Ana səhifə / Siyasət / Azərbaycanda kazinoların bərpası… – YAP-dan artan təkliflərə reaksiya

Azərbaycanda kazinoların bərpası… – YAP-dan artan təkliflərə reaksiya

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zamanı təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın: “Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir”.

Deputatın təklifi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Q.Həsənquliyevin öz həmkarı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu təklifə qarşı çıxıb.

Mia.az xəbər verir ki, S.Novruzov bununla bağlı Modern.az saytına açıqlamasında deyib:

“Hələ uzun müddət əvvəl kazinolar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən çox düzgün olaraq qadağan edildi. Həmin dövrdə də qeyd olunmuşdu ki, bu, bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil.

Hazırda Türkiyə kimi dövlətin özündə də kazinoların hamısı ləğv olunub. Ölkədə bir dənə də olsun kazino fəaliyyət göstərmir. İstisna olaraq Şimali Kipr Türk Cümhuriyyətində kazino var. Ora da yalnız xarici vətəndaşların daxil olması və oyun oynamasına icazə verilir. Kiprin öz vətəndaşlarına kazinoda qumar oynamaq qadağandır. Bundan başqa, 2000-ci ildə Rusiyada da kazinolar ləğv edilib”.

S.Novruzov bildirib ki, Qüdrət Həsənquliyev ölkəyə gəlir gətirməsi, turizmin inkişafı nöqteyi-nəzərindən bu məsələni qaldırıb:

“Amma mən özüm dəfələrlə Çin kimi böyük dövlətdə olmuşam. Hətta dünyanın aparıcı ticarət mərkəzlərindən olan Şanxayda da kazino yoxdur. Bu ölkələr həm öz ölkələrinin mənəvi dəyərlərini, həm də onların əlindəki vəsaitləri qorumaq üçün bu addımı atıblar. Ola bilər ki, Azərbaycandan 3-5 , 50-100 adam Gürcüstanda, Şərqi Avropada və s.də kazinoya gedərək vaxtını keçirir. Bu başqa bir şeydir. Amma kütləvi şəkildə Azərbaycanda kazino fəaliyyətini məqbul saymıram.

Xatirimdədir, 1990-cı illərdə Azərbaycanda kazinoların fəaliyyəti dövründə bir çox insanlar evini, avtomobilini, mağazasını satıb qumara qoyurdu. Bu baxımdan Azərbaycanda belə bir şeyin olması düzgün deyil”. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın