Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanla Rusiyanın arasını kimlər vurmağa çalışır? – ŞƏRH

Azərbaycanla Rusiyanın arasını kimlər vurmağa çalışır? – ŞƏRH

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir, buna baxmayaraq, bəzi qüvvələr iki ölkə arasında münasibətlərin pozulmasına çalışır. Kalaşnikov vurğulayıb ki, biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq.

Azərbaycanla Rusiyanın arasını kim, yaxud hansı qüvvələr vurmaq istəyir?

Millət vəkili Asim Mollazadə hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq istəyən qüvvələr bu ölkənin daxilində yerləşir: “Bura iki qüvvə daxildir. Birincisi, Azərbaycanın müstəqilliyini görmək istəməyənlərdir. Hansı ki, onlar Sovet İttifaqının bərpa olunmasından yanadırlar. İkinci isə Rusiyada böyük nüfuza malik olan ermənidiasporasının üzvləridir”.

A.Mollazadənin fikrincə, bu iki qüvvə hər vəchlə münasibətlərin pozulmasına çalışırlar: “Onlar hər vasitə ilə Azərbaycan zərbə endirməyə çalışırlar. Bu qüvvələr təkcə Rusiyanın daxilində deyil, bütün dünyada Azərbaycan əleyhinə informasiya müharibəsi aparırlar”.

Millət vəkili deyib ki, Rusiya tərəfindən Ermənistanın silahlandırılması da münasibətlərə pis təsir göstərir: “Rusiya sonuncu dəfə Ermənistana silah alması üçün 100 milyonluq kredit ayırıb. Rusiya Ermənistana verilən silahları borc kimi qeydiyyatdan keçirir. Çünki,Ermənistan silahlı qüvvələri Rusiya ordusunun tərkib hissədir. Ermənistan müstəqil dövlət deyil. Bununla belə düşmən ölkəyə verilən silahların münasibətlərimizə pis təsir etdiyi qənaətindəyəm”.

Politoloq Fikrət Sadıqov bildirib ki, Kalaşnikov haqlıdır və iki ölkə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sayı çoxdur: “Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr var. Təəssüf ki, onların sayı az deyil. Buna şübhə etmirəm. Kalaşnikovun fikirlərində həqiqət var. Bəllidir ki, Rusiya hakim dairələri içərisindəkiermənipərəst qüvvələr münasibətlərin korlanmasında maraqlıdır. Eyni zamanda millətçi, şovinist qüvvələr, ermənipərəst dairələr, Azərbaycanı qəbul etməyən müxtəlif şəxslər bu münasibətlərin yüksək səviyyədə olmamasında maraqlıdır. Təssüflər olsun ki, bu qüvvələrin Rusiya rəhbərliyinə təsirləri kifayət qədər güclüdür”.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana silah alması üçün pul ayırması da münasibətlərə zərər verən amillərdəndir: “Rusiya Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistana milyonlarla dollar silah alınması üçün pul ayırır. Bunun özü Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə bilməz. Bu addım Azərbaycanın maraqlarına ziddir, münaqişənin həlli məsələsinə çox mənfi təsir edəcək. Hesab edirəm ki, bu, düşünülməmiş addımdır. Ona görə də paralel olaraq bəzi qüvvələr münasibətlərimizin pozulmasına çalışır. Bu reallığı nəzərə almaya bilmərik”.
AzVision.az

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …