Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanın müharibədən sonrakı uğurları – “Eureporter” yazır

Azərbaycanın müharibədən sonrakı uğurları – “Eureporter” yazır

Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “Eureporter” onlayn xəbər platformasında “2020-ci ilin noyabrında imzalanmış üçtərəfli razılaşmadan sonra Azərbaycanda baş verən əsas hadisələr” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Tori Makdonalddır.
Ötən ayın axırı Azərbaycan, Ermənistan və Rusiya arasında rəsmi səviyyədə imzalanan, Ermənistanın Dağlıq Qarabağ bölgəsində demək olar 30 illik işğalına son qoyan üçtərəfli razılaşmanın 200 günü tamam oldu.
Sülh razılaşmasının imzalandığı gündən Azərbaycan ölkəyə vurulan ziyanı aradan qaldırmaq istiqamətində fəal işlər görür, münaqişə dövründə dağıdılmış ərazilərini bərpa etməyə çalışır.
Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında azad edilmiş ərazilərin bərpası, inkişafı, eləcə də onilliklər ərzində doğma ev-eşiyindən didərgin düşmüş insanların yurd-yuvasına qaytarılması kimi məsələlər yer alır.
Müharibədən sonrakı 200 gündə Azərbaycanın əldə etdiyi uğurlara nəzər yetirək.
Azərbaycan hökuməti regionun yenidən bərpa olunmasına 1,3 milyard dollardan çox vəsait ayırıb. Artıq bu vəsait aidiyyəti üzrə xərclənməkdədir. Azad olunmuş ərazilərdə yerləşən bir sıra şəhərlərdə quruculuq işləri görülür, tarixi abidələr, muzeylər, məscidlər və başqa tikililər bərpa olunur.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərazilərin monitorinqi aparılıb. Monitorinq nəticəsində erməni işğalçıların 314 tarixi və mədəni abidəni dağıdıb məhv etdiyi aşkarlanıb.
9 min hektardan artıq ərazidə təqribən 35 min partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu hərbi sursatların quraşdırılması nəticəsində ötən il 120 nəfərdən çox azərbaycanlı həlak olub və ya yaralanıb.
15 mindən çox insan Change.org saytı vasitəsilə məşhur petisiya imzalayaraq Ermənistanı partlamamış hərbi sursatların yerini göstərməyə çağırıb.
Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi nəhəng korporasiyalar arasında aparılan ciddi danışıqlardan sonra ekoloji təhlükəsizlik sahəsində işlər görülür. Azad edilmiş ərazilərdə bərpaolunan enerji ilə işləyən elektrik stansiyalarının quraşdırılmasına start verilib. Bu obyektlər arasında günəş enerjisi istehsal edən müəssisə də yer alır.
Gələn ildən Zəngilan rayonunda “ağıllı kənd”lərin tikintisinə başlanacaq. “Ağıllı kənd”lərdə yaşayan sakinlər öz dayanıqlığını artırmaq üçün yerli resurslar sayəsində innovasiyalarla bağlı qərarlar qəbul edə biləcəklər.
Məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün azad olunmuş ərazilərdə infrastruktur bərpa edilir. Bu günədək regionları birləşdirən 600 kilometrlik avtomobil magistral yollar, 150 kilometr uzunluğunda dəmiryol xətti çəkilib. Gələcəkdə üç aeroportun tikintisi nəzərdə tutulub ki, bunlardan da biri beynəlxalq hava limanı kimi fəaliyyət göstərəcək.
Ağdam şəhərinin yenidən qurulması planı təsdiqlənib və qəbul edilib. Bu böyük şəhərdə sənaye parkının, Zəfər muzeyinin və İşğal muzeyinin yaradılması, habelə Ağdamla Bərdəni birləşdirən avtomobil yolunun və dəmiryol xəttinin yenidən qurulması planlaşdırılıb.
Bu bərpa işləri astanasında artıq azad edilmiş yaşayış məntəqələrinin 169-da 13 mindən çox binada və 1500 kilometrdən uzun yolda inventarlaşdırma işləri başa çatıb. 409 yaşayış məntəqəsini isə erməni işgalçıları tamamilə dağıdaraq yerlə-yeksan edib.
30 ildə ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilib.
Dağılmış bölgələri dirçəltmək üçün həddindən artıq çox iş görülməlidir. Bunu nəzərə alanda indiyədək həyata keçirilən işlər, cızılan planlar adamda yüksək təəssürat oyadır.
Planlaşdırılmış işlərin yaxın 200 gündə, habelə sonrakı dövrlərdə necə həyata keçiriləcəyini izləmək çox maraqlı olacaq.
Mövcud pandemiya tələblərinin hələ də gündəlik həyatımıza mühüm təsir göstərdiyini nəzərə alsaq, Azərbaycanın nümayiş etdirdiyi əzmkarlğın ona beynəlxalq səviyyədə şöhrət qazandıracağını demək mümkündür.
Tərcümə: Novator.az

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …