Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AZAL Pirat

AZAL Pirat

Adamlar tanıyıram, uçaq biletlərinin bahalığından illərdir çörəkpulu dalınca üz tutduğu Rusiyadan, Ukraynadan, Türkiyədən ailəsini Azərbaycana gətirə bilmir. Hansı tərəfdən hesablasan 4-5 nəfərin Bakıya gediş-dönüş bileti 2500 manatdan az eləmir. Təkcə uçaq. Hamı uçaqdan düşüb evinə çatmır ki?… Bunun kəndə getməyi var, qohum-qardaşın qapısını açmağı var, tarixi dayıların, əmilərin gəlişinə uyğunlaşdırılan toy-nişanı, 1-2 ay vətəndə yaşamağı var. Azı 7-8 min dollar gərəkdir. Hamıda yoxdur… Rusiyada, Ukraynada qazanmaq imkanları azalıb. Orda yaşayıb indiyə qədər burdakıları da dolandıranlarımız gileylənir –  daha əvvəlki qazanc yoxdu. AZAL da dirənib. Bu boyda qırğın-mərəkədən sonra dünya qiymətlərindən ortalama 400 faiz baha satdığı qiymətləri 20 fazi ucuzlaşdırıb. Belinə çöpdən dirək.
Bu günlər bir neçə dəfə “uçmalı”, Gürcüstanın, Ukraynanın hava daşımaçılığı şirkətrinin xidmətlərindən istifadə etməli oldum. Azərbaycanla müqayisədə çox ucuzluqdur.
Axır 2 ildə Azərbaycan vətəndaşlarının dünyaya Gürcüstan üzərindən çıxmaları bu ölkədəki qiymətləri bir qədər artırıb. Bazarın qaydasıdır – tələbat çoxalanda qiymət yüksəlir. Ancaq yenə də Tiflisdən uçmaq sərfəlidir. Xüsusən bilet bir ay, 20 gün  öncədən alınırsa, fərq böyük olur. Həm də Gürcüstan yalnız Gürcüstan Hava Yollarının xidmətlərini təklif etmir. Bu ölkənin hava məkanında dünyanın onlarla hava nəqliyyatı şirkəti işləyir. Hansını təhlükəsiz, cibinə uyğun sayırsan, min, uç. Rəqabət olan yerdə də qazanan daha çox bu xidmətdən istifadə edənlərdir.
 Bütün yayı Türkiyənin “AtlasJet”, “OnurAir”, “Pegasus” şirkətləri Tiflis-İstanbul-Tiflis reyslərini 100 dollar civarında saxlayıb. İzmir, Bodrum, Antaliya qiymətləri də o cür. İyun-sentyabr aylarında “AtlasJET”-in Tiflisdən İstanbula gediş-dönüş biletləri aprel ayından başlayaraq 109 manata satışa çıxarılıb. Nəyi pisdir ki? Sonucda minlərlə insan şirkətə öncədən ödəniş edir, şirkət imkanlarını genişləndirir, xidmətin səviyyəsini yüksəldir, sərnişinlər də pula qənaət edir.
Ukraynanın hava məkanında da durum Gürcüstandakı kimidir. Kiyev, Lvov, Odessa hava limanlarında olduq. Ukraynanın sarı-mavi bayraqlı uçaqları dünyanın digər hava şirkətlərinə aid  uçaqların içərisində it-bat olmuşdu. Bakıda isə 90 faiz quyruğu AZAL emblemli uçaqlardı. Binədə Türk Hava Yolları və AZAL-la ortaq reysləri olan 1-2 şirkətdən başqa heç bir şirkətə aid uçaq görmək mümkün deyil. Monopoliya, Anadolu türklərinin dediyi kimi, təkəlləşdirmə vətəndaşların seçim imkanını əlindən alıb. AZAL nə dedi, odu.
Ukraynada daxili reyslər son aylara qədər ucuz olmayıb. Yanukoviç dönəmində ölkəiçi reyslərin bir çoxunda qiymətlər beynəlxalq reyslərlə az qala bərabər idi. Krım, Odessa, Truskavets kimi turistik məkanlara biletlərin qiyməti yay aylarında daha da yüksəldilirmiş. Mixeil Saakaşvili Odessaya qubernator təyin edləndə ilk işlərindən biri hava məkanını dünyanın hava daşımaçılığı şirkətləri üçün açmaq oldu. Bu yay 6 beynəlxalq hava şirkəti Odessaya reys açıb. Bilirsizmi, bu, şəhərə gələn turist axınını nə qədər çoxaldıb – azı 3 dəfə. Yay hələ bitməyib 1 milyon yarımlıq şəhərə artıq 1 milyon yarım turist gəlib. Nəticədə ölkə büdcəsinə ciddi gəlirlər daxil olub. Bu gün 2 mindən çox oteli olan Odessada boş otaq tapmaq mümkün deyil. Kirayə evlər belə 2-3 həftə sonra üçün tutulub. Odessada həyat var… Ukrayna Hava Yolları bu şəhərə daxili reyslərin sayını çoxaldıb – daha Kiyevə gedib ordan Odessaya uçmağa, ikiqat xərcə düşməyə ehtiyac yoxdur. Bizim pulla 70-80 manata Ukraynanın harasından istəsən Odessaya uça bilərsən. Durumdan hamı məmnundur – vətəndaş da, şirkətlər də, dövlət də.
“Bizim” AZAL isə hələ də baqaj, yemək davasındadır. 1 aydır Cahangir Əsgərov kalkulyatorun düymələrini xarab eləyib, amma ortaya bir şey çıxara bilməyib. Ürəyi gəlmir… Biletə 500-600 manat verəndən sonra göydə paxlava damağa şirin gəlmir. AZAL-ın gördüyü işin adı hava daşımaçılığı yox, hava piratlığıdır.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın