Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı tanınmış hüquq müdafiəçisi Paşinyanın arvadına müraciət etdi

Azərbaycanlı tanınmış hüquq müdafiəçisi Paşinyanın arvadına müraciət etdi

Novella Cəfəroğlu: “Gəl, bizimlə Sülh Platformasında çalış…”

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akopyan Moskvada səfərdə olub və Dövlət Tretyakov qalereyasına baş çəkib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 24-də Akopyan Tretyakov qalereyasında müxtəlif sferalarda fəaliyyət göstərən bir sıra rusiyalı qadın-xadimlərlə görüşüb.

Görüşdə Anna Akopyan iştirakçılara bildirib ki, o, Qarabağa görə “Qadınlar sülh naminə” kampaniyası başladır. Paşinyanın arvadı bu bəyanatı müstəsna olaraq qadın və ana sözü kimi qəbul etməyi xahiş edib. Anna Akopyanın dediyinə görə, onun təşəbbüsünün əsas məqsədi Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. Ermənistanın birinci xanımı bunları deyib: “Əslində mən hesab edirəm ki, bu münaqişənin mənşəyinin əhəmiyyəti yoxdur. Mühüm olanı insan həyatıdır, bu münaqişəyə görə qurban gedən gənc insanlardır”.

A.Akopyan çıxışında 2016-cı ilin aprelindəki dörd günlük müharibəni xatırladıb. Deyib ki, həmin günlərdə o, KİV rəhbəri kimi həm erməni, həm azərbaycan KİV-lərini izləyirdi, bütün reportajlara baxırdı: “İnanın mənə, azərbaycanlı əsgərlərə baxanda, onların baxışlarını görəndə başa düşdüm ki, bu uşaqlar bizim əsgərlərdən fərqlənmir. Onların da baxışlarında həmin həyəcan və qorxu ifadəsi yer alırdı. Mən demək istəyirəm ki, heç bir siyasət, heç bir siyasi mənfəət həyata yeni atılmış uşaqların zorakı ölümünə, valideyinlərin ağrısına və yetim uşaqların əzablarına dəyməz”.

Anna Akopyan əlavə edib ki, hazırda dövlət başçısının arvadı rolunda olduğuna görə susa və öz səsini ucaltmaya bilməz. Anna Akopyan bütün tərəfləri atışmaların dayandırılması üçün mümkün olan hər şeyi etməyə çağırıb, görüş iştirakçılarından xahiş edib ki, təmas xəttinin hər iki tərəfində dayanan gənc insanların həyatını qorumaq naminə onun sülhə yönəlmiş təşəbbüsünə qoşulsunlar.

Bu məqsədlə Anna Akopyan görüş iştirakçılarını Ermənistana və Dağlıq Qarabağa səfər etməyə, oradan səslərini ucaltmağa çağırıb. Habelə o, xahiş edib ki, görüşdə iştirak edən qadınlar öz imkanlarından istifadə edərək bu mühüm mesajı sərhədin digər tərəfinə – Azərbaycana çatdırsınlar. Bildirilir ki, görüş iştirakçıları Anna Akopyanın çıxışına və təşəbbüsünə dəstək veriblər, onun başlatdığı kampaniyaya qoşulacaqlarını və regionda sülh naminə səslərini birləşdirəcəklərini deyiblər.

Ä°lgili resim

Azərbaycanın tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın sülh çağırışına münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında Novella Cəfəroğlu qeyd etdi ki, Anna Akopyanın dediklərində və sülh çağırışında səmimi olduğunu arzu edərdi: “Çox istərdim ki, Anna Akopyan səmimi olsun. Əgər o, həqiqətən səmimidirsə, həqiqətən qan tökülməsini istəmirsə, daha yaxşı. Lakin səmimi olduğunu gərək qarşıdakı fəaliyyətində addımları ilə ortaya qoysun. Oğlunu Azərbaycanın ərazisi olan Qarabağda hərbi xidmətə göndərib bunun ardınca sülh çağırışı ilə çıxış etmək bir-biri ilə ziddiyyət təşkil edən mövqedir. Əgər Anna Akopyan ürəkdən və səmimi olaraq sülh yaradılması işinə girişmək istəyirsə və hansısa sülh kampaniyasına başlayırsa, biz də sülh istəyən insanlar olaraq bu mövqe ilə razıyıq, biz də qoşularıq. Lakin bizim özümüzün də sülh naminə böyük projemiz var. Azərbaycanlı və Ermənistanlı qadınları sülh üçün bir araya gətirən platformadır. Azərbaycanlılardan və ermənilərdən ibarət Vətəndaş Sülhü Platforması xeyli vaxtdır yaradılıb və fəaliyyət göstərir. Anna Akopyan sülh istəyirsə, gərək xeyli müddət əvvəldən həmin Vətəndaş Sülhü Platformasına qoşulaydı. Mən Ermənistan baş nazirinin xanımı Anna Akopyana müraciət edirəm və onu Vətəndaş Sülhü Platformasına qoşulmağa çağırıram. Gəlsin, bizimlə Sülh Platformasında çalışsın. Anna Akopyan bir kampaniya başlatsın ki, Ermənistan Azərbaycanın 7 rayonundan çəkilsin və sonra Dağlıq Qarabağ problemi həll edilsin. Biz də gənclərin müharibədə həlak olmasını, talelərinin yarımçıq qalmasını, anaların gözü yaşlı olmasını istəmirik. Əgər Anna sülh çağırışında səmimidirsə, mən onu dəstəkləyirəm”.

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə bildirdi ki, bu günlərdə oğlunu Qarabağa hərbi xidmətə, vuruşmağa göndərən Ermənistan baş naziri Paşınyanın arvadının bu davranışı ilə Moskvada verdiyi bəyanat uyğun gəlmir: “Bu, bir daha onu göstərir ki, Anna Akopyan səmimi deyil, siyasi gediş edir. Bu, həm də xalis erməni riyakarlığının növbəti nümunəsidir”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …