Ana səhifə / Siyasət / Azdramada qarşıdurma kritik həddə – “İsrafilov getməlidir”

Azdramada qarşıdurma kritik həddə – “İsrafilov getməlidir”

Adı ətrafında demək olar ki, heç vaxt qalmaqallar əskilməyən Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi müqaviləni yeniləyər-yeniləməz teatrın bir qrup tanınmış aktyorunun “Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz” – deyə ölkə başçısı İlham Əliyevə ünvanladıqları müraciətin mətni mətbuatda yer aldı.

Qafqazinfo” “Kaspi” qəzetinə istinadən xəbər verir ki, sənət ocağının və ümumən teatrımızın sayılıb seçilən aktyorlarından – Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, İlham Əsgərov və başqalarının adının yer aldığı müraciəti aktyorlar özlərinin fəryadı kimi dəyərləndirirlər. Kollektivin bütün problemlərinin 2010-cu ildən, yəni Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin olunmasından sonra yarandığını bildirən aktyorlar qeyd edirlər ki, direktorun kollektivlə ilk görüşü yaradıcı heyəti aşağılamaqla və bu vaxta qədər görülən işlərin heç nəyə yaramadığını, səviyyəsiz və mənasız işlər olduğunu söyləməklə başlayıb. “Yeni təyin olunmuş direktorun kollektivimizin ünvanına söylədiyi bu haqsız fikirlərinə və aşağılayıcı münasibətinə baxmayaraq, biz işlərimizə davam etdik. Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir” – deyə müraciətdə qeyd olunub.

Aktyorların sözlərinə görə, daim zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır: “Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu”. Aktyorlar teatrda hazırda hökm sürən abı-havanın İ.İsrafilovun “Parçala, hökm sür” siyasətini ustalıqla həyata keçirməsi ilə əlaqələndirirlər: “İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi”. Aktyorlar Azərbaycan xalqının 143 illik tarixi olan sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, bir nəfərin hikkəsi və iradəsi ilə bütün mənalarda dağıdıldığı və məhv edildiyindən narahatlıqlarını dilə gətirirlər: “Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır”.

O cümlədən, Xalq artisti Azərpaşa Nemətovun da nazir Əbülfəs Qarayevin əmri ilə teatrın bədi rəhbəri və baş rejissoru təyin edilməsi kollektiv tərəfindən birmənalı qarşılanmayıb.

Yaxın keçmişə baxış

Bir az keçmişə – 5 il əvvələ nəzər salıb teatrda yer alan narazılıqlarla maraqlansaq demək olar ki, gileylər aktyorlarla müqavilə söhbətindən sonra başladı. O zaman İsrafil İsrafilov jurnalistləri yığaraq müqavilələrin uzadıldığını, yəni müəyyən güzəştlərə gedildiyini bildirdi. Hərçənd bu “güzəşt”də bəzi aktyorların gündəmə səs salan açıqlamaları da rol oynadı və onlar nəticədə bu “şans”ı qazandılar. Həmçinin teatr ənənəvi zəncirləri qıraraq modern teatr aləmində olduğu kimi “rejissorlarla müqavilə” məsələsini də gündəmə gətirdi. Və o zaman xeyli narazı qalan rejissorlar oldu. Teatrımızın səhnəsinə əcnəbi rejissorlar da o zamandan ayaq açdı.

Aktyor və rejissorlarla müqavilə məsələsi ətrafındakı söz-söhbətlərin səngiməsindən çox keçməmiş “yaş” məsələsi ortaya çıxdı. Teatr və kino aləmində yaşlılara böyük yer verildiyi, hətta sənətin meyarlarının onlar tərəfindən müəyyən edildiyi qonşu ölkələrdən fərqli olaraq “yaş” məsələsi bizdə əsil əngələ çevrildi. Belə ki, 65 yaşını adlayan aktyorlar təqaüdə göndərildi və gərəkirsə bəziləri ilə müqavilə bağlanıldı. Fəxri adları olanlara isə “hörmət” əlaməti olaraq səhnəni 70 yaşında tərk etməyə qədər güzəşt edildi. Gördükləri mənzərə ilə barışmayan Zərnigar Ağakişiyeva, Məcnun Hacıbəyov, Kubra Əliyeva… kimi aktyorlar teatrdan uzaqlaşdılar.

Aktyorların fəryadı?

Yaranan narazılıqlarla bağlı Xalq artisti Nurəddin Mehdixanlı ilə əlaqə saxladıqda aktyor ölkə başçısına ünvanladıqları müraciətdə teatrdakı bütün problemlərin öz əksini tapdığını bildirdi. Belə ki, beş il ərzində kifayət qədər dözdüklərini və səbr etdiklərini qeyd edən aktyorun sözlərinə görə, bu illər ərzində İsrafil İsrafilovu təyin edən səlahiyyətli insanların hörmətini saxlayaraq öz işləri ilə məşğul olmağa çalışıblar: «Amma proses tamamilə əks istiqamətdə getdi və gördük ki, o, teatrda yaradıcılıqla yox, intrirqalarla məşğuldur. Faktiki olaraq teatrın içərisindəki mənəvi, psixoloji və əxlaqi, yaradıcılıq atmosferi alt-üst oldu. Biz o qərara gəldik ki, 143 il tarixi olan bir sənət ocağına bu sayaq münasibət olmaz. Teatrdakı kollektivi bir-birinə qarşı qoymaq olmaz. 30-40 il bir yerdə çalışan insanları bu şəkildə üz-üzə qoymaq heç bir əxlaqi normalara sığmır. Biz də cənab prezidentin teatra və yaradıcı insanlara qarşı münasibətini bildiyimizdən məcbur qalıb 5 ildən sonra belə bir müraciət hazırladıq». Xalq artistinin sözlərinə görə, müraciətdə heç kim təhqir olunmur, əksinə, bu, təhqir olunan insanların bir fəryadıdır. Aktyorun sözlərinə görə, bazar günü Mədəniyyət və Turizm Nazirliyindən gələn nümayəndə xəlvəti şəkildə təqdimat keçirərək baş rejissor da seçiblər: «Onsuz da Akademik Teatr baş rejissorsuz qala bilməz. Bu, kapitansız gəmiyə oxşayır. Böyük təcrübəsi olan və kollektivin də uzun illər çalışdığı Azərpaşa Nemətov bədii rəhbər və baş rejissor təyin olundu. Bizim onunla heç vaxt problemimiz olmayıb. Ancaq onu kollektivə təqdim etmək lazımdır. Azərpaşa Nemətovu bu şəkildə təyin etmək həm onun özünə hörmətsizlikdir, həm də nazirliyin bütün kollektivə qarşı sayğısızlığıdır. Ömrünü-gününü bu sənətə həsr edən insanlarla bu şəkildə rəftar etmək olmaz».

İsrafil İsrafilovun yenidən teatra direktor təyin olunmasına gəlincə, aktyor bildirir ki, kollektivin böyük əksəriyyəti onunla işləmək istəmir: «Bunu bilə-bilə bu şəkildə davam etdirmək sonradan baş verəcək hadisələrin məsuliyyətini öz üzərinə götürmək deməkdir. Çünki İsrafil İsrafilov bütün mənalarda bu kollektivi bir-birinə düşmən elədi. Teatrın repertuarını bərbad günə saldı. Düzdür, onun teatrdan çıxarılması ilə bağlı qərar vermək bizim səlahiyyətimizdə deyil. Ancaq son beş ildə müşahidələrimizə əsasən kollektivin bir çox üzvləri bu fikirdədir ki, İsrafil İsrafilov bu teatrdan getməlidir. Çünki teatrımızda artıq xoşa gəlməyən hadisələr baş verir və sonradan nələrin baş verəcəyinə heç kim zəmanət verə bilməz».

Yaranan narazılıqlarla bağlı teatrın direktoru ilə əlaqə yarada bilmədik. Amma o zaman – hələ müqavilələrlə bağlı narazılıqlar yarananda İsrafil İsrafilov müsahibəsində: “Teatrda narazılıqlar həmişə olub və həmişə də olacaq” – deyə bildirmişdi. Hətta adlarını böyük qürur və minnətdarlıq hissi ilə xatırladığımız rejissorlar Mehdi Məmmədov, Tofiq Kazımovla bağlı da həmişə söz-söhbətlərin olduğunu misal çəkmişdi. Fərq ondadır ki, təkcə o vaxt aktyorların səbr kasası daşıb ölkə başçısına müraciət ünvanlanmamışdılar.

Direktor təxminən may ayında mətbuata müsahibəsində “Teatrı gözdən salmaq istəyənlər səmərəsiz işlər görürlər. Bu gün teatrda çox canlı yaradıcı proses gedir”- deyə bildirib.

Əlbəttə, yaranan vəziyyətdə kimin daha çox haqlı olduğunu araşdırmaq, tərəfləri dinləmək, sakitlik yaratmaq və ya tədbirlər görmək əlaqədar qurumların işidir. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirdi ki, ölkə başçısına müraciət nazirin əmrindən 10 dəqiqə sonra yayılıb. Belə ki, müraciətə imza atanlar əmrdən sonradan xəbər tutublar: “Müraciətdə əsasən yaradıcılıqla bağlı problemlər yer alıb. Mənə elə gəlir ki, hadisələri zamanın ixtiyarına buraxmaq və oradakı yeniliklərin şahidi olmaq lazımdır”.

Akdemik Milli Dram Teatrın mətbuat katibi Elçin Cəfərov isə İsrafil İsrafilovun sentyabrın 9-da məzuniyyətdən qayıdacağını və 11-də mətbuat konfransı keçiriləcəyini bildirdi: “Azərpaşa Nemətov də kollektivə təqdim olunacaq və yaranan suallara aydınlıq gətiriləcək”.

“Teatrda baş verənlərin axırı necə olacaq?” sualı isə hələlik açıq qalır. Hər halda insanların mənəvi qida alması üçün yol aldıqları məbədin adı ətrafında bu cür qalmaqalların yaranması yaxşı hal deyil. İstənilən halda, teatrı gözdən salmaq lazım deyil. Axı həmişə “teatr tərbiyə ocağıdır” demişik…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın