Ana səhifə / Siyasət / “Azimport” şirkəti Rəşad Məmmədovdan imtina etdi – AÇIQLAMA

“Azimport” şirkəti Rəşad Məmmədovdan imtina etdi – AÇIQLAMA

“Azİmport” MMC bu şirkətin bir müddət öncə həbs edilmiş sahibi Rəşad Məmmədovla (Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi) bağlı açıqlama yayıb.

Modern.az saytına göndərilən açıqlamada deyilir ki, “Azimport” MMC haqqında son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yanlış məlumatların yayılması burada çalışan çoxsaylı peşəkar mütəxəssislərin, mühəndis, memar və dizaynerlərin narhatlığına səbəb olub.

“Belə ki, jurnalistlərin bilərəkdən və ya bilməyərəkdən, həqiqətə uyğun olmayan, təsdiqlənməyən faktlar və şayiələr əsasında qələmə aldıqları, bəzən qərəzli xarakter daşıyan yazılar müəssisənin normal fəaliyyətinə mənfi təsir göstərir”.

Şirkət bəyan edib ki, bəzi KİV-lərin bir müddət əvvəl şübhəli şəxs qismində saxlanılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovu “Azimport” MMC-nin sahibi kimi göstərməsi ictimaiyyəti çaşdırır, müəssisənin işgüzar nüfuzuna kölgə salır:

“Şirkətin İctimai əlaqələr şöbəsi olaraq bildiririk ki, 2011-ci ilin aprel ayında dövlət qulluğunda fəaliyyətə başladığı vaxtdan Rəşad Məmmədovun “Azimport” MMC ilə hüquqi əlaqələrinə xitam verilib, onun müəssisənin idarəçiliyi və təsərrüfat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, “Azimport” MMC-nin Bakı şəhərində bina və tikililərin yanğına davamsız zərərli materiallarla üzlənməsində iştirakı barədə yazılanlar da əsassız və yanlışdır”.

İctimai əlaqələr şöbəsi bildirir ki, müəssisənin həmin materialların istehsalını və istifadəsini həyata keçirən “Global Construction” şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqəsi olmayıb.

“Azərbaycanın inşaat sektorunda çalışan məsuliyyətli və nümunəvi müəssisələrdən biri olaraq “Azimport” MMC özünün bütün layihələrində insan sağlamlığına təhlükəli törətməyən, tibbi və ekoloji standatrlara tam cavab verən ən keyfiyyətli tikinti materiallarından, müasir yerli və xarici texnologiyalardan istifadə edir.
Peşəkar işçi-mütəxəssis komandası, texniki-intellektual potensialı ilə müəssisə bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək, tikinti-quruculuq layihələrinin icrasında fəal iştirak etmək əzmindədir.
KİV və ictimai əlaqələr şöbəsi jurnalistləri diqqətli olmağa, yanlış və dəqiqiləşdirilməmiş fakt və məlumatları yaymamağa çağıraraq bildirir ki, “Azimport” MMC-nin fəaliyyəti barədə hər bir vətəndaş və media nümayəndəsini maraqlandıran suallara cavab verməyə hazırdır”, – “Azimport” MMC-nin açıqlamasında bildirilib.

Xatırladaq ki, Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) maddəsi ilə həbs olunub. Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad olunub. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın