Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanın Ermənistana qaz nəqlinə icazə verməsinin pərdəarxası

Azərbaycanın Ermənistana qaz nəqlinə icazə verməsinin pərdəarxası

Martın 17-dən başlayaraq yaxın 3-4 həftə ərzində Rusiya qazı Ermənistana Azərbaycan üzərindən ötürüləcək. Bu barədə Rusiya mətbuatının yazdığına görə, qazın tranzitinə dair müqavilə martın 16-da SOCAR və “Qazprom Export” şirkəti arasında imzalanıb.

Məlumatda qeyd olunur ki, Rusiya tərəfi Gürcüstana qaz ötürən “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri həyata keçirməyə başlayıb. Buna görə də Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan ərazisi ilə davam etdiriləcək. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən həyata keçiriləcək.

SOCAR İctimaiyyətlə əlaqələr idarəsinin rəsmisi İbrahim Əhmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistana qaz tranzit haqqı ödənməklə nəql ediləcək: “Şimali Qafqaz – Zaqafqaziya magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır. Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunmuşdur”.

SOCAR rəsmisi bildirir ki, Rusiya qazı Gürcüstan sərhədinə mövcud ölkədaxili magistral qaz kəmərlərinin şəbəkəsi vasitəsilə nəql olunacaq. Daha dəqiqi, tranzit nəql Qazax-Saquramo ixrac xətti ilə reallaşdırılacaq. Bu proses Gəncə-Qazax bölgəsində yaşayan Azərbaycan əhalisinin qazla təchizatına hər hansı təsir etməyəcək, çünki bu ərazi təbii qazla ayrı bir xətlə təchiz olunur.

Qeyd edək ki, Hacıqabul-Qazax-Saquramo magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.

Rusiya qazı isə Azərbaycana Mozdok-Şirvanovka-Hacıqabul  boru kəməri ilə nəql ediləcək. Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib.

2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib.

İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.

Erməni mənbələri xəbər verir ki, “Qazprom” şirkəti 2020-ci ildə Ermənistana 2 milyard 209 milyon kubmetr qaz nəql edib. Bu ilin yanvarında nəql həcmi artırılaraq 310 milyon kubmetrə çatdırılıb. Maraqlıdır ki, ötən ilin dekabrında “Qazprom Eksport” “Qazprom Ermənistan”la alqı-satqı müqaviləsini yalnız bu ilin birinci rübünə qədər uzadılmasını nəzərdə tutan saziş imzalayıb. Hələlik tərəflər arasında aprel ayından Rusiyadan Ermənistana qaz nəqlini tənzimləyəcək hüquqi sənəd imzalanmayıb.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elan Şahinoğlu hesab edir ki, SOCAR-la “Qazprom” arasında imzalanan müqavilə ölkə liderləri səviyyəsində əldə olunan razılaşmadır: “Ən çox səslənən sual budur: Azərbaycan Ermənistana qaz nəqlində iştirak  etməlidirmi? Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib. Görünür, Bakı Moskvaya ”yox” cavabının mənfi nəticələrini hesabladığından Ermənistana müvəqqəti qaz nəql etməyə qərar verilib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki müharibədə qələbə çalan Azərbaycanın məğlub və “artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzində işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın bu jestinin ermənilərin düşüncəsini dəyişəcəyini söyləmək mümkün deyil. Ona qalsa, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında ermənilərin minnətdarlığını kimsə eşitdimi?”

Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır“ - Elxan Şahinoğlu |  KONKRET

Buna baxmayaraq, ekspertin fikrincə, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərinin az da olsa güclənməsinə xidmət edə bilər: “Misal üçün, Paşinyan öz xalqına izah edə bilər ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmadansa, bu iki qonşu dövlətlə əməkdaşlıq ermənilər üçün daha faydalıdır. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. ”Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – bu, Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən, Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik”.

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm  birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, bu addım bir daha sübut edir ki, Azərbaycan 9 noyabrda imzalanmış üçtərəfli bəyanatın prinsiplərinə sadiqdir: “Özü də bu addım Ermənistanda revanşist qüvvələrin fəallaşdığı bir dövrdə atılır. Bu fakt bir daha göstərir ki, Ermənistan revanşist düşüncələrdən azad olsa, qonşuları ilə sülh şəraitində, yumşaq desək, öyrəşsə, Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji infrastrukturlarından bəhrələnə biləcək”.

Millət vəkili bildirir ki, regionda uzunmüddətli sülhün yaranması üçün regional kommunikasiyaların açılması, daha da genişlənməsi, bu istiqamətdə əməkdaşlığın güclənməsi çox vacibdir: “Bu baxımdan, Ermənistanın bu həqiqəti qəbul edərək, iqtisadiyyatını məhvə aparan revanşizmdən uzaqlaşması lazımdır. Bu gün ermənilər özləri də görürlər ki, regional infrastruktur layihələrdən kənarda qalmaqla iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Mümkün olsaydı, 30 ildə onlar buna nail ola bilərdilər. Nail ola bilmədikləri üçün də indi daha praqmatik düşünməklə, regional kommunikasiyaların bərpası ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməlidilər”.

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

İlham Şaban: “Azərbaycan bununla bütün dünyaya mesaj verir ki, öz torpaqlarını azad etdikdən sonra Ermənistanla hər hansı problemi qalmayıb, regional əməkdaşlığa nəinki hazırdır, hətta bu istiqamətdə real addımlar atmaq iqtidarındadır və atır da”

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Mozdok-Şirvanovka-Hacıqabul  qaz kəməri ilə sovet dövründə də Gürcüstan və Ermənistana qaz ötürülüb: “Bu kəmərlə gedən qaz həm də Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikasına da ötürülürdü. Naxçıvana iki kəmərlə ötürülürdü, digəri Bərdə-Ağdam-Xankəndi-Gorus-Şahbuz kəməri idi. Azərbaycan Ermənistana qaz nəqli üçün tranzit haqqı alacaq, bu, birmənalıdır. Yəni bu tranzitdən iqtisadi fayda götürəcəyik. Amma əsas fayda siyasi baxımdan əldə olunacaq. Bu addım həm Rusiyanın, həm də beynəlxalq aləmin nəzərində Azərbaycanın xoş niyyətinin göstəricisi kimi qəbul ediləcək. Yəni Azərbaycan bununla bütün dünyaya mesaj verir ki, öz torpaqlarını azad etdikdən sonra Ermənistanla hər hansı problemi qalmayıb, regional əməkdaşlığa nəinki hazırdır, hətta bu istiqamətdə real addımlar atmaq iqtidarındadır və atır da”.

Maraqlıdır ki, Gürcüstan Qaz Nəqli Şirkəti (GGTC) Rusiya və Azərbaycan arasındakı razılaşmadan məlumatlı deyil. Bu barədə “Sputnik Ermənistan”a şirkətin mətbuat xidmətinin rəhbəri Levan Toroncadze məlumat verib: “Hələlik bizə bir məlumat daxil olmayıb. Biz tərəfdən nəqllə bağlı hər hansı dəyişiklik yoxdur. Hazırda bütün istiqamətlərdə, o cümlədən Ermənistana qaz nəqli əvvəlki kimi adi rejimdə davam etdirilir”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …