Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycanda müsəlmanları siyasiləşdirmək taktikası da fiaskoya uğradı – 10 mart aksiyası…

Azərbaycanda müsəlmanları siyasiləşdirmək taktikası da fiaskoya uğradı – 10 mart aksiyası…

Növbəti prezident seçkilərinin keçirilməsinə bir aydan da az vaxt qalıb. Seçkilərlə bağlı işlər öz qaydasında gedir. Yalnız bir qrup radikal müxalifət partiyası seçkilərdəki məğlubiyyətlərini əvvəlcədən bildikləri üçün, yayındırıcı taktikaya əl ataraq, guya seçkilərin boykot olunması taktikasını seçiblər. Əslində, radikal müxalifət bu taktikadan bir neçə dəfə istifadə edib və heç bir real nəticə əldə edə bilbəyib. Bəllidir ki, boykot böyük elektorata malik olan siyasi təsisatın taktikası kimi ortaya atılsa, hansısa nəticəni verə bilər.
Bunun nəticəsində böyük auditoriya həmən qərara əməl edər və seçki prosesi iflasa uğrayar. Azərbaycandakı radikal müxalifət kəsiminin belə gücə malik olmaması boykotun da onların əlində oyuncaq vasitəsinə çevrildiyini söyləməyə tam əsas verir. Ancaq buna baxmayaraq, həmin qüvvələr bu uğursuzluqlarını müxtəlif vasitələrlə kompensasiya etməyə cəhd edirlər. Guya çıxış yolunu seçkiqabağı dönəmdə ölkədə etiraz aksiyalarını təşkil etməkdə görüblər. Azərbaycan hakimiyyəti özünə tam arxayın olduğunu bir jesti ilə nümayiş etdirib. Həmin qüvvələrə şəhərin lap mərkəzində etiraz aksiyası keçirmək üçün yer ayırıb, hətta mitinqin mühafizəsini də təşkil edib. Martın 10-da müxalifətin boykotçu qanadı ilk siftəsini etdi.

Müxalifətin radikal qanadında təmsil olunan 6 siyasi qüvvə – AXCP, Milli Şura və Müsavat Partiyası, “Nida”, Müsəlman Birliyi Hərəkatı və AXP-nin birgə keçirdikləri mitinqin növbəti dəfə də fiasko ilə nəticələnməsi bir daha sübut etdi ki, destruktiv düşərgənin sosial bazası yoxdur. Mitinq öncəsi radikallar aksiyanı ümummüxalifət adlandırsalar da, “Məhsul” stadionuna azsaylı təşkilat üzvlərinin yığılması düşərgə daxilində ciddi kataklizmlərin yaşandığını göstərdi. Verilən məlumatlarda bildirilir ki, mitinqdə cəmi 1500 adam iştirak edib. Sadə riyazi hesablama apardıqda və iştirakçıları qurumların arasında bərabər böldükdə məlum olur ki, mitinqin təşkilində iştirak edən hər qurum ora cəmi 250 adam çıxara bilib. Özünü demokratik dəyərlərin təmsilçisi sayan həmin qüvvələr cəmiyyətdəki islam meylli insanları da öz ətraflna çəkmək taktikasından istifadə etməyə can atırlar. Əslində, bu tendensiya uzun müddətdir müşahidə edilir. Ən azından, həmin partiyaların liderlərinin özünü Müsəlman Birliyi adlandıran qurumun həbs edilmiş radikal fəallarının məhkəmələrindəki iştirakı və bununla bağlı onlara tam dəstək ifadə etmələri bunları sübut edən faktor sayıla bilər. İtirilmiş elektoratı inanclı insanların hesabına kompensasiya etmək üçün, həmin qüvvələr din faktorundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Ancaq ortaya maraqlı mənzərə çıxır. Ölkə əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyi bir halda, müsəlmanların təmsilçisi kimi özünü qələmə verən qurum ortaya 250 nəfər adam çıxara bilir. Sadə bir paralel aparmaq yerinə düşər. Bunun üçün Bakıda olan məscidlərdən birində keçirilən Cümə namazı zamanı hansı sayda insanın iştirakına diqqət yetirmək gərəkdir. Ən azı, mitinqdəkilərin ümumi sayından dəfələrlə çox insan həmin ayinin icrasına qatılır. Bu hal bir daha sübut edir ki, bəzi siyasi partiyaların inanclı insanları kütləvi şəkildə siyasiləşdirmək taktikası tam fiaskoya uğrayıb.

Uzun illərin siyasi mübarizəsi göstərir ki, ənənəvi müxalifəti təmsil edən liderlərə ictimai inam, demək olar ki, yoxdur. Təbii ki, bunun başlıca səbəbi onların 25 illik uğursuzluğu ilə əlaqədardır. Amma həmin adamlar sanki siyasəti özləri üçün oyuncaq vasitəsinə çeviriblər. Biabırçı vəziyyətə düşmələrinə baxmayaraq, siyasi arenanı da tərk etmək istəmirlər. Bunu görən xalq onları ciddi qəbul etmir və təbii ki, kütləvi müxalifləşmədən yan keçir. Bura iqtidarın əldə etdiyi nailiyyətlərin də təsirini əlavə edə bilərik.
Bəli, bu gün müxalifəti öz arxasınca apara biləcək siyasi lider yoxdur. Belə iddialardan olanlardan biri Əli Kərimlidir. O, Milli Azadlıq Hərəkatının bazası əsasında siyasi partiyaya çevrilən AXCP-nin sədridir. Sonradan Əbülfəz Elçibəyin rəhbərlik etdiyi nəhəng bir siyasi təşkilatın rəhbəri olub. Yəni böyük bir siyasi mirasa sahiblənsə də, böyük nailiyyəti həmin partiyanın 20 yerə parçalanmasına nail olmaq olub. Əli Kərimli öz prinsiplərinə müxalifətin ümumi maraqlarından üstün yanaşdığı üçün, bu gün, sadəcə, ambisiyalarını hər şeydən üstün tutan bir siyasətçi kimi xarakterizə olunur.

Müsavat Partiyasına gəldikdə isə, həmin qurum, demək olar ki, can vermək ərəfəsindədir. Son illər ərzində onu siyasi proseslərin fövqündə saxlayan təbliğat ruporları əlindən çıxıb. Partiyanın sədri olan İsa Qəmbərin istefasından sonra Müsavatdan kütləvi qopmalar oldu. “Partiyanın qaymaqları”nın yeni seçilən və İsa Qəmbərin öz varisi kimi təqdim etdiyi Arif Hacılıya mənfi münasibəti yeni başqanın liderə çevrilməsinə imkan vermir.
Pənah Hüseynin sədrlik etdiyi AXP isə bir portfel və bir sədrdən ibarət təsisatdır. Yalnız mövsümdən-mövsümə peyda olur. Partiyalaşma mərhələsini keçməyi bacarmayan bir qurumun siyasi proseslərin önündə durması isə qeyr-mümkün olan məsələdir.
“Nida” adlı gənclər təşkilatı isə son illər ərzində özünü yalnız lağ obyektinə çevirə bilib. Bu təşkilata rəhbərlik edən bəzi şəxslərin özləri kənarda qalsalar da, bir qrup üzvlərinin gənclik çılğınlığından istifadə edib onları qanunsuz əməllərin törədilməsinə yönəldə bilmişdilər. Nəticədə həmin qurumun bir neçə gənc üzvü həbsə salındı. Yalnız bundan sonra proseslərə obyektiv qiymət verməyi bacaran həmin gənclərin böyük əksəriyyəti Prezidentdən əfv olunmağı xahiş etdilər. Ölkə başçısı böyük humanistlik göstərərək həmin gəncləri əfv etdi. Onların əksəriyyəti hazırda “Nida” adlı təşkilata qarşı antoqonist mövqedə dayanırlar. Hətta bir çox polemikalarda əvvəllər təmsil olunduqları təşkilat barədə ironik ifadələr işlədirlər, onun adına “apostrof”, “sual” və başqa qrammatik ifadələr qoymaqla lağ edirlər. Dəqiq məqsədi və məramı bilinməyən bu təşkilat da hazırda cəmiyyət arasında heç bir nüfuza malik deyil. Ən azından, ölkədə fəaliyyət göstərən digər gənclər təşkilatları ilə “Nida”nın müqayisə olunması bizə maraqlı nəticə ortaya qoya bilər. “Nida”nın ümumi üzvlərinin sayı həmin gənclər təşkilatının heç bir özəyinin sayı qədər deyil.

Müsəlman Birliyi adlı hərakata gəldikdə isə, tam məsuliyyətilə demək olar ki, bu qurum islam, din adı ilə insanların duyğusal hissləri ilə oynayıb, onları öz əlində alətə çevirmək istəyir. Ancaq insanlar bunu yaxşı anladıqları üçün, onların ətrafında birləşmirlər. Sözügedən hərəkatın liderlərinin Azərbaycanda nələri tələb etdiyi, hansı qarşıdurmanı yaratdığı, başqa ölkələrin dini liderlərinin əlini açıq şəkildə öpmələri göz önündədir. Azsaylı “molla-siyasilərdən” ibarət olan bu qurum yalnız hansısa ölkələrin idarə edə bildiyi, “vitrində” görünən saydakı radikallardan ibarətdir. Həmin adamlar nə dini xadim kimi xadimdirlər, nə də siyasətçi kimi siyasətçi. Radikal hisslərini açıq büruzə verən həmin elementlərin imkan olduğu təqdirdə Azərbaycanı qan gölünə çevirməkdən başqa qayələri yoxdur.
Ən maraqlısı isə budur ki, radikal düşərgəni təmsil edən bu 6 təşkilatı bir-birindən fərqləndirən hansısa cəhət, platforma yoxdur. Cəmiyyət məhz bunu ayırd edə bilmədiyi üçün, istirahət günlərində ticarət mərkəzlərinə və başqa əyləncə yerlərinə getməyi mitinqdən üstün tutur. Aydın taktikası, strategiyası olmayan həmin qurumların hansı sayda olmasından asılı olmayaraq, bir araya gəlməsi və mütəşəkkil birliyə çevrilməsi mümkünsüzdür. Bu yalnız ötəri hisslərin söndürüldüyü bir kiçik toplantı rolunu oynaya bilər.

Azərbaycan vətəndaşları dünyada baş verən prosesləri diqqətlə izləyirlər. Onlar stabilliyin olmadığı ölkələrdəki vətəndaşların hansı vəziyyətə düşdüklərini aydın sezirlər. Vətəndaşlarımız bilirlər ki, bizim ölkədəki əminamanlığın, stabilliyin təminatçısı indiki hakimiyyətdir. Onu da gözəl anlayırlar ki, radikal müxalifətin iddiaları bu ölkədəki stabilliyi poza bilməz. Ən azından, hakimiyyətin formalaşması üçün təşkil olunan demokratik seçkidən boyun qaçıran, siyasi mübarizə üsullarını başqa vasitələrdə axtaran təşkilatlardan yaxşı nəsə gözləməyə dəyməz. Onların başlıca istəkləri budur ki, hakimiyyəti qeyri-demokratik üsullarla ələ keçirsinlər. Cəmiyyətimiz isə stabilliyin təminatçısı olan iqtidarın destruktivliyə meylli olan radikallarla əvəz olunmasını istəmir. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …