Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanda yeni “5-ci kolon” formalaşır – DETALLAR

Azərbaycanda yeni “5-ci kolon” formalaşır – DETALLAR

Azərbaycanda “5-ci kolon” deyəndə əsasən Rusiya yönümlü qüvvələr nəzərdə tutulur. Amma İkinci Qarabağ müharibəsindən sonra fərqli reallıqların yaranması düşmən qüvvələrin ölkəmizdə yeni şəkildə format olunmasına gətirib çıxardı. Proseslərin təhlili göstərir ki, Azərbaycanda yeni “5-ci kolon” yaradılır və bu kolonun bazasını Rusiya ilə İran birlikdə, müştərək şəkildə formalaşdırır.

“5-ci kolon” nədir?

Xarici ölkələrin, xüsusilə, düşmən qüvvələrin ölkənin daxilində müxtəlif sahələrdə formalaşdırdığı terrorçular, casuslar, sabotajçılar və təxribatçılar ordusu “5-ci kolon” adlanır. Son aylarda ölkəmizdə baş verən hadisələr daxili və xarici qüvvələrin birgə çıxışının təzahürlərini açıq şəkildə ortaya qoyub.

Bəs, ənənəvi “5-ci kolon” niyə Rusiya və İranın birgə layihəsinə çevrildi?

İkinci Qarabağ müharibəsində sonra Azərbaycanın Qərbə və müasir inkişaf platformalarına inteqrasiyası daha qətiyyətli hal aldı. Azərbaycan Avropanın enerji-qaz təchizatında əsas alternativ kimi önə çıxdı və dünyada formalaşan yeni iqtisadi münasibətlər sistemi ölkənin manevr imkanlarını inqilabi şəkildə artırdı. Artıq Azərbaycan-Çin, Azərbaycan-ABŞ və Azərbaycan-Avropa münasibətləri müstəqil və yeni güc platrforması kimi təhlil olunur. Bu gün Azərbaycan Asiyadan tutmuş Amerikaya qədər hüdudsuz bir coğrafiyada öz maraqlarının müstəqil təminatçısı və ifadəçisi rolunda çıxış edir. Azərbaycan Avropanın cənub-şərq hissəsində, Balkan ölkələrində yeni qüvvə kimi təşəbbüsü ələ alıb. Balkan ölkərinin rəhbərlərinin çıxışları onu deməyə əsas verir ki, Avropanın enerji təhlükəsizliyinin əsas təmnatçısı yalnız Azərbaycan ola bilər. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır. Bu gün Azərbaycan Çindən ABŞ-a qədər təhlükəsiz inkişaf mühərrikinin əsas flaqmanına çevrilib. Şübhəsiz ki, bütün bu amillər Azərbaycan iqtisadiyyatının və ordusunun kosmik sürətlə gücləndirilməsini də şərtləndirir.

Ancaq belə bir şərait şimal qonşumuz olan Rusiyanın və cənub qonşumuzun, İranın maraqlarına cavab vermir. Rusiya və İran Azərbaycanın dünyadakı proseslərin əsas flaqmanına çevrilməsini öz maraqlarına zidd hesab edir. Daha sadə şəkildə ifadə etsək, onlara güclü yox, daha zəif və gücsüz Azərbaycan lazımdır. Rusiya ilə İranı Azərbaycana qarşı yeni formatda birləşdirən də əsas bu amildir.

Rusiya yönünlü “5-ci kolon”un uzun illər ölkəmizdə törətdiyi təxribatların fəsadlarını hələ də aradan qaldıra bilməmişik. Məsələn, hələ də istintaqı davam edən və cəmiyyətdə zəlzələ effekti verən “Tərtər cinayətləri” bu qüvvələrin ən “uğurlu” layihələrindən biridir. Rusiya yönümlü qüvvələrin siyasi rəhbəri Ramiz Mehdiyev və hərbi ultrası Nəcməddin Sadıqovun ölkə idarəçiliyindən və siyasi səhnədən tamamilə kənarlaşdırılması İkinci Qarabağ müharibəsinin mühüm nəticələrindən biri idi.

Ölkədə daxili gərginliyə hesablanan son arzuolunmaz hadisələrin əsas dirijorları da məhz Rusiya və İrandır! Nə üçün?

Zənnimcə, İran Azərbaycanla münasibətlərin pisləşməsinə planlı şəkildə getdi. Çünki İran diplomatiyasının min illik tarixi var və görürdü ki, Azərbaycan İsraildə səfirlik açmağı qəti qərarlaşdırıb, eləcə də İsrail-Azərbaycan münasibətləri qarşısıalınmaz şəkil alıb. İran bütün bunlardan əvvəldən xəbərdar idi və o, bu prosesləri boş buraxa bilməzdi. Ona görə də Azərbaycanın İrandakı səfirliyinə hücum və sərhəddə hərbi gücün reklamını cənub qonşumuzun əzələ nümayişi hesab etmək olar. Tehran başa düşür ki, biz Azərbaycandakı bəzi dini qruplaşmaların İrana bağlı olduğunu dəqiq bilirik. Bu konteksdə əsasən üç istiqamət diqqət çəkərək görünür: dini-ideoloji, kriminal-narkotik və sosial şəbəkələr… Amma bizim bildiyimiz başqa bir həqiqət də var ki, İran tərəfdarları təkcə dini cəmaedə deyil, digər və strateji sahələrdə də var. İranın ölkəmizdəki əsas “massa”sı dindarlar olsa da, ölkəmizdə özünə görünməyən qüvvələr də formalaşdıra bilib.

Düşünürəm ki, Rusiyanın başı Ukraynadakı müharibəyə qarışsa da, Qafqaza olan diqqətini də azaltmayıb. Rusiya xüsusi xidmət orqanları regionu və Azərbaycanı yaxşı tanıyır, Kremlin istənilən tarixi şəraitdə müxtəlif və alternativ hazır planları var. Qarabağda, Gürcüstanda və Ermənstanda baş verən hadisələr göstərir ki, Rusiya əsas gücünü Şərqi Avropaya yönəldib Ukraynanı bombalasa da, amma Qafqazda da səssiz fəaliyyətdədir.

İranla münasibətlət o qədər pisləşdi ki, Azərbaycan daxildə “casus” adı altında dindarlara qarşı əməliyyatlara start verdi və nəticədə 200-dən artıq dindar saxlanıldı. Biz, ictimaiyyət nümayəndələri bu dindarların İran casusu olduğunu olduğunu qəti şəkildə deyə bilmərik. Bu şəxslərin hansı səbəbdən saxlanılması ilə bağlı istintaq orqanları tərəfindən hər hansı bir açıqlama da verilməyib. İranın Azərbaycanda dindarların həbsinə səssiz qalması daha çox diqqət çəkir. Bəlkə elə həqiqi casuslar bu yolla gizlədilir? Bəlkə elə son hadisələr, Azərbaycanda din xəttinə olan zərbələr İranla Rusiyanın birgə layihəsidir?!

Nələr baş verdi?

İranda yaşayan azərbaycanlı xainlər Tovhid İbrahimbəyli, Orxan Məmmədov, Ruhulla Axundov və digərlərinin “Kərimə” dövləti xülyalarının şiddətli hal alması və ölkəmizdə deputatın güllələnməsi iki ölkə arasındakı münasibətləri xaotik çərçivəyə saldı. Mart ayında ölkədə nümayişkəranə cinayətkarlığın artmasını daxili və xarici qüvvələrin Azərbaycanda sistemin möhkəmliyini test etmək addımı da adlandırmaq olar.

Ancaq daha sonra, aprel ayından etibarən diplomatik danışıqlar başladı. Bu istiqamətdə ilk addımı İranın atdığını hesab etmək olar. Çünki Azərbaycan baş verən hadisələrlə bağlı qətiyyətli mövqe tutmuş və hesabat tələb edirdi.

Hesab edirəm ki, ölkədə yeni formatda şəkillənən “5-ci kolon” əvvəlki kimi effektli ola biləcəyini düşünmür. Çünki onların “ana bazası” 2019-cu ildə dağıdıldı, ölkədə sabotajçılığa sərmayə üçün saxladıqları kapital, müxtəlif rıçaqlar əllərindən alındı, özləri də mühüm mövqelərdən kənarlaşdırıldılar. İndi onların sahibsiz qaldığını deyə bilərik, amma bu qüvvələrin yeni şəkildə format olunmasını da nəzər nöqtəsindən kənarda qoya bilmərik.

Biz dəqiq bilirik ki, baş verən hadisələrə Rusiyanın səsiz qalması bütün bu məsələlərdə İranla-Rusiyanın maraqlarının üst-üstə düşməsi ilə bağlıdır. Rusiya Qarabağ amili istisna olmaqla, Azərbyacanda ciddi şəkildə zəiflədiyini, İranın isə burada müxtəlif dayaqlara malik olduğunu anlayır. Bu səbəbdən “qüvvələrin birləşdirilməsi” təsadüfi hal hesab oluna bilməz.

Müəllifdən Samir Feyruzovdan P.S. Bu yazı “5-ci kolon”a yeni, İran və Rusiya kontekstində şərh olunan və ölkə mediasında dərc olunan ilk məqalədir. “5-ci kolon”un bu dəfə İran və Rusiyanın müştərək layihəsinə çevrilməsinin yeni detalları barədə məqalələrimizin davamlı olacağında qərarlıyam. Prosesləri də izləyirik…

Samir Feyruzov

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …