Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycandan Rusiyaya xəbərdarlıq: “Vəziyyət gərginləşə bilər”

Azərbaycandan Rusiyaya xəbərdarlıq: “Vəziyyət gərginləşə bilər”

Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, “Dağlıq Qarabağ” ifadəsini də işlətməsi Azərbaycan hökumətində ciddi narazılıq yaradıb.

Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verib və “Dağlıq Qarabağ” ifadəsinin işlənməsinin “qəbuledilməz” olduğunu bildirib.

“Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, nazirlik deyib.

Azərbaycan “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidinin mövcud olmadığını deyir. Əvəllər DQ kimi tanınan ərazilərin hazırda Rusiya sülhməramlıların nəzarətində olan hissəsində etnik erməni əhali yaşayır.

Bu gün Azərbaycan həmçinin ordusunu yüksək hazırlıq vəziyyətində saxladığını və Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə mümkün “təxribatlara” ordunun dərhal cavab verəcəyini açıqlayıb.

Siyasi təhlilçi Şahin Cəfərli BBC News Azərbaycancaya bildirib ki, 10 Noyabr bəyanatından bu günədək Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamalarda Dağlıq Qarabağı heç vaxt Azərbaycan ərazisi kimi qeyd etməyib. O, rəsmi Bakının Moskvaya qarşı sərt mövqe ortaya qoymasını, Rusiyanın son vaxtlar post-sovet ölkələrində nümayiş etdirdiyi aqressiv siyasətlə əlaqələndirib.

“Rusiya Müdafiə Nazirliyi ilk dəfə deyil belə bir bəyanatla çıxış edir. Sadəcə, Ukraynada baş verənlər həssaslığı artırıb. Belə məqamda bu cür açıqlamanın verilməsi, görünür artıq Azərbaycanın da səbrini daşırıb”, Şahin Cəfərli deyib.

Milli Məclisin üzvü Rasim Musabəyov isə Rusiya Müdafiə Nazirliyinin yazılı açıqlamasında yol verilən xətanı “erməni təxribatı”kimi şərh edib. O, fikrini erməni-əsilli zabitlərin Rusiyanın hərbi qərargahında yüksək vəzifə tutması ilə əsaslandırıb.

“Daha əvvəl də Rusiyanın dövlət saytlarında “Dağlıq Qarabağ Respublikasında tender elanı” kimi belə yaramaz ifadələr əks olunmuşdu. Məhz biz etiraz edəndən sonra onlar səhvlərini düzəltdilər. Ona görə də, Müdaifə Nazirliyinin sərt bəyanat verməsi başa düşüləndir. Çünki, bunların gözünə soxmayınca, geri çəkilmirlər”, Rasim Musabəyov BBC News Azərbaycancaya deyib.

Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan əraziləri boyunca “vəziyyətin gərginləşməsi”nin mümkünlüyü barədə Azərbaycan MN-nin bəyanatını BBC News Azərbaycancaya müsahibəsində şərh edən Rasim Musabəyov qeyd edilən gərginliyin nədən ibarət ola biləcəyinə aydınlıq gətirib. Onun fikrincə, Qarabağda yerləşdirilən sülhməramlıların təminatı məsələsində bir çox məsələlər Azərbaycandan asılıdır.

“Qidalardır və digər ehtiyac məhsullarıdır ki, sülhməramlılara Gəncədən təyyarə ilə çatdırılır. Və biz onları kəsə bilərik. Məhz Azərbaycan gərginləşmə dedikdə bunları nəzərdə tutur. Yəni elə edə bilərik ki, elə manelər yarana bilər ki, onlar bunun ağırlığını hiss edə bilərlər”, Rasim Musabəyov əlavə edib.

O, həmçinin bildirib ki, Azərbaycan tərəfinin açıqlaması Rusiya Müdafiə Nazirliyinin bəyanatına qarşı etirazdır və bu cür hadisələr Qarabağda yeni hərbi əməliyyatların başlamasına gətirib çıxarmayacaq. 

Rusiya Müdaifə Nazirliyi martın 7-də yaydığı bəyanatda “Dağlıq Qarabağdan Ukraynanın Kiyev və Zaporoje əyalətlərinə 14 ton zəruri məhsulların” göndərildiyini açıqlayıb. Azərbaycanın etirazı ilə bağlı qarşı tərəf hələlik açıqlama verməyib.

Azərbaycan və Rusiya 2022-ci ilin fevral ayında müttəfiqlik paktı imzalayıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla-Ermənistan sərhədində atışma nəticəsində bir erməni hərbçinin həlak olduğunu xəbər verib. Nazirlik Azərbaycan silahlı qüvvələrinin Ermənistan döyüş mövqelərini aramsız atəşə tutduğunu bildirib.

Azərbaycan isə Ermənistanı Azərbaycan ordusuna atəş açmaqda ittiham edib. Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədində və Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə mümkün təxribata dərhal cavab verilməsi barədə tapşırıq verib.

Dünən keçirdiyi müşavirə zamanı nazir döyüş hazırlığının yüksək səviyyədə saxlanması və praktiki məşqlərin keçirilməsi barədə göstərişlər verib. Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycan ordusunun atəşə tutulduğu bildirilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …