Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanın 2019-cu ili – İnanılmaz dəyişikliklərin xronikası

Azərbaycanın 2019-cu ili – İnanılmaz dəyişikliklərin xronikası

Başa çatmasına sayılı günlər qalan 2019-cu il Azərbaycanda siyasi hadisələrlə zəngin oldu.

Yenisabah.az oxuculara bu hadisələrdən cəmiyyətdə daha çox rezonansa səbəb olanların xronologiyasını təqdim etmək qərarına gəlib.

*

2019-cu ilin ajiotaja səbəb olan ilk siyasi hadisəsi Milli Şuranın  19 yanvar mitinqi oldu. Aksiya həmin vaxt həbsdə olan tanınmış blogger Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbilə keçirilirdi. Razılaşdırılmış aksiya gözlənildiyindən izdihamlı keçdi və bu da siyasi seqmentdə canlanmaya səbəb oldu. 

Mitinqdən sonra hakimiyyət islahatlar konsepsiyasını həyata keçirməyə start verməsi isə müxalif düşərgədə 19 yanvar aksiyasının nəticələri kimi dəyərləndirildi. Bəzi təhlilçilər isə hakimiyyətin hələ 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisindən sonra islahatlara başlamaq niyyətində olduğunu, lakin müəyyən səbəblərdən ləngidiyini bildirirdilər. 

Hakimiyyət ilk növbədə sosial-iqtisadi islahatların həyata keçirilməsinə start verdi. Maaş və pensiyalar artırıldı. Məmurlara rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılacağı mesajı verildi. Bu addımlar cəmiyyətdə aqresiyyanın müəyyən qədər azalmasına səbəb oldu.

*

İyun ayında Prezident İlham Əliyevin bir gündə 4 generalla bağlı sərəncamı artıq iqtidarın ciddi kadr islahatlarına başladığı barədə mülahizələrə səbəb oldu. Söhbət Daxili İşlər naziri Ramil Usubov, onun birinci müavini Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsi müavini Əli Nağıyevlə bağlı sərəncamlardan gedir. Bu sərəncamlarla Ramil Usubov Təhlükəsizlik Şurasının katibi, Vilayət Eyvazov Daxili İşlər naziri, Mədət Quliyev Müdafiə Sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyinat aldı. Bu təyinatlara konspirativ yanaşmalar olsa da, hər kəs artıq uzun müddət vəzifədə qalan məmurların istefaya göndəriləcəyi barədə danışmağa başladı. Bu qənaət Ramil Usubovun 25 illik nazir fəaliyyətinə son qoyulmasına görə yaranmışdı. Başqa fərziyyələr isə hakimiyyət daxilində “köhnələr” və “yenilər”in mübarizəsindən bəhs edirdi.

*

Avqustun ayının 15-də deputat İqbal Məmmədova məxsus “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsi rezonansa səbəb oldu. Bu olay bütövlükdə Milli Məclisi hədəfə gətirdi. Parlamentin buraxılması, biznesmen deputatlarla üzülüşmənin vaxtının çatdığı barədə fikirlər səsləndirilməyə başlandı. “Relax” insidenti”nə görə İqbal Məmmədovun oğlu və yaxın qohumları həbs edilsə də, özünə toxunulmadı. Halbuki ictimaiyyət İqbal Məmmədovun da həbs olunacağını gözləyirdi.

*

Sentyabr ayında deputat Rafael Cəbrayılovun borc qalmaqalı odun üstünə benzin səpilməsi effekti verdi. Rafael Cəbrayılovun mandatını girov qoyaraq külli miqdarda borc alması və onu qaytarmaması Milli Məclisin artıq nüfuzunu itirdiyini və təcili buraxılması məsələsini gündəmə gətirdi. Amma hökumət düşərgəsindən parlamentin buraxılmayacağı cavabı gəldi. Əvəzində Rafael Cəbrayılov istefa ərizəsi yazdı. Oktyabrın 2-də isə Mərkəzi Seçki Komissiyası (MSK) onun mandatını ləğv etdi.    

*

Oktyabrın 8-də Baş nazir Novruz Məmmədovun istefa xəbəri yayıldı. Elə həmin gün Milli Məclis Prezidentin istiqsadi məsələlər üzrə köməkçisi Əli Əsədovu Baş nazir postuna təsdiq etdi. Əli Əsədovun Baş nazir təyin olunmasını islahat kimi qəbul edənlər Nazirlər Kabinetində ciddi dəyişiklik olacağını bildidirdilər.   

*

Oktyabrın 13-də ölkənin əsas müxalifət partiyalarından biri olan Müsavat növbəti qurultayını keçirdi. Başqanlığa 3 namizəd var idi: Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı. Arif Hacılının birinci başqanlığı dövründə onun fəaliyyətindən narazı olanlar Tofiq Yaqublu, yaxud Yadigar Sadıqlının başqan olmasına çalışırdılar. Amma İsa Qəmbər Arif Hacılını dəstəkləməklə başqan seçkilərinin nəticələrini əvvəlcədən bəlirlərmiş oldu. Hər kəs başa düşürdü ki, İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi onun artıq başqan seçilməsi deməkdir. Belə də oldu. Arif Hacılı yüksək fərqlə rəqiblərini geridə qoydu və növbəti dəfə başqan seçildi.

*

Oktyabrın 19-da Milli Şura növbəti mitinqini keçirdi. Bu mitinqin özəlliyi onun razılaşdırılmamış olması və AXCP sədri Əli Kərimlinin də aksiyaya qatılacağı barədə bəyanatı idi. Bu baxımdan 19 oktyabr aksiyasına maraq böyük idi. Aksiya günü şəhərin mərkəzinə polis qüvvələrinin yeridilməsi, az sayda etirazçıların, habelə Əli Kərimlinin  saxlanılması ajiotaja səbəb oldu. Aksiyadan sonra Əli Kərimlinin polis idarəsində işgəncələrə məruz qaldığını bəyan etməsi ehtirasları daha da coşdurdu. Hakimiyyət isə Əli Kərimlini ictimai rəyi çaşdırmaqda, islahatları sabotaj etməkdə suçladı. 

*

Oktyabrın 21-də Baş nazirin müavinlər Əli Həsənovla Hacıbala Abutalıbovun istefaya göndərilməsi 19 oktyabr mitinqini gündəmdən çıxardı. Bu istefalardan sonra pensiya yaşı çatmış, həmçinin uzun müddət vəzifədə olan məmurların təqaüdə göndərilməsi gündəmə gəldi. 

Oktyabrın 23-də bu kampaniya demək olar ki, kuliminasiya nöqtəsinə çatdı. Ölkə başçısı İlham Əliyev Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevi vəzifəsindən azad etdi. Elə həmin gün Prezidentin başqa sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildi.

*

Oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağır qəza keçirməsi ictimai-siyasi mühitdə təlatümə səbəb oldu. Hadisənin təsadüf yoxsa qəsd olması ilə bağlı müzakiərlər açıldı.  

Noyabrın 5-də Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürməsi hakimiyyətə ünvanlanan ittihamları qismən səngiməsinə səbəb oldu.  

*

Noyabrın 6-da müxalif Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis sədri Azər Qasımlı qəfil istefa verdi. O, REAL-ın sədri İlqar Məmmədovun partiyada diktatura qurmaq istədiyini bildirərək onunla yollarının ayrıldığını bəyan etdi. 

*

Noyabrın 20-də Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri də 2019-cu ilin mühüm siyasi hadisələrindən biri kimi yadda qaldı. Birinci vitse-prezidentin Rusiyanın Baş naziri Dmitri Medvedev, daha sonra Prezident Valdimir Putinlə yüksək səviyyəli görüşləri səfərin uğuru kimi qiymətləndirilir.   

*

Noyabrın 25-də keçmiş səhiyyə naziri Əli İnsanovun  partiya yaratması siyasi gündəmi məşğul etməyə başladı. Əli İnsanov Haqq və Ədalət Partiyası yaratdığını elan edərək hakimiyyətə meydan oxumağa başladı. Onun bu addımı, xüsusilə partiyasının adı ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. İki gün sonra Əli İnsanovun partiyasından istefaların olması keçmiş nazirin platformasının iflasa uğradığı barədə iddialara səbəb oldu. 

*

Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyası Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etdi. Beləliklə, Milli Məclisin buraxılacağı barədə yayılan məlumatların və səsləndirilən fərziyyələrin heç də əsassız olmadığı aydın oldu. 

*

Noyabrın 29-da ictimai rəyi Siyavuş Novruzovun xanımı Səbinə Əliyevanın Ombudsman seçilməsi məşğul etdi. Bu  təyinat və Milli Məclisin buraxılması barədə YAP-ın təşəbbüsünü Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifəsindən azad edilməsi kölgədə qoydu. Noyabrın 29-da baş verən bu hadisə ictimai-siyasi seqmentdə fırtına effekti yaratdı. 

Noyabrın 29-da baş verən mühüm hadisələrdən biri də Prezident Katibliyinin ləğvi və qurumun rəhbəri Dilarə Seyidzadənin vəzisəfindən azad edilməsi oldu. 

*

Dekabrın 2-də Milli Məclis toplanaraq parlamentin buraxılmasını səsverməyə çıxardı. 99 deputat lehinə olmaqla Milli Məclis buraxıldı. Səsvermədə 1 nəfər birtərəf qaldı, 1 nəfər qərar layihəsinin əleyhinə səs verdi. 1 deputat isə səsverməyə qatılmadı.

Dekabr-ın 4-də Konstitusiya Məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul etdi.

*

Dekabrın 19-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun rüşvət və korrupsiya ittihamları ilə həbs olunmaları barədə məlumat yaydı. Bu həsblər ictimai diqqəti yerli icra hakimiyyətlərinə yönəltdi. Digər rayonlarda da oxşar əməliyyatların keçirilməsinin zəruriliyi gündəmə gətirildi. Eyni zamanda məlumatlar yayıldı ki, həbslər davam edəcək. Prezident İlham Əliyevin bu həbslərə münasibət bildirərkən Nizaməddin Quliyevin əməllərini “vicdansızlıq”, “məmurun deqradasiyası” kimi qiymətləndirməsi məmur həbslərinin davam edəcəyi barədə ehtimalları bir qədər də möhkəmləndirdi.

*

İlin son mühüm siyasi hadisəsi isə YAP-ın namizədlər siyahısını açıqlaması oldu. Siyahı açıqlanandan sonra bəlli oldu ki, YAP köhnə tərkibdən birmənalı olaraq imtina etməyib. Milli Məclisin buraxılmasının lehinə olan 48 YAP-çı deputatın yenidən namizədliyi irəli sürülüb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …