Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanın erkən seçki qərarında Ermənistanı möhkəm əndişələndirən bir neçə səbəb…

Azərbaycanın erkən seçki qərarında Ermənistanı möhkəm əndişələndirən bir neçə səbəb…

Vüqar Qədirov: “Azərbaycanın bir dövlət kimi fəaliyyətinin bütün istiqamətləri ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəlib”

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı verilən qərardan ən ciddi narahat olan tərəflərdən biri də ermənilərdir. Onların mətbuatı və politoloqları hətta bu istiqamətdə həyəcan təbili çalırlar.
Erməni siyasi şərhçi Qraçya Qalustyan hesab edir ki, Azərbaycanda prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi, iddia edildiyi kimi, heç də iqtisadi məsələlərdən irəli gəlmir: “Erməni analitiklər bu dəyişikliyi iqtisadi məsələlərə bağlamaqla ən yaxşı halda tələsdilər, yaxud da etiraf etməliyik ki, biz rəqib Azərbaycanı görmək istədiyimiz kimi təsvir etməyi xoşlayırıq. Halbuki, vəziyyət bizim analitiklərin dediklərinin tam əksinədir. Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək”.
Q.Qalustyan qeyd edir ki, Azərbaycanda qlobal iqtisadi problem yoxdur: “Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivləri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşü olacaq, onlar Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünü istismara verəcək, həmçinin, Astara-Rəşt dəmir yolunun təməlini atacaqlar. İran tərəfi bildirir ki, bu layihə Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Bu nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”.
Azərbaycanın seçkilərlə bağlı qəbul etdiyi qərardan Ermənistan niyə belə narahatdır?
Politoloq Vüqar Qadirov “Bakı-Xəbər”ə  bildirib ki, Ermənistanın narahatlığı əbəs yerə deyil: “Fikir verirsinizsə, seçkilərin vaxtının dəyişməsilə bağlı çoxsaylı şərhlər verilir. Əsaslandırmalar fərqlidir. Hətta bunu daxili faktorla əlaqələndirənlər də var. Ancaq məsələnin kökündə duran amillər tamamilə fərqlidir. Təbii ki, növbədənkənar prezident seçkilərində Qarabağ amili daha böyük çəkiyə malikdir. Əslində, Azərbaycanın bir dövlət kimi fəaliyyətinin bütün istiqamətləri ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəlib. Ermənistanda da bu işğalın onlara bədbəxtlik və itkidən başqa heç nə verməyəcəyini anlamağa başlayıblar. Onlar bilirlər ki, artıq Azərbaycanın gözləmə limiti də tükənib. Bəli, bizim atdığımız bütün addımların kökündə ərazi bütövlüyümüzün bərpası və Azərbaycanın daha da gücləndirilməsi durur. Azərbaycanın çox ciddi qərarlar qəbul etməsinin zamanı gəlib çatıb. Belə bir qərarı qəbul etmək üçün də seçkilərin 6 ay qabağa çəkilməsi başadüşüləndir. Regiondakı vəziyyətin və qonşu dövlətlərdə seçki proseslərinin keçirilməsinin təhlilindən sonra verilən qərar çox taktikidir. Seçkilərdən sonra biz, bütün istiqamətlərdə olduğu kimi, Dağlıq Qarabağla bağlı məsələdə də ciddi addımlar atacayıq. Çünki ölkə başçısına verilən yeni Prezidentlik səlahiyyətləri və ortaya qoyulan siyasi əzm ciddi islahatların aparılcağına şübhə yeri qoymur. Ermənistan bunları anladığı üçün ciddi narahatlıq keçirir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …