Bunu Sergey Lapşin “Facebook”dakı şəxsi profilində paylaşdığı statusda yazıb. Bildirib ki, Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan azərbaycanlılar tez-tez ona yazırlar və demokratik Azərbaycan uğrunda müxtəlif tədbirlərdə iştirak etməyə çağırırlar. Həmçinin, Lapşin qeyd edir ki, bu müraciətlər artıq onu bezdirib:

“Bu gün Azərbaycan hakimiyyətinin onu neft gəlirlərindən uzaq tutmasından narazı qalan “müxalifətçi” mənə deyir: “Aleksandr, bizə sizin köməyiniz lazımdır. Mənsə cavab verirəm ki, mən oğurlananda və Azərbaycan həbsxanasında saxlanılanda bu Yunuslar və digər “müxalifət” mənə dəstək olmadı. İndi məndən də dəstək gözləməyin”.

Eyni zamanda, Lapşin təhqiramiz formada yazır ki, Azərbaycanın problemləri onun “…vecinə də deyil” və yalnız bir məqsədi var: “9 aylıq həbsə görə Azərbaycan hakimiyyətindən təzminat qoparmaq”.

Bəli, bu statusla dağıdıcı müxalifət düşərgəsinin ölkəmizə qənim kəsilən qüvvələrlə, xüsusən də erməni və ya ermənipərəstlərlə əməkdaşlıq etməsi faktı bir daha təsdiqlənir. İstər statusda adı keçən Yunuslar, istərsə də mövcud müxalifət partiyalarında olan Kərimlilərin bu məsələ ilə bağlı simaları çoxdan açılıb. Amma nə fayda, hər dəfə müxtəlif bəhanələr və uydurmalarla özlərini təmizə çıxarmağa çalışırlar. Reallıq isə ortadadır və Azərbaycan xalqı bunları çox yaxşı görür, başa düşür.

Lapşini unudanlar üçün kiçik bir xatırlatma edim. Bu adam 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə qeyri-qanuni səfər edib. Buna görə Azərbaycan bu şəxsə qarşı persona non-qrata elan edib. Buna baxmayaraq, o, Ukrayna pasportu ilə Tiflis-Bakı qatarında Bakıya gəlir. Bakıda olduğu 1-2 gün ərzində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, başdan-ayağa qarayaxmadan ibarət olan məqalələr yazır. Bəli, adı “qara siyahı”da olan Lapşinin sərhədi necə keçməsi maraqlıdır. Ukrayna pasportlarında “Aleksandr” yox, “Oleksandr” yazılır. Güman ki, “qara siyahı”da bu ad (Oleksandr) olmayıb və bu səbəbdən Lapşin sərhədi sərbəst keçə bilib. Məhz Azərbaycan Respublikasının Baş Prokurorluğu bunları əsas gətirərək, onu beynəlxalq axtarışa verib. Prokurorluğun məlumatına görə, A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. Nəticədə, Belarusun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb və Azərbaycan Respublikasına ekstradisiya olunub…

Sonrasını yazmıram, məncə kim olduğunu artıq xatırladınız. Qayıdaq əsas məsələyə – dağıdıcı qaragüruhun məhz ermənilərin diktəsi ilə hərəkət etməsi, xarici antimilli dairələrin maraqlarını qoruması, milli mənafeyimizdən üz çevirməsi faktına. Bu amal üçün radikal muxalifət, eləcə də Avropanın müxtəlif ölkələrində yaşayan və “siyasi şüvən” statusunu çoxdan alanlar ölkəmizə qarşı düşmən mövqedə olan istənilən şəxslə əməkdaşlığa hazırdırlar. Bu, hər zaman belə olub. İmkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı bu gün də özünü göstərməkdədir. Hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olan, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verən bu düşərgənin təmsilçiləri mövcudluqlarını göstərmək naminə müxtəlif spekulyasiyalar edirlər.

Milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu qüvvələr hələ də meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmirlər. Azərbaycanda yaradılmış demokratik şəraitdən bəhrələnmək əvəzinə, müəyyən illüziyalara qapılaraq ölkədəki proseslərin idarəolunmaz müstəviyə keçirilməsinə çalışırlar. Unudurlar ki, “ənənəvi müxalifətçilik” – populizm, ifrat radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını çoxdan itirib.

Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan qüvvələrlə işbirliyi vasitəsilə öz çirkin niyyətlərini reallaşdırmaq Əli Kərimli və onun yaxın əhatəsi üçün əsas məqsəddir. Bu müxalifət düşərgəsinin son mitinqləri də onların xarici antiazərbaycançı dairələrin diktəsi ilə hərəkət etdiklərini göstərdi. Mitinqlərdə gülünc bəyanatlar səsləndirən müxalifət liderləri faktiki olaraq özlərini isehza hədəfinə çevirdilər. Onların heç bir sosial dayağı olmadığı növbəti dəfə sübut olundu. Buna rəğmən, bu gün növbəti mitinqlərini keçirəcəklər. Şübhəsiz ki, dəyişən və ya fərqli heç nə olmayacaq. Çünki bu qüvvələr hər zaman öz fəaliyyətlərini hakimiyyət uğrunda deyil, dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.

Amma radikal düşərgənin nümayəndələri erməni və ermənipərəstlərlə əməkdaşlığı davam etdirdiyi müddət ərzində daim xalqın qınaq obyektinə çevriləcəklər. Bu, birmənalıdır. AzNews.az