Ana səhifə / Siyasət / “Azərbaycanın 37 yaşlı xanım baş naziri”: gənc xanım siyasətçilərimizin belə iddiası varmı?

“Azərbaycanın 37 yaşlı xanım baş naziri”: gənc xanım siyasətçilərimizin belə iddiası varmı?

Bu günlərdə Yeni Zelandiyaya yeni baş nazir təyin olundu. Bu təyinatın dünyada maraqla qarşılanmasına səbəb isə baş nazirin 37 yaşlı qadın olmasıdır. Vəzifəyə təyin olunan Casinda Ardernin artıq andiçmə mərasimi də keçirilib. Gənc xanım Leyboristlər Partiyasının sədridir. Onun partiyası 23 sentyabr seçkilərində 120 kürsüdən 46-nı qazanmışdı.

Qeyd edək ki, hazırda dünyada təxminən 20-yə yaxın qadın prezident, baş nazir, ölkə lideri var. Onların arasında gənc qadınlara da rast gəlirik. Ölkəmizdə də aktiv olaraq ictimai, siyasi fəallıq göstərən gənc xanımlar var. Bəs onların arasında kimsə siyasi lider olmağı düşünür, buna çalışırmı?

Ümid Partiyasının 34 yaşlı sədr müavini Tamilla Qulami sualımıza bu cür cavab verdi: “Ölkənin, millətin ictimai-siyasi həyatında hər zaman aktiv olan, keçirilən bütün seçkilərdə əvəzolunmaz taktika sərgiləyən, parlamentdə olan dönəmdə seçicilərin səsini Milli Məclis kürsüsündən səsləndirən partiya sədrinin aktiv çıxışları ilə seçilən, Amerika Dövlət Departamentinin parlamentdə yeganə müxalifət partiyası olaraq tanıdığı bir siyasi institutun – Ümid Partiyasının rəhbərliyində qürurla vəzifə alan biri olaraq, əlbəttə ki, mənim də məqsədlərimdən biri partiyamızın hakimiyyətə gələcəyi təqdirdə hakimiyyət postlarından birini tutmaqdır. Müxalifət partiyasının qarşısında dayanan ən böyük vəzifə məhz iqtidara gəlməkdir. Təbii ki, Azərbaycan insanının gözəl yaşaması, ölkənin müstəqilliyini qorumaq, möhkəmləndirmək yolunda çalışmaq ali məqsədimizdir. Məhz bütün bunları nəzərə alıb ictimai-siyasi həyatda aktiv iştirak edən vətəndaş olaraq, ölkəmizin demokratikləşməsinə öz töhfəmizi vermək üçün də ictimai fəallıqdan siyasi fəallığa yol aldım.

Image result for Tamilla Qulami

Azərbaycanda demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əmin-amanlığın həm ölkədə, həm də regionda bərqərar olması naminə fəaliyyət göstərəcəyimizə inanan müxalif siyasi birliyin, qurumun üzvü olaraq əminəm ki, mütləq iqtidar partiyası olacağıq. Təəssüf ki, hələ azad cəmiyyət quruculuğunda, şəffaf seçkilərin keçirilməsində ölkəmizdə problemlər yaşanır və hər birimizə aydındır ki, qarşımızda dayanan problemlərin həlli üçün daha çox insanın proseslərə cəlb olunmasına, ölkədə baş verən hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə böyük ehtiyac var. Çünki hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız iştirak etsə, uğurlarımız o qədər çox olar. Qadınlar siyasi proseslərə daha çox qoşulsa, bu, həm də ölkədəki proseslərin daha tez yolunda getməsinə rəvac verəcək. Bu ictimai və siyasi hərəkat içində qadının olması və lazımi yeri alması qaçılmaz bir vəzifədir. Məhz qadın olan siyasətçilərin çox olduğu bir ortamda gerçək çözümlər ortaya qoyula biləcək. Ümid Partiyasının üstünlüyü həm də ondan ibarətdir ki, xanımlar və gənclər aktiv siyasi fəaliyyətdədir”.

Image result for Yeganə Hacıyeva

Gənc Demokratlar İnstitutunun rəhbəri, ictimai və siyasi fəal Yeganə Hacıyeva: “Sevindirici haldır ki, bizim cəmiyyətimizdə gənc, fəal ictimai siyasi xanımlar və onların cəmiyyətimizdə böyüməkdə olan nəslə nümunə olacaq fəaliyyətləri mövcuddur. Azərbaycanda tarixin bütün dönəmlərində cəmiyyətin yükünü daşıyan, siyasi ictimai nüfuza malik, ölkəmiz və dövlətimiz üçün həssas məqamlarda, müdrik siyasət yürüdərək, cəmiyyəti və dövlətimizi mümkün fəsadlardan qoruya bilən xanımlar mövcud olub. Şərqdə, müsəlman dünyasında ilk dəfə səsvermə hüququ uğrunda hələ 20 əsrın əvvəllərində mübarizə aparmış, səsvermə hüququnu indi özünü demokratiyanın beşiyi hesab edən ölkələrinin mütləq əksəriyyətindən əvvəl əldə etmişik. Çağdaş dövrümüzdə də öz fəaliyyəti ilə cəmiyyətdə xanımlara nümunə olacaq parlaq siyasətçi xanımlar var. Misal kimı, ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, siyasətdə müdrikliyin və mərhəmətin təcəssüməsi xanım Mehriban Əliyevadır. Uzun illərdir o, prezidenti olduğu fond vasitəsi ilə ölkəmizin milli və mədəni dəyərlərinin təbliğatçısı, dövlətimizin maraqlarının uğurlu lobbisti və uzaq Afrikada, Pakistanda qızların təhsilə cəlb olunması kimi müqəddəs missiyanın daşıyıcısıdır. Hər bir insanın daxilində kiçik yaşlarından, yol göstərən bir işıq, bir səs mövcuddur. Onun hesabına biz bu gün olduğumuz yerlərə, can atdığımız və ya çatdığımız məqamları əldə edirik. Xatırlayıram ki , orta məktəbdə ilk dəfə müsəlman dünyasında demokratik dövlətin qurucusu məhz bizim olduğumuzu öyrəndiyim zaman, sevinc, fərəh və fəxr hissi keçirmişdim. Daha sonralar bu sevinc həyatımın bütün pillələrində mənə yolgöstərən dövlətimizə, xalqımıza və millətimizə sevgiyə çevrildi. Suala gəldikdə, qeyd edim ki, fəaliyyətimi dövlətimə, xalqıma sevgi dolu bir ictimai və siyasi fəal kimi öncə küçələrdə başlamış, ardınca konfrans zallarında, daha sonra isə çoxsaylı beynəlxalq təşkilatlarda davam etdirmişəm. Bu illər ərzində həmişə öz üzərimdə işləyir, təhsil, xarici dillər, lobbiçilik və strateji kommunikasiya alətlərinə yiyələnərək, qrup və ya camiə maraqlarına deyil, dövlətinizin və cəmiyyətimizin maraqları üçün öz kiçik imkanlarımla xidmət etməyə çalışmışam və bu mənim həyat missiyamdı. Bu yolun başında biz özümüzə dövlətimizin, xalqımızın yolunda xidmət edən əsgər demişik. Bir əsgər üçün harda, hansı postda, xidmət etməyin o qədər də fərqi yoxdur. Dövlətimiz, hökumətimiz harda, necə xidmət etməyi tapşıracaqsa, orda, oranın haqqını verərək xidmət edəcək və birgə uğurlara imza atacağam”.

Related image

37 yaşlı gənc yazar Aysel Əlizadə isə siyasi iddiası olmadığını bildirdi: “Söhbət təkcə qadın baş nazirdən getmir. Kanadanın baş naziri, Fransa prezidenti, Avstriya lideri… Cavan, işıqlı, bacarıqlı şəxsiyyətlərdi. Bizim ölkəmizdə elə kadrlar var ki, onlardan geri qalmırlar. Gənclərə imkanlar yaradılsa, dünya bizdən də danışar – yaxşı mənada. Söhbət ədalətli, modern, obyektiv, dövlətçi kadrlardan gedir, quyruq bulayanlardan yox. Casinda Ardern böyük ictimai dayaqlarla, ölkənin nüfuzlu partiyası olan ”NZ first” partiyasından dəstək alaraq, tərəfdarlarının təkidli mübarizəsi ilə baş nazir oldu. Çox ciddi siyasi proseslərdi. Seçkilərdə Milli Partiyadan parlament sayına görə geri qalır və başqa partiyadan koalisiya təklifi alıb hökumət başına keçir. Bu tamam ayrı sistemdi. Parlament respublikasında palatada çox yer qazanan partiyanın lideri baş nazir olur. Bu cür dəstək almasaydı, baş nazir ola bilməyəcəkdi. Orda baş nazir təyin olunmur, o yeri qazanır. Siyasətçi olmadığım üçün siyasi iddiam da yoxdu. Ancaq sözsüz ki, ölkəmdə sağlam və demokratik siyasi mübarizənin hökm sürməsini istəyirəm. Mənə demokratik müstəvidə tərəflərin gücü maraqlıdı. Yalnız bu halda belə ciddi mövzuları müzakirə etmək olar”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …