Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azadlıq mücadiləmizdə Gəncə: 1804,1920,2020 – Nəsiman Yaqublu

Azadlıq mücadiləmizdə Gəncə: 1804,1920,2020 – Nəsiman Yaqublu

Azərbaycanın hansı bölgəsində doğulmağımızdan asılı olmayaraq, Gəncə bizim üçün doğma şəhərdir.Yazılarımın birində qeyd etmişdim ki, gəncəli olmaq elə azərbaycanlı olmaq deməkdir. Yəni “gəncəli” sözünün  bir mənası da  elə azərbaycançılıqdır. 

Bu ona görə deyil ki, bu gözəl bölgəmizə Nizami, Məhsəti kimi böyük dahilər yaşayıb və bəşər mədəniyyətinə böyük töhfələr verilib.Bu həm də ona görədir ki, Gəncə yadelli işğalçılara qarşı hər zaman mücadilə etmiş bir şəhərdir.Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi ilk şəhərimizdir.Gəncədə Cavad xanın,  Nəsib bəy Yusifbəylinin, Xudadat bəy Rəfibəylinin, Həsən bəy Ağayevin, N.Şeyxzamanlının və digər görkəmli şəxsiyyətlərimizin ruhu yaşayır.       

1804-cü ildə çar Rusiyası Azərbaycan bölgələrini işğal edərkən əsas güclü müqavimətlə Gəncədə rastlaşdı.Həmin ilin yanvarın 3-dən 4-nə keçən gecə general Sisianova sarsıdıcı zərbələr vuran  Cavad xanın qəhrəmanlığı dillərdə dastan oldu.”Ölmək var, dönmək yoxdur” şüarı gəncəlilərin mücadiləsinin əsas şüarına çevrildi.

1918-ci ildə Azərbaycanı xilasa gələn qəhrəman Nuru Paşa ilk olaraq Gəncədə öz qərargahını yaratdı və buradan torpaqlarımızı mənfur ermənilərdən təmizləməyə başladı.Azərbaycan Cümhuriyyətinin qurucuları ilk müstəqil dövlətimizin ilk qərarlarını burada qəbul edib xalqa çatdırdılar.       

1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra ilk üsyan bayrağı Gəncədə dalğalandırıldı.1920-ci ilin mayın 25-dən 26-na keçən gecə qəhrəman mücahid Cahangir bəy Kazımoğlunun başçılığı ilə Gəncə xalqı ayağa qalxdı və 10 gün ərzində hər yerdə üçrəngli müstəqillik bayrağımız dalğalandırıldı. İşğalçı Rusiya bolşevikləri 8 min əsgərini bu döyüşlərdə itirdi. Qəddar Rusiya ordusu əsgərləri 10 minədək gəncəlini qətlə yetirdilər ki, onların çoxu qocalar, qadınlar və körpələr  idi.  2020-ci ildə isə erməni terrorçuları  yaxın  dəstək verənlərinin köməyi ilə Gəncəyə raketlər atır və dinc insanlarımızı qətlə yetirirlər. Raketlər  gecələr- insanların yatdığı zaman atılr və bu da çoxlu  itkilərimizə səbəb olur. Döyüş meydanında Azərbaycan ordusunun zəfər yürüşlərinə dözə bilməyən ermənilər gecələr dinc insanlarımızı qətlə yetirməyə çalışırlar. Onlar bu raketləri öz güclərinə güvənib atmırlar.Onların məqsədi bu çirkin oyunlarına Rusiyanı  qatmaqdır. Azərbaycan ordusu ilə bacarmadıqlarını görüb indi də Rusiya ordusu vasitəsi ilə yenidən Qarabağı ələ keçirmək istəyirlər. Bu onların köhnə taktikasıdır.Sovet Rusiyasının nın köməyi ilə 1923-də Qarabağa muxtar vilayət statusu verdilər, 1988-1992-ci illərdə rus qoşununun iştirakı ilə bu bölgəni işğal etdilər. 

İndi situasiya dəyişir.Deyəsən,Rusiya da ermənilərin oyunlarından bezmişdir artıq.Məntiqlə Rusiya niyə Ermənistana görə Azərbaycan kimi strateji əhəmiyyətli bir bölgə ilə münasibətini pisləşdirməlidir? Həm də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə ilə də münasibətlərin pozulması ona sərf etmir.Digər tərəfdən savaşın genişlənməsi Rusiya daxilindəki müsəlman və türk toplumlarını da narahat etməyə başlayacaq və bu Rusiyaya yeni problemlər yaradacaq.     Bu gün  Azərbaycanın müstəqillik günüdür! 1988-1992-ci illərdə Milli Azadlıq Hərəkatı dövründə Gəncə yenə də önəmli rol oynadı və “Kirovabad” adının dəyişdirilib şəhərin əvvəlki tarixi adını bərpa etməsi bu mücadilənin ilk uğurlarından oldu.Gəncə tarixən olduğu kimi,bu gün də döyüşür və Azərbaycanın tarixində unudulmaz səhifələr yaradır.

Nəsiman Yaqublu

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …