Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyevi oğurlayıb, işgəncə verdilər

Bəxtiyar Hacıyevi oğurlayıb, işgəncə verdilər

İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.

Bakupost.az –ın məlumatına görə, o bildirib ki, evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər ona hücum edib:
“Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək naməlum istiqamətdə apardılar.
Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar.

Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər. Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. (Sonuncu postlarım şəhid yoldaşlarını aldadaraq onlardan pul tələb edən, özünü DİN-ə yaxın sayan, həbs edilməmiş dələduzlarla bağlı idi.)

Bütün prosesin Go-Pro vasitəsilə çəkilişini edirdilər. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər.
Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir “Kamaz”ın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi.

Bu baş verən dövlət səviyyəsində cinayətkarlıq, mafiya davranışıdır, bütün mənəvi, insani dəyərlərin aşılmasıdır. Bununla bağlı mən dünən bir neçə rəsmi şəxsə və qurumlara müraciət etdim. Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, V.Eyvazov sizinlə görüşəcək, bu hadisənin DİN tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim. Mən də gözlədim”.

Daha sonra B. Hacıyev paylaşım edərək Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovla görüşdüyünü bildirib:

“Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.

Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”, – o qeyd edib.

O vurğulayıb ki, cinayətkarlar tapılmayana, cəzalanmayana qədər başına gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …