uşaqlarım körpəydilər, mən də müharibədən təzə qayıtmışdım, başımda zədə vardı. Onunla belə, çalışırdım, uşaqlar yatandan sonra yazılarımı yazırdım, oxuyurdum, araşdırırdım. Mənim namizədliyimi iki, doktorluq müdafiəmi isə dörd il ləngitmişdilər. O zamanlar çox stress keçirirdim. Atam dedi ki, əgər sənin savadın, qabiliyyətin varsa, müdafiə edəcəksən. Mən özümü akademiyada müxbir üzvlük üçün təqdim etmişdim. Atam dedi ki, səsvermə zamanı sənin adının üstündən xətt çəkən birinci mən olacağam. Niyəsini soruşanda cavab verdi ki, filankəs səndən daha çox layiqdir, mən ona səs verəcəyəm. Dedim ki, əgər səs verməyəcəksənsə, onda mən də müxbir üzvlük üçün sənədlərimi vermirəm. Beləcə, mən heç zaman müxbir üzvlük üçün sənədlərimi vermədim. Amma sonralar Moldova Milli Elmlər Akademiyasının müxbir üzvü oldum. Hər altı aydan bir tezislərimi yazıb göndərirəm. Bəli, bu, mənim üçün çox çətindir, ancaq çətinliyə baxmadan bu işi görürəm”.
Sonra alim yenə də S.Vurğun mövzusu üzərinə qayıdıb: “Bu yaxınlarda Fəxri Xiyabana, atamın qəbri üstünə getmişdim. Orada Səməd Vurğunun qəbrini də gördüm, çox təsirləndim. Mən özümü Səməd Vurğunun mənəvi övladı sayıram, ona görə də böyük şairin məzarını ziyarət etməyi borc bilirəm. Əslində, bu mənəvi borc hamımızın üzərinə düşür”.
 525-ci qəzet

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın