Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azersun”dan bahalaşma etirafı: “Xammalı xaricdən alırıq”

“Azersun”dan bahalaşma etirafı: “Xammalı xaricdən alırıq”

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azersun Holding” MMC-nin məhsullarında da kəskin bahalaşma hiss olunur.

Bahalaşma şəkər, qənd kimi məhsullarda o qədər də hiss edilməsə də, kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar biruzə verir.

Modern.az-ın verdiyi xəbərə görə, “Azersun Holding” MMC İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bahalaşmanı təsdiq edərək, müvafiq açıqlama verib: “Xalqın halına yanan tərəf varsa, o da bizik. Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq.

Nəzərə alın ki, ölkədə istehsal etdiyimiz məhsulları xaricdən hazır alıb yalnız bir əməliyyat etməklə kifayət qədər gəlir əldə edə bilərik. Biz isə buna getmirik.

Biz 250 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikmişik, müəssisələrimizdə 12 min yaxın insan işlə təmin olunub. Həm də nəzərə alın ki, buna baxmayaraq biz xamalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”.

A.Səfərov qeyd edib ki, holdinq baş verən devalvasiyadan sonra məhsulları bahalaşdırmağa məcbur olub: “Nəzərə alın ki, ilin əvvəlindən 100 faizə qədər devalvasiya gedib. “Azersun Holding”in məhsulları 21 fevral devalvasiyasından sonra cəmi 5-10 faiz bahalaşmışdı. İkinci 50 faizlik devalvasiyanın qarşılığında isə 25 faizlik bahalaşma labüd idi”.

Şirkət rəsmisi devalvasiya baş verən an rəflərdəki məhsulların qiymətinin dərhal qaldırılmasına da aydınlıq gətirib: “Bu zavod işləyir və biz lazım olan məhsulu valyuta ilə alıb emal ediriksə, buna getməliyik. Çünki, növbəti dəfəyə məhsul sifariş vermək üçün dollar almaq məcburiyyətindəyik. Və həmin an tənzimləməyə getməsək, qiyməti bazara uyğunlaşdırmasaq, növbəti dəfə üçün sifariş verdiyimiz xammalı ala bilməyəcəyik. Nəticədə minlərlə insan işsiz qalacaq, bazarda isə qıtlıq yaranacaq.

Bizim insanımız düşünür ki, məhsul Azərbaycanda istehsal olunursa, niyə bahalaşıb? Anlamırlar ki, lazımlı xammal idxal olunur”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın