Ana səhifə / Siyasət / Azərbaycandan Xocalı aeroportu ilə bağlı çağırışlar – vurulmalıdır!!!

Azərbaycandan Xocalı aeroportu ilə bağlı çağırışlar – vurulmalıdır!!!

İşğalçı ölkənin növbəti nəbz yoxlamasına kəskin reaksiyalar gəldi; Elxan Şahinoğlu: “Torpaq bütövlüyümüz bərpa olunmayana qədər nə Xankəndinə, nə də Xankəndindən uçuşlara imkan verməliyik!”; Qarabağ qazisi Rey Kərimoğlu: “Xocalı aeroportunu bəribaşdan vurub sıradan çıxarmaq lazımdır”

Beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin loyal, bir sıra hallarda isə müdafiə xarakterli çıxışları işğalçı Ermənistanı daha çox aqressiv mövqe sərgiləməyə sövq edir. Elə bunun nəticəsidir ki, düşmən ölkə Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunun istifadəyə veriləcəyi ilə bağlı xəbərlər yaymağa başlayıb.

Məlumata görə, “Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək. “Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub”, – deyə “Yell Extreme Park” layihəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
Şübhə yox ki, bu, ermənilərin nəbz yoxlama əməliyyatıdır. İşğalçı tərəf kiçiktutumlu təyyarələri Xocalı aeroportuna gətirməklə Azərbaycanın reaksiyasını yoxlamaq, buna uyğun olaraq digər qərarlarını vermək istəyir. 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları həyata keçirməyə cürət etməmişdi. Üstəlik, o zaman Azərbaycan tərəfinin kəskin reaksiyası, xəbərdarlıqları, beynəlxalq qurumlara çağırışları İrəvanı bu həyasız addımından geri çəkilməyə vadar etdi.
Düzdür, bir sıra hallarda Sərkisyan oğrun-oğrun Qarabağa uçur və onun havada ikən vurulması barədə çağırışlar da səslənir. Ancaq hər halda, bu uçuşlar sistemli xarakter daşımır. Xocalı aeroportunun işə salınması halında isə artıq buraya uçuşların həyata keçirilməsi adiləşə, proseslərin davamında isə Azərbaycanın mülki uçuşların qarşısını güc yolu ilə almaq cəhdi beynəlxalq səviyyədə sərt reaksiya ilə qarşılana bilər. Erməni mətbuatı yazır ki, təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin Kəlbəcər ərazisindəki alban monastırı istiqamətində gerçəkləşdirilməsi nəzərdə tutulur.
Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyib. Bir qayda olaraq Azərbaycan XİN mətbuat yazılarına deyil, rəsmi şəxslərin açqlamalarına reaksiya verir. Ancaq şübhə etmirik ki, məsələ ciddiləşərsə, əvvəlki kimi, Bakının sərt reaksiyasının şahidi olacağıq.
Bu arada təəssüf doğuran bir xəbər də yayılıb. Belə ki, ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb. “Trend”in məlumatına görə, administrasiyanın büdcəsinə əsasən, Ermənistana yardım 67 faiz – 20,4 milyon dollardan 6,8 milyon dollaradək azaldılacaq. Gürcüstan və Ukrayna üçün maddi yardımların müvafiq olaraq 58 və 70 faiz azaldılması nəzərdə tutulur. Azərbaycana yardım isə 90 faiz azaldılacaq. Ümumilikdə ölkəyə bir milyon dollar ayırmaq planlaşdırılır.
Ermənistan mətbuatı Azərbaycana yardımın 90 faiz azaldıldığı halda, Ermənistana güzəşt edilməsini önə çəkib. Əslində Vaşinqton işğalçı Ermənistana sanksiya tətbiq etməli olduğu halda, ona yardımın limiti ilə bağlı daha çox güzəşt edir. Bundan əvvəl də dəfələrlə işğalçı Ermənistan və Qarabağ separatçılarına göstərilən maliyyə yardımının həcminin 2 milyardı ötməsinə Bakıdan kəskin etirazlar olub. Azərbaycana qarşı illər boyu “907-ci düzəliş” adlı sanksiya qərarını qüvvədə saxlayan ABŞ həmsədrlik prinsiplərinə zidd addım ataraq işğalçını maliyyələşdirib. Həmin vəsaitlər isə dolayısı ilə Azərbaycanın əleyhinə yönəlib. Belə olan təqdirdə təbii ki, erməni işğalçıları Tərtəri ələ keçirmək planını icra etməyi düşünəcək qədər həyasızlaşacaqdılar. Üstəlik də Rusiyadan Azərbaycana qarşı təzyiqlərin artması, bu, günlərdə Ermənistana növbəti silah partiyası və vertolyotların göndəriləcəyi barədə anonsların edilməsi şəraitində işğalçının Xocalı aeroportunu istifadə açıqlamaları yayması təsadüfi deyil.
Şübhə yoxdur ki, işğalçı ölkə idarə olunur və məqsəd Azərbaycana daha çox təzyiqlərin edilməsidir. Ancaq Azərbaycanın siyasi və hərbi ekspertləri bizim qan yaddaşımız olan, dəhşətli soyqırım aktının törədildiyi Xocalıya uçuşların rahat şəkildə həyata keçirilməməsindən ötrü ən sərt addımlara gedilməsini zəruri sayırlar.
“Hiss olunur ki, Ermənistan hakimiyyəti işğal altındakı Xocalı hava limanını işə salmaq üçün növbəti plan hazırlayıb. Hava limanını yenidən qursalar, təmirə pul xərcləsələr də, illərdir çalışdıra bilmirlər. Çünki beynəlxalq birlik bu məsələdə Azərbaycanın mövqeyini haqlı sayır”. Bunu politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert xatırlatdı ki, Beynəlxalq Aviasiya Təşkilatı da Dağlıq Qarabağın səmasının Azərbaycana aid olduğunu vurğulayır və bütün uçuşların rəsmi Bakının icazəsi ilə mümkün olduğunu təsdiqləyir: “Bundan başqa, separatçılar onu da bilirlər ki, belə olan halda Azərbaycan hərbi hava qüvvələrinin hava məkanımızı pozan və əmrlərə tabe olmayan istənilən təyyarəni vurmaq hüququ var. Ona görə də Ermənistan hakimiyyəti Xocalı hava limanından istifadə etməkdən qorxur. Buna baxmayaraq, hansısa yol axtarırlar ki, hava limanı işlətsinlər. Elə Xankəndi ilə Şuşa arasında təkmotorlu təyyarələrin uçuşa qalxması haqqında xəbərlər də bu qəbildəndir. Bizim və beynəlxalq aləmin nəbzini yoxlamaq istəyirlər. Bu, sırf təxribatdır”.
E.Şahinoğlu qeyd etdi ki, onun uşaqlığı Ağdam-Şuşa yollarında keçib və o yerlərə yaxşı bələddir: “Xankəndindən Şuşaya bir neçə kilometrlik məsafə var. Kimə desən ki, Xankəndindən Şuşaya təyyarə uçacaq, buna gülər. Sadəcə, bu cür reyslərlə daxili uçuşları həyata keçirmək istəyirlər ki, guya Bakının əlində bu təyyarələri vurmaq üçün əsası olmasın. Yəni demək istəyirlər ki, bölgədən xaricə uçuşlar həyata keçirmirlər ki, təyyarələr vurulsun. Ancaq məsələnin məğzi dəyişmir. Şuşa işğal altındadır və ora hardan olursa-olsun uçuşlar həyata keçirilə bilməz!”

Image result for Elxan Şahinoğlu
Politoloq məsələyə qəti münasibəti zəruri sayır: “Fikrimcə, Azərbaycan XİN bu qanunsuzluğu bir daha beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin diqqətinə çatdırmalı və nəticələr haqqında xəbərdar etməlidir. Nə vaxt münaqişə həll olunar, Dağlıq Qarabağ və digər torpaqlarımız üzərində suverenliyimiz bərpa olunar və buna müvafiq sülh anlaşması imzalanar, bundan sonra Xankəndindən İrəvana, Moskvaya və başqa yerlərə uçuşlar həyata keçirmək olar. Torpaq bütövlüyümüz bərpa olunmayana qədər isə nə Xankəndiyə, nə də Xankəndindən uçuşlara imkan verməməliyik!”
Ekspert hesab edir ki, burada Rusiya amilinin olub-olmaması Bakının addımlarına təsir etməməlidir: “Birinci növbədə XİN-in sərt açıqlamasına ehtiyac var və həmin açıqlamada Ermənistanın hərbi-siyasi müttəfiqinə də xəbərdarlıq ünvanlanmalıdır ki, vassalını təxribatlardan çəkindirsin, yoxsa özləri istəmədikləri halda müharibə başlaya bilər”.
Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bununla bağlı bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemləri tək Xocalı aeroportunda deyil, bütün Dağlıq Qarabağ ərazisində olan uçuş aparatlarını məhv etmək imkanına qadirdir (azvision.az). General qeyd edib ki, erməni KİV-ləri belə məlumatlar yaymaqla Azərbaycanı qıcıqlandırmağa çalışır: “Dəfələrlə qeyd olunub ki, uçuşlar həyata keçirilsə, Azərbaycan tərəfi tədbirlər görəcək. Buna baxmayaraq, müxtəlif zamanlarda belə təxribatçı fikirlər yayıblar. Həmin ərazilər Azərbaycanındır və Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək imkanına malikdir. Ölkənin həm siyasi, həm də hərbi rəhbərliyi bunu bir neçə dəfə bəyan edib”.

Image result for Rey Kərimoğlu
Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da işğalçıya sərt reaksiyanı zəruri sayır: “Ermənilər işğal elədiyi bizim torpaqlarda qızıl çıxarır. Biz də durub baxırıq. Azərbaycan bəyanat verməlidir ki, oranı vuracağam. Və nəticəsi olmasa, oranı vurmaq lazımdır. Vurmasan belə, bir köpəyoğlu gedib orada işləməz! Cəbrayılda, Şuşada ev tikir, erməniləri məskunlaşdırır. Oranı vurmaq lazımdır. Onda bizim işğal altındakı ərazilərdə tikintini dərhal saxlayacaqlar! Qondarma dövlətlərində – Xankəndində seçki keçirir, öz əzizlərinin məzarını ziyarətə gedən dinc vətəndaşlarımıza məhkəmə qurur. Xankəndini vurmaq lazımdır. Ondan sonra bir də seçki keçirsə, mən pis adamam… Bu qədər silahı niyə almışıq?! Atmaq lazımdır, vurmaq lazımdır. Kimsə ciddi etiraz da edə bilməyəcək. Niyə? Çünki o ərazilər işğal altındadır. Bunu BMT, o cümlədən ABŞ da, Fransa da, Rusiya da təsdiq edib. Ermənilərlə atəşkəs sazişində yazılmayıb ki, onlar orada nə istəsə edə bilər. Atəşkəs imzalanıb, ərazimizin istismarı yox. O cümlədən də Xocalı aeroportunu bəribaşdan vurub sıradan çıxarmaq lazımdır. Belə olmasa, konkret nəticə olmayacaq”.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ondan sonra ATƏT-ın fəaliyyətdə olan sədrinin, daha sonra isə həmsədrlərin regiona səfəri planlaşdırılır. Ancaq bu səfərlər təcavüzə son qoyulmasına yox, böyük savaşın başlanmamasına hesablanıb, təəssüf ki. Əks təqdirdə, Ermənisatanın Xocalı aeroportu ilə bağlı sərsəmləmələrinə ilk reaksiya ATƏT-dən gələrdi…

musavat.com

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın