Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycanın dostu, gizli kameralarla yıxılan, ən cəsarətli solçu lider…

Azərbaycanın dostu, gizli kameralarla yıxılan, ən cəsarətli solçu lider…

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Deniz Baykal bu gün 85 yaşında vəfat edib.
D.Baykal 1960-cı illərin tələbə hərəkatından başlayaraq Türkiyənin siyasi həyatında fəal iştirak edirdi. 1973-cü ilin oktyabr ayından indiyədək isə qısa fasilələr istisna olmaqla millət vəkili idi.
1970-1990-cı illərdə Maliyyə naziri, Energetika və Təbii Sərvətlər naziri, Xarici İşlər naziri və Baş nazirin müavini vəzifələrində çalışmışdı.16 oktyabr 2017-ci ildə keçirdiyi beyin iflicindən sonra xəstəliyi ilə əlaqədar sərbəst yeriyə bilmədiyindən parlamentə əlil arabasında gəlirdi.
D.Baykal Türkiyə siyasətinin ən rəngli, maraqlı, cəsarətli liderlərindən idi. Dəfələrlə həbs olunmasına, siyasi fəaliyyətinə yasaq qoyulmasına baxmayaraq yenidən geriyə dönüb sol siyasi hərakatın nüvəsini təşkil edən partiyalarda fəaliyyətini uğurla davam etdirmişdi. Gənc yaşlarında CHP və SHP-də dövrünün sevilən siyasətçiləri olan Bülənt Ecevitə və Ərdal İnönüyə qarşı partiya daxilindəki rəqib siyasi cinaha başçılıq etmiş, dəfələrlə sədrliyə namizəd olmuşdu. D.Baykal həm də natiqlik istedadı ilə seçilən siyasətçilərdən idi.
Amma 2010-cu ildə baş verən və hələ də təşkili və məqsədlərinin müzakirəsinin davam etdiyi, CHP-nin yenidən siyasi dizaynı və partiyanın ideoloji-siyasi xəttində xeyli dəyişikliklə müşahidə olunan hadisədən qalib çıxa bilmədi.
10 may 2010-cu ildə Baykal CHP Ankara millət vəkili Nesrin Baytokla birgə olduğu gizli kamera görüntülərinə etiraz olaraq partiya sədrliyindən istefa verdi. CHP sədrinə qarşı qurulan və “kaset kumpası” adlandırılan prosesdən sonra 22 may 2010-cu ildə Kamal Kılıcdaroğlu fövqəladə qurultayda CHP-nin sədri seçildi.
D.Baykal sol siyasi cəbhədə yer alan liderlər içərisində milli mövqeyi və müxalifət olmasına baxmayaraq dövlətin milli maraqlarına sadiqliyi ilə seçilirdi. Onun qondarma erməni soyqırımına qarşı kəskin çıxışları və bu məsələ ilə bağlı güzəştsiz mövqeyi də unudulmur.
Baykal mənim yaddaşımda daha çox 2009-cu ildə Türkiyə-Ermənistan dövlət sərhəddinin açılmasına qarşı kəskin mövqeyi və Azərbaycanı qətiyyətlə müdafiə etməsi ilə qalıb. D.Baykalın 11 aprel 2009-cu ildə CHP-nin qurultaylararası ali orqanı olan Məclisin iclasından öncə media qarşısında çxışında söylədiyi bu fikirlər bir daha onun Azərbaycana birmənalı mövqeyini əks etdirir: “Sərhədin açılması Azərbaycandakı erməni işğalına haqq qazandırmasının dolayısı ilə tanınması deməkdir. Sərhədin açılmasını bağlaya biləcəyiniz yeganə şərt Azərbaycanın işğalının aradan qaldırılacağına əminlikdir.Hamı bilməlidir ki, bizi işğala haqq qazandıracaq vəziyyətə sürükləmək olmaz. Türkiyə Azərbaycanın kürəyindən bıçaqlanmasına icazə verə bilməz”.
Allah rəhmət eləsin, ruhu şad olsun.

Elməddin Behbud

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …