Ana səhifə / Siyasət / Azərbaycanda və Ermənistanda eyni vaxtda ali hakimiyyət seçkiləri tam fərqli siyasi nəticələr doğurdu

Azərbaycanda və Ermənistanda eyni vaxtda ali hakimiyyət seçkiləri tam fərqli siyasi nəticələr doğurdu

Bir-birilə münaqişə vəziyyətində yaşayan iki qonşu Cənubi Qafqaz ölkəsi üçün hazırda yaşadığımız aprel ayı əlamətdar oldu. Ancaq bu əlamətdarlıq hər iki ölkənin hakimiyyəti üçün eyni taleyi yaşatmadı. Ermənistanda və Azərbaycanda məhz bu ayda yeni hakimiyyətin formalaşması prosesi baş tutdu.
Məlum olduğu kimi, Azərbaycanda seçkilərin vaxtı oktyabrda nəzərdə tutulurdu. Bir sıra faktorları nəzərə alan Azərbaycan hakimiyyəti ölkədə vaxtından əvvəl prezident seçkiləinin keçirilməsi ilə bağlı qərar qəbul etdi. Nəticədə Azərbaycanda prezident seçkilərinin keçirildiyi tarix Ermənistandan qabağa düşdü. Ermənistanda isə bu dəfə prezidenti xalq yox, parlament seçirdi. Əvvəlcədən ssenarisi qurulmuş bu hadisə Sarkisyanın hakimiyyətdə qalmasına hesablanmışdı. Ermənistan Konstitusiyasına edilən dəyişikliyə görə, bu dəfə seçiləcək prezident simvolik bir məna kəsb edirdi. Bütün hakimiyyət baş nazirin əlində çəmləşirdi. Serj Sarkisyanın partiyası parlamentdə dominant gücə sahib olduğu üçün, onun üçün hakimiyyətdə qalmaqla bağlı növbəti ssenarini həyata keçirmək böyük bir əziyyət tələb etmirdi. Azərbaycanda və Ermənistanda keçirilən seçkilər, onların nəticəsi və sonra yaşananlar arasında paralel aparmaq üçün, əvvəlcə ölkəmizdə baş tutan seçkiyə diqqət edək. Ölkəmizdə seçki tam demokratik müstəvidə keçdi. Əksər beynəlxalq təşkilatlar seçkinin nəticələrini tanıdı. Nəticə etibarilə İlham Əliyev böyük səs çoxluğu ilə yenidən ölkənin Prezidenti seçildi. Xalqın isə nəticələrə verdiyi reaksiyası maraqlı oldu. Azərbaycan xalqı bu nəticəni sevinclə, toy-bayramla qeyd etdi. Bakının və respublikanın küçələrində həmin qələbənin şəninə el şənliklərı təşkil olundu. Ermənistan parlamentində Armen Sarkisyanın prezident seçilməsi çox rahat şəkildə baş tutdu. Çünki xalq bilirdi ki, həmin vəzifə simvolik məna kəsb edir. Buna görə də kütləvi etirazlar edilmədi. Ancaq Serj Sarkisyanın yenidən hakimiyyəti ələ keçirmək cəhdinə xalq üsyanla cavab verdi. Təxminən 10 gün davam edən etirazlara tab gətirə bilməyən S.Sarkisyan könüllü şəkildə istefa verdi. İki qonşu ölkədə, demək olar ki, eyni vaxtda baş tutan seçkilərə xalqın verdiyi fərqli reaksiya nə ilə bağlıdır?

Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bizdəki və onlardakı şərtlər tam fərqli olduğuna görə belə mənzərələr ortaya çıxıb: “Bu baxımdan da hər cür müqayisə qüsurludur, ortaq qiymətləndirmə mümkün deyil. Seçicinin hakimiyyətə verdiyi qiymət onun işi ilə bağlı olur. Bu gün Azərbaycanda görülən işlərlə Ermənistandakı vəziyyət müqayisəolunmazdır. Bura ordu quruculuğunu, iqtisadi islahatların aparılmasını aid edə bilərik. Bizim işlərimiz göz qabağındadır. Ermənistan iqtisadi cəhətdən 95 faiz, hərbi cəhətdən isə 99 faiz Rusiyadan asılıdır. Sarkisyan dövründə yürüdülən siyasət tam şəkildə iflasa uğrayıb. İndiyə qədər Qarabağ kartı ilə hakimiyyətdə olan Sarkisyan da milləti zəlil günündə saxlamışdı. Ölkədə heç bir inkişafdan söhbət belə gedə bilməzdi. Xalq anladı ki, Dağlıq Qarabağ məsələsində də əldə olunan müvəqqəti uğurun sonu yoxdur. Çünki hər hansı formada olursa-olsun, Azərbaycan torpaqları azad edəcək. Ermənistanda ciddi şəkildə kasıblıq, qarşıdurma vardı. Bütün bunlar xalqın etirazına təzahür etdi. Burda söhbət tək Sarkisyanın şəxsiyyətindən getmir. Söhbət Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin erməni xalqı tərəfindən qəbul edilməməsindən gedir. Bu mənada Ermənistanda baş verən hadisə gözlənilən idi. Azərbaycanda seçkinin nəticələrinə isə xalq çox normal reaksiya verdi. Seçkidən sonra hakimiyyətin atdığı addımlar bir daha sübut edir ki, ciddi islahatların aparılacağı gözlənir. Bura reallaşan kadr təyinatlarından tutmuş, digər məsələləri də aid edə bilərik. Xüsusilə də reallaşması nəzərdə tutulan “Strateji yol xəritəsi”nin davam etdirilməsi onu göstərir ki, Azərbaycan xalqının belə razı davranması da həmin işlərin reallaşacağına inamdan irəli gəlir. Məhz bu səbəbdən də iki ölkədəki fərqli reaksiyalar açıq-aydın özünü büruzə vermiş olur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …