Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Azərbaycanda zoopark çoxdan ləğv olunmalı idi

Azərbaycanda zoopark çoxdan ləğv olunmalı idi

Böyük Britaniya hökuməti heyvanların zoopark və sirklərdə saxlanılmasını qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşır. Qanun layihəsinin Avropanın digər ölkələri tərəfindən dəstəklənəcəyi gözlənilir. Layihə müəllifləri hesab edirlər ki, heyvanların olduğu bütün sirklərdə bu və ya digər şəkildə onların hüquqlarının pozulması və onlara qarşı qəddar münasibət olub. Zooparklara gəldikdə isə, parlament üzvləri onları seçim qarşısında qoyacaqlar: ya zooparkların heyvan sığınacaqlarına çevrilməsi və ya bağlanması.

Elə Azərbaycanda heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar da bu qərarı ədalətli sayırlar. “Alliance” canlı aləmin mühafizəsi ictimai birliyinin təsisçisi Mənsurə Rəsulzadənin virtualaz.org-a bildirdiyinə görə, əslində zoopark və sirklər ekoloji antitərbiyənin nümayişidir:

“Zoopark və sirklərin ləğvi məsələsi bir neçə ay öncə ABŞ-da qəfəsə düşən uşağa yaxınlaşan qorillanın vurulmasından sonra başladı. Əslində qorilla uşağa yaxınlaşaraq onu qucaqlamışdı. Amma zoopark işçiləri qorillanı tüfənglə vurub öldürmüşdülər. Bu hadisə hamıya dərs oldu. Yəni zoopark heyvanlara qulluq deyil. Onları yadlaşdırmaq, asılı saxlamaq, ömürlük məhkum etməkdir. Bu qəddarlıqdır və sivil cəmiyyətə yaraşmaz. Dünya Heyvanların Mühafizəsi Təşkilatı bu məsələni daha da yuxarılara qaldırdı və bütün dünya nümayəndəlikləri bu məsələyə qoşuldular. Hazırda dünyada bir-birinin ardınca bütün zooparklar bağlanır. Bu hadisə də təsdiq etdi ki, zoopark qəddarlığın nümayişidir”.

M.Rəsulzadənin sözlərinə görə, zooparkların əvəzinə safari-park sisteminə keçmək daha düzgün olardı. Bu təbii mühitdə heyvanları saxlamaqla insanlar özləri qəfəslənmiş nəqliyyatla həmin mühitlə tanış ola bilərlər. O hesab edir ki, zoopark heç bir halda ekoloji tərbiyəni nümayiş etdirə bilməz, əksinə antitərbiyədir. Zooparka gələn uşaqlar elə bilir ki, heyvanlar onları əyləndirmək üçün yaradılıb.

M.Rəsulzadə hesab edir ki, Azərbaycanda da analoji qərar qəbul etmək olar:

“Azərbaycanda da zoopark və sirklər ləğv oluna bilər, əlbəttə əgər arzu varsa. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ 10 il əvvəl sərgilərdə Göygöldə belə bir safari-parkın inşa edildiyini bildirirdi. Amma hələ də belə park salınmayıb. Artıq fəaliyyətə keçmək lazımdır. Azərbaycanda zoopark çoxdan ləğv olunmalı idi. Çünki bu zoopark deyil, heyvanların gestapo sistemidir”, – deyə M.Rəsulzadə bildirib.

Qeyd edək ki, Britaniyada həmçinin heyvanların sirk nömrələrində istifadəsinin də birdəfəlik qadağan edilməsi nəzərdə tutulub. İlkin məlumata görə, qanun layihəsini Böyük Britaniya parlamenti üzvlərinin 98%-i dəstəkləyib. Bu qanun layihəsi Devid Kemeron tərəfindən 2012-ci ildə vəd edilsə də, söz olaraq qalmışdı.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın